Bu il Azərbaycanda sığorta haqlarının 1,4 milyard manatdan çox olacağı proqnozlaşdırılır.

İndex.azxəbər verir ki, bunu “Azərbaycan Sığortaçılar Assosiasiyası” (ASA) İctimai Birliyinin İcraçı direktoru Elmar Mirsalayev bildirib.

“Bu da ötən illə müqayisədə 10 %-dən çox artım deməkdir”, – deyə o qeyd edib.

E.Mirsalayev xatırladıb ki, “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası”nda və “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində sığorta sektoru üçün böyümə hədəfi 10 % müəyyən edilib: “Sektor olaraq artıq 2-ci ildir ki, bu hədəf minimumunu üstələyirik. Belə ki, 2022-ci ildə bazar böyüməsi 15 %, 2023-cü ildə isə 26 % olub”.

“2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf strategiyası”ndan irəli gələn və növbəti dövr ərzində həyata keçirilməsi planlaşdırılan məqamların nəticəsi olaraq ölkəmizdə sığorta xidmətlərindən istifadə üzrə penetrasiyanın 3 dəfəyə qədər artmasını, sığorta yığımlarının ÜDM-də payının 5 %-ə yüksəldilməsini hədəfləyirik”, – deyə o qeyd edib.

Xatırladaq ki, 2023-cü ildə Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 1 milyard 222,537 milyon manat sığorta haqqı toplanılıb. Bu, 2022-ci ilə nisbətən 25,9 % çoxdur.