AZ

Mərkəzi Bankın qərarı gözlənilir: kredit faizlərinə təsir edəcək?

Azərbaycan Mərkəzi Bankı (AMB) bu həftə növbəti dəfə uçot faiz dərəcəsi ilə bağlı qərar verəcək. Noyabrın 1-də AMB bu il ərzində faiz dərəcəsi ilə bağlı yeddinci qərarını açıqlayacaq.

Qeyd edək ki, uçot dərəcəsi (yenidən maliyyələşmə dərəcəsi) Mərkəzi Bankın ölkənin digər banklarını pul kütləsi ilə təmin etməsidir. Sadə dillə desək, Mərkəzi Bank kommersiya banklarına kredit verir, onlar isə öz növbəsində fiziki və hüquqi şəxsləri kreditlə təmin edir.

Uçot dərəcəsi ölkədəki cari iqtisadi vəziyyət və inflyasiya səviyyəsi nəzərə alınaraq təyin edilir. Əgər inflyasiya səviyyəsi yüksəlirsə, Mərkəzi Bank uçot dərəcəsini yüksəldir və əksinə, inflyasiya səviyyəsi endikcə, uçot dərəcəsi də endirilir.

Uçot dərəcəsi aşağı olduqda kreditlər daha əlçatan olur. Kreditlər üzrə faiz dərəcələri enir və insanlar kredit əldə etməyə həvəs göstərir.

Nəticədə, insanların sahib olduğu pul kütləsi artdıqca edilən alış-veriş həcmi də artır. Beləliklə, məhsulların dəyəri yüksəlir. Məhsul həcmi azaldıqca satıcılar qiymət qaldırmağa başlayır. Bununla bərabər inflyasiya artmağa başlayır.

Bu səbəbdən də, yenidən  maliyyələşmə dərəcəsi ölkədə inflyasiya səviyyəsinə təsir etmə aləti rolunu oynayır. İnflyasiyanı endirmək üçün yenidən maliyyələşmə dərəcəsi qaldırılır. Bu səbəbdən də kreditlər bahalaşmağa başlayır. Belə olduqda, kredit əldə etmək vətəndaşlar üçün sərfəli olmur və bu da özünü onların alıcılıq qabiliyyətində əks etdirir.

Modern.az-a açıqlamasında iqtisadçı ekspert Pərviz Heydərov bildirib ki, Mərkəzi Bank həm dünyada gedən proseslər, həm də Azərbaycanda inflyasiyanın səngiməsi ilə əlaqədar uçot dərəcəsini azaltmaq siyasəti yeridir:

"Amma ilin ikinci yarısından etibarən inflyasiyada bir canlanma qeydə alınmaqdadır. Hətta müəyyən mənada inflyasiyanın əvvəlki templərlə sürətlənmə meyləri müşahidə olunmaqdadır. Bununla əlaqədar Mərkəzi Bank sentyabrda uçot dərəcəlıərini dəyişdirmədi. Ola bilsin ki, bu həftəki qərarda da uçot dərəcəsi dəyişdirilməsin. Hər halda dəyişdirilsə belə bu azaldılmağa doğru ola bilər. İnanmıram ki yenidən uçot dərəcəsi qaldırılsın".

Uçot dərəcələrinin kredit faizlərinə təsirlərinə gəlincə, ekspert hesab edir ki,  Mərkəzi Bank ehtiyatlı siyasət yürütməsinə, yəni uçot dərəcəsini cüzi- 0,5 faiz səviyyəsində dəyişdirməsinə baxmayaraq onun bu siyasətinin kredit bazarına təsiri hiss olunmur. 

“ABŞ-da uçot dərəcələrinin 0,5 faiz dəyişdirilməsi nəinki Amerikanın özündə, hətta digər ölkələrdə də özünü göstərir. Bizdə uçot dərəcəsi ilə bankların kredit faizləri arasında birbaşa əlaqə görünmür. Bu da onunla əlaqədardır ki, kommersiya banklarının kredit vəsaitlərində Mərkəzi Bankın kredit resurslarının  əhəmiyyəti və rolu ciddi deyil. Nə zaman ki kommersiya banklarının təklif etdiyi kreditlərdə Mərkəzi Bankın resurslarının rolu böyük olacaq o zaman  faiz dərəcələrinin dəyişməsi bankların kredit faizlərində özünü göstərəcək. Bunun nə vaxt baş verə biləcəyi də hələlik bəlli deyil. Bu istiqamətdə iş aparılır”. 

Qeyd edək ki, son üç qərarında AMB-nin İdarə Heyəti uçot dərəcəsini sabit saxlayıb. Mərkəzi Bank uçot dərəcəsini 7,25%, faiz dəhlizinin aşağı həddini 6,25%, faiz dəhlizinin yuxarı həddi isə 8,25% səviyyəsində dəyişməz saxlayıb.

Mərkəzi Bankdan bildirilib ki, faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarlar faktiki və proqnozlaşdırılan inflyasiya, xarici və daxili risk amillərinin dinamikasından asılı olacaqdır.

Seçilən
17
8
hit.az

10Mənbələr