AZ

Pavel Şafranko: “Bu çox çətin sualdı, indidən nəsə deyə bilmərəm”

"Sabah"ın hücumçusu Pavel Şafranko Sport24.az-a müsahibə verib. "Qarabağ"la oyunda komandasının qollarından birinin müəllifi olan slovakiyalı Ağdam təmsilçisi ilə matç barədə danışmaqla yanaşı, bizi maraqlandıran başqa sualları da cavablandırıb.
 
- Öncə "Qarabağ"a 2:3 hesabı ilə məğlub olduğunuz oyunla bağlı fikirlərini bilmək istərdik...
- İlk 15 dəqiqədə çox bərbad təsir bağışladıq. Rəqib 3 top fərqi ilə irəli çıxdıqdan sonra geridönüş etmək çox çətindir. Buna baxmayaraq, özümüzdə güc tapıb xarakter göstərdik və iki qol vurmaqla fərqi minimuma endirdik. Bərabərlik qolu vurmaq üçün bir neçə yüz faizli qol imkanları olsa da, son nöqtəni qoya bilmədik. Məncə, məğlub olsaq da, mübarizə əzminə görə komandamız xoş sözlərə layiqdir.
 
- Ağdamlılarla görüşdə fərqlənsən də ardını gətirə bilmədiz...
- Qol vurmağıma görə sevincli, eyni anda da məyusam. Çünki vurduğum qol komandamı məğlubiyyətdən xilas etmədi.
 
- Son nöqtəni qoya bilməməyinizin səbəbi nə oldu?
- Həm futbolda, həm də həyatda acı reallıqlardan biri də odur ki, əlinə düşən yüz faizli fürsətləri  bəzən boşa verir, yaxud da şanssızlığın qurbanı olursan. Qarşıdakı turlarda qol imkanlarımızdan maksimum  yararlanmağa çalışacağıq. İstənilən halda məyus olmamalı və irəli baxmalıyıq.
 
- "Sabah"a yayda qoşulmusan. Artıq komandaya tam uyğunlaşdığını düşünmək olar?
- Adaptasiya prosesini uğurla arxada qoyduğumu deyə bilərəm. Nəinki komandaya, hətta Azərbaycandakı yaşam standartlarına da uyğunlaşmışıq. Özüm və ailəm Bakıda yaşamağımızdan məmnunuq.
 
- Necə düşünürsən, "Sabah" belə oyunla mükafatçılar sırasında yer ala biləcək?
- Bu çox çətin sualdı, indidən nəsə deyə bilmərəm. Amma bir faktı əminliklə deyim ki, məşqçilər korpusu, oyunçular, tibb personal – bir sözlə bütün "Sabah" camiəsi komandanın yüksək yerlərdə qərarlaşması üçün əlindən gələni edir.  
 

Seçilən
53
sport24.az

1Mənbələr