AZ

Qusar şəhər bazarında nə baş verir? - FOTO/VİDEO

Bu gün Qusar şəhərindəki mərkəzi bazarın giriş qapılarından biri bağlanıb. Həmin girişdən keçərək orada məhsul və ərzaq satan kiçik sahibkarlar və alıcılar Qusar-Xudat yolu tərəfdən bazarın qapısının bağlandığını, içəri girişin qadağan olunduğunu müşahidə ediblər.

Bu barədə Qusar bazarında mağazası olan Beyrək Abdullayev Bizim.Media-ya açıqlama verib. Onun sözlərinə görə, giriş qapısının bağlanma səbəbi barədə onlara heç bir məlumat verilməyib:

“Sadəcə, eşitdik ki, bu tapşırıq Qusar şəhər icra nümayəndəliyindən verilib”.

Beyrək Abdullayev qeyd edib ki, obyektinə getmək üçün xeyli məsafə qət etməlidir, bu da həm alıcılara, həm də burada alver edən sahibkarlara çətinlik yaradır.


Məsələ ilə bağlı Qusar şəhər bazarının rəhbəri -"RİAD" Məhdud Məsuliyyətli Cəmiyyətinin sədri Tiflisə Nəzərova sorğumuza cavab olaraq bildirib ki, bazarın giriş qapısı bu gün bağlanıb, ondan iki gün əvvəl isə bazarın digər qapısı ondan xəbərsiz götürülüb. Tiflisə Nəzərovanın dediyinə görə, bütün bu işlər Qusar şəhər icra nümayəndəliyi tərəfindən görülür.

Sözügedən problemlə bağlı Qusar İH başçısının Qusar şəhəri üzrə icra nümayəndəsi Cavid Bədirxanov Bizim.Media-nın yerli bürosuna açıqlama verib. Onun sözlərinə görə, Qusar şəhərinə nümayəndə təyin olunan gündən şəhər bazarının mövcud vəziyyəti ilə maraqlanıb. Bazarın ərazisində köklü dəyişiklər edilməsi işlərinə başlanılıb:

"Bazarda antisanitariya vəziyyəti, natəmizlik hökm sürürdü. Ərazidə müəyyən təmizlik və abadlıq işləri gördük. Bazarın 2 küçəsinə asfalt döşəndi, bir küçəsinə çınqıl vuruldu.

Gediş-gəlişi asanlaşdırmaqla yanaşı, bazarda təmizlik işləri də aparıldı. Zibillər daşındı və yandırıldı. Bir sözlə, bazarın görünüşünü qismən dəyişməyə nail olduq və bu istiqamətdə işlər davam etdirilir”.

Qusar şəhər icra nümayəndəsi Cavid Bədirxanov bazarın giriş qapılarından birinin bağlanması ilə bağlı da danışıb.

O qeyd edib ki, bağlanan qapı bazarın Xudat yolu istiqamətindən yan girişidir:


“Burada da antisanitariya vəziyyəti hökm sürürdü. Alverçilər pərakəndə olaraq girişi və içərini zəbt etmişdilər. Gələn qonaqlar, turistlər bazarın bu vəziyyətini görüb narahat olurdu. Biz o girişi müvəqqəti bağlamışıq, həmin qeyri-qanuni satışla məşğul olan alverçiləri buradan uzaqlaşdırıb bazarın yuxarı hissəsinə köçürmək istəyirik, orada onlar üçün yer ayrılıb. Bu girişi tam boşaltmışıq. Məqsəd odur ki, bazara gələn sakinlər, şəhərimizin qonaqları, Şahdağa gələn əcnəbi turistlər bu ərazini boş və təmiz görsünlər. Burada avtomobil əlindən tərpənmək mümkün deyildi. Həm bu girişi, həm də əsas giriş yolunu avtomobillərdən və qanunsuz küçə alverindən təmizləmişik”, - deyə Cabir Bədirxanov vurğulayıb.










Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Seçilən
83
11
bizim.media

10Mənbələr