2000-ci il təvəllüdlü Kosayev Tural Kamil oğlunun ölüm faktı üzrə aparılan ibtidai araşdırma başa çatıb.
Bu barədə e-huquq.az-ın sorğusuna cavab olaraq Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev deyib.
"Bakı hərbi prokurorluğunda istintaqı yekunlaşdırılan cinayət işi üzrə muvafiq əməlləri törətməsinə əsaslı şübhələr olan Allahverdiyev İsmayıl İbrahim oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü (Ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 228.2.2-ci (Təkrarən qanunsuz olaraq odlu silahı, onun komplekt hissələrini, döyüş sursatını saxlama və gəzdirmə), 232.2.3-cü (öz qulluq mövqeyindən istifadə etməklə odlu silahı, onun komplekt hissələrini, döyüş sursatını talama) və digər maddələri ilə ittiham elan edilib və iş baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib", - deyə Firad Əliyev bildirib.
Qeyd edək ki, bu ilin iyunun 26-da saat 21 radələrində paytaxtın Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 95 ünvanında 2000-ci il təvəllüdlü Tural Kosaye qətlə yetirilib.
Araşdırma zamanı 2003-cü il təvəllüdlü İsmayıl Allahverdiyevin üzərində olan odlu silahdan atəş açaraq tanışı Tural Kosayevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.