AZ

NAXÇIVANDA İQTİSADİYYATI TARİXÇİYƏ TAPŞIRDILAR – Sədr seçə bilməyən Naxçıvan Ali Məclisində daha bir absurd qərar qəbul olundu

Xəbər verdiyimiz kimi, sentyabrın 30-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin payız sessiyasının ilk iclası keçirilib.İclasda Ali Məclisin komitələri sədrləri, sədr müavinləri və komitə üzvləri seçilib.Deputalardan Əjdər Əliyev Hüquq siyasəti komitəsinin, Emin Şıxəliyev İqtisadi siyasət komitəsinin, Nuray Əliyeva Sosial siyasət komitəsinin, Ülkər Bayramova isə Humanitar siyasət komitəsinin sədrləri seçiliblər.Kamil Şükürov Hüquq siyasəti komitəsinin, Mübariz Bayramov İqtisadi siyasət komitəsinin, Azad Novruzov Sosial siyasət komitəsinin, Əziz Qasımov Humanitar siyasət komitəsinin sədr müavinləri təsdiqləniblər.Sədr seçə bilməyən yeddinci çağırış Ali Məclisin deputatları komitə sədrləri və müavinlərinin seçkisini də yarıtmayıblar."DogruXeber.az" “TNS.az-a istinadən ” xəbər verir ki, Ali Məclisin İqtisadi siyasət komitəsinin sədri seçilən Emin Şıxəliyev tarixçidir. O, Ankara Universitetinin Dil və tarix-coğrafiya fakültəsini bitirib. Tarix elmləri doktoru Emin Şıxəliyev 2005-2023-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun “Qafqaz tarixi” şöbəsinin müdiri vəzifəsində çalışıb. 2023-cü ildən Naxçıvan Dövlət Universitetinin “Beynəlxalq münasibətlər” kafedrasında tam ştat müəllim olaraq fəaliyyətini davam etdirir.Emin Şıxəliyev yaxşı alim, dəyərli ziyalıdır. Ancaq onun Ali Məclisin İqtisadi siyasət komitəsinin sədri seçilməsi absurddur. Emin Şıxəliyev bir gün də olsun iqtisadi sahədə çalışmayıb. Ali Məclisin İqtisadi siyasət komitəsi muxtar respublika büdcəsinin müzakirə olunduğu, büdcəyə rəy verildiyi komitədir. Bu komitəyə bir iqtisadçı rəhbərlik etməlidir. Deputatların sırasında vaxtilə Ali Məclis Aparatının İqtisadiyyat şöbəsinin müdiri vəzifəsində çalışmış Rafiq Novruzov kimi iqtisadçılar var. İqtisadi siyasət komitəsinin sədr müavini Mübariz Bayramov uzun illər Nazirlər Kabineti Aparatının İqtisadiyyat, Aqrar məsələlər və ekologiya şöbələrinə rəhbərlik edib. Onların deyil, tarixçi Emin Şıxəliyevin İqtisadi siyasət komitəsinin sədri seçilməsi Ali Məclis rəhbərliyinin səriştəsizliyinin nəticəsidir.Ali Məclisin Humanitar siyasət komitəsinin sədri hüquq təhsilli, Naxçıvanın sabiq ombudsmanı Ülkər Bayramova yox, Emin Şıxəliyev olmalı idi. Çünki deputat Şıxəliyev elm, təhsil adamıdır, o, bu komitəyə daha uğurla rəhbərlik edə bilərdi.Ali Məclisin deputatı seçilmiş Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov kimi təcrübəli kadrın Sosial siyasət komitəsinin sədr müavini, AMEA Naxçıvan Bölməsinin şöbə müdiri vəzifəsində çalışmış, filologiya üzrə fəlsəfə doktoru Nuray Əliyevanın isə həmin komitənin sədri seçilməsi də məntiqli deyil.Göründüyü kimi, bu deputatların Naxçıvan Ali Məclisinin komitə sədrləri və müavinləri seçilməsi ali qanunverici orqanın səmərəli fəaliyyət göstərməsinə hesablanmayıb. Bu qərar kimlərinsə marağının təmin olunmasına hesablanıb.Başqa nə gözlənilirdi ki...Konstitusiyanı kobud şəkildə pozub sədr seçməyən, Naxçıvanda 5 il daimi yaşamayan, Ali Məclisin sədri seçilməsini konstitusiya qadağan edən deputatın ali vəzifəli şəxsin səlahiyyətlərini icra etməsinə imkan verən deputatlar elə belə də komitə sədrləri seçməli idi.

Seçilən
61
3
dogruxeber.az

4Mənbələr