AZ

Şuşanın azadlığı uğrunda döyüşdə şəhid olan Vətən Müharibəsi Qəhrəmanı

İşğal altında olan torpaqlarımızın azad olunması uğrunda qəhrəmanlıqla döyüşərək şəhid olan qəhrəmanlarımızdan biri də kapitan Surxay Əbdül oğlu Noçuyevdir.
 
Surxay Noçuyev 19 dekabr 1988-ci ildə Zəngilan rayonunun Məmmədbəyli kəndində anadan olub. Surxay Noçuyev 1995–2002-ci illərdə Xarici Dillər Təmayüllü Gimnaziyada təhsil alıb. Uşaqlıqdan hərb sənətinə böyük maraq göstərən Surxay Noçuyev 2003–2006-cı illərdə təhsilini Cəmşid Naxçıvanski adına Hərbi Liseydə davam etdirib. Surxay Noçuyev 2006–2010-cu illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində Quru Qoşunları fakültəsini və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim Və Tədris Mərkəzinin “Zabit ixtisas kursu”nu bitirib. Müdafiə nazirinin 23 iyun 2010-cu il tarixli əmri ilə Surxay Noçuyevə “leytenant” hərbi rütbəsi verilib.
 
Zabit kimi fəaliyyəti müddətində Surxay Noçiyev Tağım komandiri, Bölük komandiri, Qərargah rəisi və Tabor komandiri vəzifələrində çalışıb. Xidmət dövründə Müdafiə nazirinin əmri ilə, “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi (1918–2013)”, “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli, “Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)” medalları ilə təltif olunub.
 
Surxay Noçiyev 2016-cı ilin aprelində baş verən döyüşlərdə iştirak edib. Aprel döyüşlərində də xüsusi sücaət göstərən Surxay Noçiyevin ən böyük arzusu torpaqlarımızı işğaldan azad etmək olub. 
2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlayan gündən Surxay ön cəbhədə döyüşlərə qatılıb. Döyüş müddətində Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Xocavənd və Şuşa uğrunda döyüşlərə tabor komandiri kimi qatılıb. 
Cəsur komandir hər zaman əsgərlərinin önündə döyüşə girib. 2020-ci il noyabrın 9-da erməni quldurları ilə Laçın-Xankəndi-Şuşa yolunun kəsişməsində üz-üzə gələrkən də Surxay Noçuyev mübariz keyfiyyətlər nümayiş etdirib. 
Surxay Noçuyev döyüş yoldaşı Kənan Babayev mediaya açıqlamasında tabor komandirinin qəhrəmanlığından danışıb: “Daşaltı istiqamətindəki döyüş çox ağır keçdi. İtkimiz də çox oldu, yaralananlar da var idi. Noyabrın 6-da səhər tezdən mən də yaralandım. Snayperlə ayağımdan vurmuşdular. Həmin gün səhər 8-də mühasirəyə düşdük. 3 yaralı 14 saat mühasirədə qaldıq. Düşmən hər tərəfdən minomyotla, avtomatla üzərimizə atəş yağdırırdı. Mühasirə vaxtı hava qaralandan sonra ermənilər başımızın üstünü almışdı. Yaralı olduğumuzu bilirdilər, bizi əsir götürmək istəyirdilər. Hər tərəfdən atırdılar deyə, bizimkilər əvvəl yaxın dura bilmirdilər. Ancaq sonra görəndə ki, düşmən bizi əsir götürə bilər, artıq təhlükəyə baxmadılar, tabor komandirimiz Surxay Noçuyev, bölük komandiri Elvin Məmmədzadə, çavuş Qaraxanov, taqım komandirim Fədai Abdullayev öz həyatlarını riskə ataraq bizi xilas etməyə gəldilər. Bizi hospitala gətirdilər, sonra eşitdim ki, Surxay Noçuyev və Elvin Məmmədzadə Şuşa uğrundakı döyüşlərdə şəhid olublar”.
Surxay Noçuyevin komandirliyi ilə düşmənin çoxsaylı canlı qüvvəsi və texnikası məhv edilib. Qəhrəman komandir noyabr ayının 9-u Şuşa şəhərində Vətən müharibəsinin sonuncu günündə qəhrəmancasına şəhid olub. 12 noyabr 2020-ci ildə II Fəxri xiyabanda dəfn olunub. Özündən sonra iki övladı yadigar qalıb.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunan ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulan döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən kapitan Surxay Noçuyevə “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib. 
Bundan başqa Surxay Noçuyev Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulan  tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”  və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
 
 
Bu yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Təhsilə Dəstək Mərkəzi” İctimai Birliyinin icra etdiyi “Şərqi Zəngəzur məktəblərində Vətən Müharibəsi Qəhrəmanlarının təbliği” layihəsi çərçivəsində hazırlanıb. Yazının məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.
 
Seçilən
123
45
moderator.az

10Mənbələr