Ölkə kubokunda II təsnifat mərhələsinin ən maraqlı oyunlarından biri «Şəfa» ilə «Difai» arasında keçirilib.
«ASK Arena»nın əsas meydançasında təşktl olunan qarşılaşma əlavə vaxta kimi uzanıb.
Stadiona toplaşan 500-ə yaxın azarkeş iki fərqli ssenarini izləyib. «Difai» 30-cu dəqiqəyə kimi iki qol vurmağı bacarıb.
«Qəbələ»dən icarəyə götürülmüş Xəyyam Məmmədli dubla imza atıb. Qələbənin artıq cibdə olduğunu düşünən «fədailər» son 1 saatda qətiyyən özünə bənzəməyib.
Kristian Kamta və Əli Mürsəlov əla qol vəziyyətlərini boşa verib. Əvəzində «Şəfa» son bölümdə hesabı bərabərləşdirməyi bacarıb.
78-ci dəqiqədə Elməddin Hüseynzadə fərzi azaldıbsa, 90+3-də Tural Nərimanov başla hesaba tarazlıq gətirib.
Ağsu təmsilçiləri bu dəqiqələrdə o qədər zəif təsir bağışlayıb, o qədər taktiki və texniki səhvlərə yol verib ki… Sadəcə, inanılmaz!
«Şəfa»nın təzyiqi qarşısında heç nə edə bilmirdilər. Əgər əsas vaxtın final fiti səslənməsəydi və bir neçə dəqiqəlik fasilə yaranmasaydı, böyük ehtimalla, II Liqa mənsubu daha bir qol vuracaqdı.
«Over-taym»ın ilk yarısına da onlar yaxşı başlayıb. Ta ki, Elvin Nəsibovun bir yersiz hərəkəti sonucu qırmızı vərəqə almasına görə.
Əks-hücuma çıxan hücumçu onu saxlamağa çalışan Seymur Əliyevin sifətinə dirsəklə zərbə endirib. Son 15 dəqiqədə say üstünlüyü əldə edən «fədailər»in üzünü Emil Quluzadə güldürüb.
Yarımmüdafiəçinin cərimə meydançası həndəvərindən birbaşa qapıya yönəltdiyi vuruş yaxın küncə daxil olub. Bu, meydandakı gərginliyi pik həddə çatdırıb.
Növbəti mərhələdə «Neftçi» ilə qarşılaşmağı arzulayan paytaxt təmsilçisinin futbolçuları əsəblərinə hakim ola bilməyib. Elməddin və digər oyunçular qonaq komandanın üzvlərinə qarşı idmançıya yaraşmayan hərəkətlər ediblər.
Matçın bitməsini elan edən fiti də «Şəfa»lıları sakitləşdirməyib. Meydanın ortasında ara qarışıb, məzhəb itib.
«Difai»nin futbolçularına hücum çəkən ev sahibləri onlardan bir neçəsinə zərbə endirib. Yəqin ki, bu hadisələr oyunun hakim-inspektorunun raportunda öz əksini tapacaq.
SPORTİNFO.AZ