AZ

Rusiya ordusunda şəxsi heyət çatışmazlığı: Cinayətkarlar müharibəyə CƏLB OLUNURLAR

Rusiya Prezidenti Vladimir Putin hərbi xidmətdə olan təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi haqqında qanun imzalayıb. Bu barədə sənəd hüquqi aktların rəsmi nəşr olunduğu saytda yerləşdirilib. Qanun Rusiya Federasiyasının Cinayət və Cinayət Prosessual Məcəllələrinin müddəalarını tamamlayır. Qanunvericilik təşəbbüsünün müəllifi Ali Məhkəmə olub.

Qanun səfərbərlik dövründə hərbi xidmət keçən və ya Rusiya Müdafiə Nazirliyi ilə müqavilə bağlamış təqsirləndirilən şəxsləri məhkəmə icraatı mərhələsindəki cinayət məsuliyyətindən azad etməyə imkan verəcək. Həmçinin təqsirləndirilən şəxslər səfərbərlik, hərbi vəziyyət və müharibə dövründə hərbi xidmət keçmək üçün müqavilə bağlaya bilərlər.

V.Putinin imzaladığı qanun, Rusiya ordusundakı vəziyyəti Medianews.az-a şərh edən hərbi ekspert Elxan Şirəliyev bildirib ki, Kreml rəhbərinin atdığı son addım şəxsi heyətin komplektləşdirilməsinə yönəlmiş qərardır.

Onun sözlərinə görə, hazırda Rusiyadan kifayət qədər cinayət məsuliyyətinə cəlb edilmiş vətəndaşlar var və bu qərardan sonra onlar müharibədə iştirak etməklə üzərlərindəki cinayət məsuliyyətinin götürülməsinə çalışacaqlar: “Rusiyada cinayət məsuliyyətinə cəlb olunmuş həmin insanlar sonradan heç bir yerdə işlə təmin olunmurlar. Bu da onlara problem yaradır. Orduya qatıldıqda isə cinayət məsuliyyətləri üzərlərindən götürülür, eyni zamanda müqavilə bağlayaraq, ödənişli hərbi xidmətə cəlb olunurlar. Həmçinin bilirlər ki, müharibə zamanı başlarına nə isə gəlmiş olsa ailələri təzminat alacaq. Buna gəlir mənbəyi kimi də baxırlar. Orduya şəxsi heyəti həm səfərbərliklə, həm də müqavilə əsasında cəlb etmək mümkündür. Rusiyada maliyyə qarşılığında müqavilə əsasında orduya şəxsi heyətin cəlb edilməsi çox cazibədar görünür. Həm cəzaçəkmə məntəqlərində olan, həm də şərti məhkumluğu olan bir çox şəxs artıq bununla bağlı aidiyyəti qurumlara müraciət edəcəklər. Müharibə şəraiti olduğu üçün cinayətkarların sonrakı davranışları hələ hesablanmır. Ortalama götürsək, Rusiyanın müharibədə gündəlik 600-1000-ə yaxın şəxsi heyət itkisi var. Çox güman ki, Rusiya silahlı qüvvələrinin son zamanlar hücumları şəxsi heyətin sayı hesabınadır. “Mərmi yemi” deyilən bir anlayış üzərinə müharibə aparırlar”.

Ekspert qeyd edib ki, Rusiya Ukrayna ərazisindəki hücumlarını məhz şəxsi heyətin sayı hesabına həyata keçirdiyi üçün cinayət məsuliyyətinə cəlb olunmuş vətəndaşlarını da orduya cəlb edir, silahlı qüvvələrdəki şəxsi heyət çatışmazlığını, çarəsizlik sindromunu bu yolla aradan qaldırmağa çalışır: “Cəzaçəkmə məntəqələrində çoxsaylı insanı saxlamaqdansa, belə deyək, dövlətin təminatında onları qorumaqdansa, müharibə vəziyyətində bütün keçmişlərini sıfırlayıb döyüşə cəlb etdirir. Onların sağ qalıb-qalmayacaqları məlum deyil. Müharibədən sonra sağ qalanları keçmişlərinə görə nəzarətə götürmək çətin olmayacaq. Yəni, bir çıxış yolu kimi Rusiya bu qərarı qəbul edib ki, özünün sahədəki şəxsi heyət komplektləşdirməsini həyata keçirmiş olsun. Lakin məsələ burasındadır ki, müharibədən sonra sağ qalan cinayətkarların cəmiyyətə qarışdığı zamanlar böyük fəsadlar ortaya çıxır. Amma indi Rusiya keçici olaraq müharibə dövrü üçün silahlı qüvvələrin çatışmayan hissəsini bu formada doldurmağa çalışacaq. Gələcəkdə üzə çıxa biləcək fəsadlara qarşı, çox güman ki, əlavə qanunlar qəbul etmək məcburiyyətində qalcaqlar”.

Seçilən
91
50
musavat.com

10Mənbələr