AZ

Fransa tarixinin QARA SƏHİFƏSİ – Əlcəzairlilərə qarşı Paris qətliamından 63 il ÖTÜR...

Bu gün Fransa dövlətinin əlcəzairlilərə qarşı törətdiyi sonuncu soyqırımından 63 il keçir. Belə ki, 1961-ci il oktyabrın 17-də Fransa polisi Əlcəzairdə müharibəyə etiraz edən 30 min müsəlmanın kütləvi etiraz aksiyasına 7 min polis və 1400 ordu əsgərini cəlb edir və kütləvi qırğınlar başlayır.

Qırğınlar zamanı öldürlənlərin sayını müəyyən etmək mümkün olmur. Çünki, Fransa polisi döyülərək huşunu itirən etirazçıları “ölü” adı ilə Sena çayına atıb. Buna görə də yüzlərlə insan itkin kimi qeydiyyata alınıb. Tək bir fakt dəqiqdir ki, o günlərdə 11 min nümayişçi həbs edilib və ağır işgəncələrə məruz qalıb.

Əlcəzairlilər nəyə etiraz edirdilər?
 

MÖVZU İLƏ BAĞLI:

Siyasətləri də bayraqları kimi HƏMRƏNGDİR...– Niderland niyə Fransanın yolunu GEDİR?


Qeyd edək ki, bir sıra Afrika ölkələri kimi Əlcəzair də uzun illər Fransanın müstəmləkəsi altında olub. 100 ildən artıq müddətdə bu ölkənin bütün maddi və mənəvi sərvətləri istismar edilib Fransaya daşınıb. Bu istila İkinci Dünya müharibəsindən sonra daha da güclənib.

Alman işğalından qurtulan Fransanı ayağa qaldırmaq üçün general Şarl de Qol bütün imkanları səfərbər etdi. Xüsusilə də, müstəmləkə altında olan ölkələr üzərində vergi yükü daha da artırıldı.

Nəticədə digər müstəmləkə altında olan dövlətlərdə olduğu kimi Əlcəzairdə vəziyyət kəskin şəkildə pisləşdi.

Bu səbəbdən Əlcəzair xalqı 1954-cü il noyabrın 1-də üsyana qalxdı. Bu üsyana Milli Qurtuluş Cəbhəsi başçılıq edirdi. Milli Qurtuluş Cəbhəsi milli-azadlıq mübarizəsinin məqsədlərini belə müəyyənləşdirmişdi: ölkənin fransız müstəmləkə zülmündən azad edilməsi, müstəqil Əlcəzair respublikasının yaradılması.

Əlcəzairin 1954-cü ildən 1962-ci ilə qədər davam edən müstəqillik mübarizəsində 1 milyon əlcəzairli həyatını itirib. Onların əksəriyyəti dinc sakinlər olublar. Nəhayət, 1962-ci ilin martında Fransa  atəşin dayandırılması haqqında Evian sazişini imzalayıb və Əlcəzairin müstəqilliyini tanımalı olub. 1962-ci ilin sentyabrında Əlcəzair Xalq Demokratik Respublikası elan edildi.

Fransa 1,5 milyon əlcəzairlini öldürüb.

Bu gün 17 oktyabr soyqırımı hadisələrini xatırlayırıq. Amma bundan əvvəlki illərdə daha dəhşətli hadisələr baş verib. Əlcəzairin 1830-1962-ci illəri əhatə edən işğalı dövründə 1,5 milyondan artıq insan fransızlar tərəfindən qətlə yetirildiyindən bu ölkə həm də "1,5 milyon şəhidin ölkəsi" adlandırılır. Fransa ərazisinə görə Afrikanın və ərəb dünyasının ən böyük ölkəsinin xalqına 130 il ərzində muxtariyyət belə verməkdən imtina edib. Hətta Əlcəzair adlı dövlətin mövcud olmasını inkar edən Fransa bu ölkəni özünün bir parçası, Fransa Əlcəzairi adlandırırdı.

Bütün etirazlarsa ən qanlı şəkildə susdurulurdu.

Belə ki, 1832-ci ildə etirazçı El-Uffia qəbiləsi Fransa ordusu tərəfindən gecə yatdığı yerdə qılıncdan keçirilib. Bu qətliamda qadınlar və uşaqlar da daxil olmaqla 12 min adam öldürüldü. 

Daha bir kütləvi qırğınsa 1945-ci ildə Setif şəhərində törədildi. O zaman 45 min əlcəzairli öldürüldü, 5 minə yaxın adam həbs olundu, 99 nəfər edama, 64 nəfər ömürlük katorqa cəzalarına məhkum edildi. Sonuncu qətliamsa 1961-ci il oktyabrın 17-də oldu. Fransa polisi qəddarcasına 1500-ə yaxın əlcəzairlini qətlə yetirdi və onların cəsədini Sena çayına atdılar.

Ona görə də bu hadisə tarixə "Sena qətliamı" kimi daxil oldu.

Bundan başqa 130 il ərzində Fransa hökuməti Əlcəzairdə məqsədli şəkildə qanunsuz məskunlaşdırma siyasəti həyata keçirib. Nəticədə XX əsrin ortalarında 9 milyonluq Əlcəzair əhalisinin 1 milyonunu avropalılar təşkil edib.

Fransa 130 il ərzində Əlcəzairi yalnız istismar etməyib, həm də bu ölkəni hərbi poliqona çevirib. Təkcə, 1960-1966-cı illərdə Əlcəzairin Böyük Səhrada payına düşən Reqqan və İn Ekker adlı ərazilərində Fransa tərəfindən 17 nüvə sınağı gerçəkləşdirilib. Onlardan da 11-i yeraltı sınaqlar olub. Fransa aşkar edilməmiş kimyəvi, radioaktiv və zəhərlənmiş tullantıların yerləşdiyi ərazilərə dair topoqrafik xəritələri bu günədək Əlcəzair tərəfinə təqdim etmir.


Eyni zamanda Fransa həmin sınaqların və tullantıların yerli əhaliyə göstərdiyi təsirlərin qiymətləndirilməsi və müvafiq kompensasiyanın verilməsi məsələsindən də boyun qaçırır.

Bundan başqa işğal etdiyi Əlcəzair ərazisinə 5 milyondan artıq mina basdıran Fransa həmin minaların xəritələrini Əlcəzair tərəfinə verməkdən bu günədək imtina edir. Nəticədə, Əlcəzair də dünyada mina partlayışından ən çox əziyyət çəkən ölkələrin sırasında ön sıralardan birini tutur.

Yeni nəsilə qarşı cinayət

Əlcəzairdəki müstəmləkəçilik dövründə bütün ərəb məktəbləri fransızlar tərəfindən dağıdılmışdı. Çünki bilik, bacarıq da bir silah idi və Fransa bu silahın onlara qarşı istifadə olunmasından qorxurdu. Fransızlar Əlcəzairi işğal etməzdən əvvəl əlcəzairlilər savadlı xalq idi. Müstəmləkəçiliyin məqsədi isə hər şeyi, o cümlədən təhsili məhv etmək idi.

Təsadüfi deyil ki, müstəmləkə illərində ərəblərə məktəbə getmək də qadağan edildi və bu qadağa 132 il qüvvədə qaldı. Fransa təkcə Əlcəzairi talan etməyib, həm də bu ölkənin vətəndaşlarını ən ağır şəkildə cəzalandırıb. Ən dəhşətlisi də odur ki, qətlə yetirilən əlcəzairlilərin cəsədi yaxınlarına qaytarılmayıb. Bu cəsədlər müxtəlif parçaları bölünüb və həmin parçalardan Fransada muzeylər tikilib.

Təsadüfi deyil ki, 1887-ci ildə açılan və 1937-ci ilədək Etnoqrafiya Muzeyi adı ilə fəaliyyət göstərən muzeydə 18 mindən artıq insan kəlləsi nümayiş etdirilir.

Onların arasında Fransa işğalına (1830-1962) qarşı mübarizə aparan Əlcəzair azadlıq müharibəsinin şəhid olan liderlərinin və üzvlərinin də skeleti var. Muzey dəfələrlə orada olan kəllə sümüklərinin əksəriyyətinin 19-cu əsrdə tədqiqat üçün antropoloqlar tərəfindən toplanıldığını iddia etsə də, artıq buna inanan azdır.
 

İnsan Muzeyində Fransanın Əlcəzairdə törətdiyi soyqırım zamanı şəhid olan döyüşçülərin və mülki əhalinin kəsilmiş başlarını və kəllə sümüklərinin nümayiş etdirilməsi əsasən iki məqsədə xidmət edib. Bunlardan birincisi, üsyanı boğmaq və müqaviməti qırmaqdır. İkincisi isə onlar “qələbə” sübutu kimi fəxrlə Parisə göndərilib.


Təəssüflər olsun ki, bu cür dəhşətli insanlıq cinayətləri törədən Fransa bu günə kimi terrorçu dövlət kimi tanınmayıb. Əksinə, Fransa öz terror fəaliyyətini günbəgün genişləndirir. Onların ermənilərin yanında dayanması da eyni xislətə sahib olmalarından qaynaqlanır.

Ümumilikdə isə son 50 ildə 26 Afrika ölkəsində 67 dövlət çevrilişi olub. Bu 26 ölkədən 16-sı keçmiş Fransa koloniyaları idi.

Sonda onu qeyd edək ki, Fransanın bu gün ayaqda durmasının səbəbi Afrikadan gələn milyardlardır. Təsadüfi deyil ki, Fransanın keçmiş prezidenti Jak Şirak bildirib ki, Afrika olmasaydı, Fransa üçüncü dərəcəli güc səviyyəsinə enərdi:

“Fransızlar banklarındakı külli miqdarda pulun məhz keçmiş Afrika koloniyalarının istismarından gəldiyini unutmamalıdırlar”.

Surxay Atakişiyev, Bizim.Media

 

Seçilən
4
50
bizim.media

10Mənbələr