Mərakeşdə "Fələstini Dəstəkləmə Cəbhəsi"nin təşkil etdiyi etiraz aksiyasında onlarla mərakeşli, Fransanın Kasablankadakı Baş Konsulluğu qarşısında toplaşıb. 1news.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, təhlükəsizlik qüvvələrinin maneə yaratma cəhdlərinə baxmayaraq, etirazçılar Makronun bəyanatlarına qarşı fikirlərini ifadə ediblər. Etirazçılar “Sinvar vəsiyyət qoydu. Davadan güzəşt yoxdur”, “Fələstin əmanətdir, İsraillə normallaşma xəyanətdir” və “Ey Makron... Fələstin göz bəbəyimizdir” şüarları səsləndirərək Makronun bəyanatlarını pisləyib və Qəzza ilə həmrəyliklərini vurğulayıblar. Qeyd edək ki, Fransa Prezidenti Makron, 29 oktyabr tarixində Mərakeş parlamentindəki çıxışında Həması “terrorçu” və “vəhşi” olaraq xarakterizə etmişdi.