AZ

İrəvan “3+3”də həm var, həm də yox...

Ermənistan hakimiyyəti danışıqlar prosesini özünə sərfəli dalana dirəmək niyyətindən əl çəkmir

Avantürizm və populizm. Ermənistan baş naziri nüfuzlu beynəlxalq təşkilatların tribunalarından, guya, Azərbaycanla sülhə hazır olması barədə bəyanatlar səsləndirməsinə baxmayaraq, reallıqda bunun tam əksini nümayiş etdirir. Nikol Paşinyan və onun komandası beynəlxalq ictimaiyyəti özünün “sülh sevdası”nın cazibəsinə salmaq cəhdlərindən hələ də əl çəkmir.

Hayların baş nazırı Kazanda BRICS-in XVI Sammitində çıxışı zamanı bir daha bəyan etdi ki, İrəvan və Bakı sülh sazişinin mətnini 80 faiz razılaşdırıblar. O, hətta bu ay sülhə imza atmağa hazır olduğunu deməkdən də çəkinmədi: “Biz təklif edirik ki, Azərbaycan artıq razılaşdırılmış mətni imzalasın və beləliklə, təkcə “de-fakto” deyil, həm də “de-yure” sülh əldə edilsin və bütün digər məsələlər üzərində işləməyə davam edək. Regionda sülh şəraitində digər məsələlərin həlli də xeyli asanlaşacaq”.

Paşinyanın ifasında belə “bayatıları” birinci dəfə deyil eşidirk. İrəvanın ikiüzlü və populist siyasətini nəzərə alsaq, hayların baş nazirinin belə “şirin” təkliflərinin Bakıda xoş bir reaksiya yaratmadığını deyə bilərik. Axı, İrəvanda Bakının sülh müqaviləsi üzrə təklif olunan sxemlə razılaşmayacağını yaxşı anlayırlar. Onlar məhz bu amildən yararlanaraq, danışıqlar prosesini özünə sərfəli dalana dirəmək üçün israrla “təkliflərini” təkrarlayırlar. Burada təəccüblü bir şey yoxdur. Məgər Azərbaycan ərazilərini otuz il işğalda saxlayan, ən müxtəlif üsullarla sülh danışıqlarını “minalamaq” üçün bütün səylərini əsirgəməyən Ermənistan tərəfi deyildimi?

Göründüyü kimi, İrəvanın yaxın keçmişə söykənən riyakar və ikibaşlı diplomatik taktikası o qədər də dəyişikliyə uğramayıb. Bunun bariz nümunəsinə diqqət yetirək. Ermənistan Azərbaycanla danışıqlar platforması kimi regional “3+3” formatında iştirakdan qəti şəkildə imtina edib. Oxuculara xatırladaq ki, bu yaxınlarda Rusiyanın Xarici işlər naziri Sergey Lavrov “3+3” platformasında növbəti toplantıdan sonra sülh müqaviləsi üzərində işi başa çatdırmaq üçün bu formatdan istifadənin səmərəliliyini ayrıca qeyd etmişdi: “Həm biz, həm türklər, həm də iranlılar İrəvandakı və Bakıdakı həmkarlarımıza sülh müqaviləsi üzərində işi başa çatdırmaq üçün “3+3” platformasından istifadə etməyi təklif etmişdik”.

Gözlənildiyi kimi, Ermənistan bu təklifə qəti imtina ilə cavab verdi. “Danışıqlar masasında belə bir təklif yoxdur. Əgər olsa belə, biz buna müsbət cavab verməyi məqsədəuyğun hesab etmirik. Çünki bizim Azərbaycanla həm sülh müqaviləsi, həm də delimitasiya üzrə ikitərəfli danışıqlar formatımız var”, – deyə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib. Elə bu fakta əsaslanaraq deyə bilərik ki, erməni tərəfi sülhdən danışmağa üstünlük verir, amma ona nail olamaq üçün konkret addımlar atmır.

İrəvanın qərbli kuratorlarını nəzərə alsaq, sonuncuların “3+3” regional formatda istənilən təşəbbüsləri rədd etməkdə, bəzi zəmanətlərini təkrarlamaqda, bununla da sülh gündəmini “torpedalamaqda” davam edəcəklərini proqnozlaşdırmaq çətin deyil. Amma onlara xatırlatmağa ehtiyac var ki, Azərbaycanın heç bir kənar zaminə ehtiyacı yoxdur. Bakı sülh danışıqlarını ikitərəfli formatda davam etdirməyin tərəfdarıdır. İkincisi, sülh müqaviləsinin əsas şərti Ermənistanın konstitusiyasını dəyişdirməsi və ondan Azərbaycana qarşı ərazi iddiaları müddəalarını çıxarmasıdır. Bu şərt yerinə yetirilməyənə qədər sülh müqaviləsi imzalanmayacaq. Rəsmi Bakı bunu ən yüksək səviyyədə bəyan edib.

Bakı İrəvana bundan fərqli variant təklif etməyəcək. Yəni bu o deməkdir ki, Ermənistan gec-tez Azərbaycanın şərtlərini qəbul etməli olacaq. Bu, nə qədər tez baş versə, onun özü üçün faydalı olar. Amma reallıq onu deməyə əsas verir ki, İrəvan Qərblə Şərq arasında “ikicəbhəli” oyunlarını, diplomatik, ideoloji fırıldaqlarını davam etdirdiyinə görə, onun tezliklə ağıllanacağını gözləməyə dəyməz...

Cənubi Qafqazda sülh, təhlükəsizlik, əməkdaşlıq həm də regionda marağı olan başqa güclərin də mənafeyinə zidd deyil. Doğrudur, Azərbaycan və Türkiyə istisna olmaqla, “3+3” formatının digər iştirakçıları heç də eyni mövqeni təmsil etmirlər. Ancaq beynəlxalq arenadakı mövcud vəziyyət tərəflərin müzakirələr aparmasını zəruri edir. Odur ki, bu platformada görüşlərdən qaçmaq, ona qıcıqlanmaq Cənubi Qafqazda sabitliyə, əməkdaşlığa, təhlükəsizliyə yalnız ziyan vurar.

P.S. “İrəvan və Bakı sülh sazişi layihəsinin qalan bəndlərini razılaşdıra biləcəklər”. Bu barədə Ermənistan hökumətinin aparat rəhbəri Araik Arutyunyan dünən parlamentdə keçirdiyi brifinqdə bildirib. “Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyevin təmasları faydalıdır. Biz hələ razılaşdırılmamış bəndlərin razılaşdırılması imkanını görürük”, – deyə, o vurğulayıb.

Fikrət SADIXOV,
Qərbi Kaspi Universitetinin professoru, politoloq:

– Bakının irəli sürdüyü “3+3” platforması ideyası bir məqsədə və xoş niyyətə xidmət edir: bölgə dövlətləri arasında müəyyən razılığın əldə edilməsi, sabitliyə aparacaq qərarların qəbul olunması və xüsusilə də mövcud problemlərin həlli yollarının birgə axtarıb tapılması bu formatın əsas prioritetləridir. Hələlik bu platformadan kənarda qalmış Gürcüstanı başa düşürük. Onun Rusiya ilə münasibtləri tənzimləməyə ehtiyacı var. Güman edirəm ki, Tbilisi də bu formata qatılacaq.

Qərbin müəyyən dairələrinin Ermənistana təsir etdiklərini, konkret təlimatlar verdiklərini bilirik. Bu, o deməkdir ki, həmin qüvvələr Cənubi Qafqazda sabitliyin bərqərar olmasının tərəfdarı deyil, bölgədə möhkəm sülhün əldə edilməsinə qarşıdırlar. Əgər onlar Azərbaycan, İran, Türkiyə və Rusiya ilə münasibətləri indiki səviyyədə saxlamağa çalışırlarsa, deməli, açıq-aşkar gərginliyin tərəfdarıdırlar. Onların atdıqları siyasi addımlar həm şübhə, həm də təəccüb doğurur. İrəvanın bir tərəfdən Avropa İttifaqına daxil olacağı barədə bəyanatları, digər tərəfdən Rusiya ilə hərbi-texniki əməkdaşlığı davam etdirməsi, KTMT-dən çıxmaması, bununla paralel olaraq Türkiyə ilə danışıqlar aparması maraqlı suallara yol açır. Əlbəttə ki, Ermənistanın “3+3” formatına bu cür yanaşması onun xarici siyasət prioritetlərinin hələ də cızılmadığının, yaxud əməkdaşlıqdan düşünülmüş şəkildə imtina etməsinin göstəricisidir.

Bütün hallarda İrəvan region ölkələrini və onların maraqlarını yaddan çıxarmamalıdır. Ona məsləhət verənlər, yönəldənlər isə başqa bölgədə, uzaq coğrafiyada yerləşirlər. Kənar təlimatlarla hərəkət etmək isə heç vaxt müsbət nəticə verməyib.

Elxan ŞAHİNOĞLU,
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi icmalçı:

– “3+3” Cənubi Qafqaz ölkələri və üç qonşu dövlət arasında əməkdaşlığı nəzərdə tutan formatdır. Bu format çərçivəsində ildə bir və ya iki dəfə keçirilən görüşləri faydalı saymaq olar. Cənubi Qafqazda sülh və əməkdaşlıq məsələlərində, ilk növbədə, bölgə ölkələri özləri maraqlı olmalıdırlar. Məlum səbəblərə görə Gürcüstan bu görüşlərə qatılmır. Çünki Abxaziya və Osetiya Rusiyanın nəzarəti altındadır. Bunu başa düşmək mümkündür. Ermənistan həmin görüşlərdə iştirak edir. Baxmayaraq ki, orada bəziləri bu formata tənqidi yanaşır. Misal üçün, erməni spiker Alen Simonyan bu formatın əhəmiyyətini anlamadığını bildirib. Amma İrəvan görüşlərdə iştirakdan imtina etmir. Ona görə ki, bu formatdan imtina Ermənistanın üç qonşu ölkə ilə əməkdaşlıqda maraqlı olmadığı qənaətini yarada bilər. Axı, onun İranla sıx əlaqələri var, hələ də Rusiyanın təsiri altındadır. Paşinyanın sözlərinə görə, ölkəsi Türkiyə ilə əməkdaşlığa başlamaq istəyir.

Sülh sazişi ilə bağlı danışıqlarda qonşu dövlətlərin iştirakı fərqli təklifdir. Faktiki olaraq, İrəvan və Bakı arasında vasitəçisiz, birbaşa danışıqlar aparılır. Bəli, biz çox istərdik ki, Türkiyə bu posesdə vasitəçi olsun, amma Ermənistan bunu qəbul etməz. İranın vasitəçiliyi bizim üçün məqbul deyil. Rusiyanın isə Cənubi Qafqazda özəl maraqları olduğunu hamı bilir. Bizə görə, ən uğurlu və faydalı yol birbaşa danışıqlardır. Bu proses davam edir. BRICS-in Kazan toplantısında Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan üzbəüz əyləşib fikir mübadiləsi apardılar. Ortaq qərar birbaşa danışıqların davam etdirilməsi barədə oldu.

Bu baxımdan, tərəflər “3+3” formatının sülhün əldə olunmasında vasitəçi rolunda çıxış etməsinə ehtiyac duymurlar. Əlbəttə ki, Ermənistanla Azərbaycan arasında imzalanacaq sülh müqaviləsi qonşu ölkələrin də maraqlarına cavab verməlidir. Çünki ondan sonra əməkdaşlıq və birgə layihələrin reallaşması prosesi gəlir.

Tofiq ABBASOV,
siyasi şərhçi:

– İrəvan hazırda olduqca anormal mövqe nümayiş etdirir. O, sülhü həm istəyir, həm də istəmir. Bundan ötrü həm çalışır, həm də çalışmır. Dünən verdiyi bəyanatı bu gün təkzib edir. Bir növ qeyri-sabit əqli duruma malik şəxs, qrup kimi davranır. Yəni bir yandan qurur, o biri yandan vurub dağıdır. Ermənistan həmin bipolyar sindromun əsirinə çevrilib. Bəli, İrəvan sözdə sülhdən çox danışır, amma əməldə buna tərs mütənasib formada hərəkət edir. Hayların silahlandığını, Fransanın, ABŞ-nin, Hindistanın fitvasına getdiklərini görürük. Qonşumuzu, onun arxasında duran qüvvələri yaxşı tanıyırıq, niyyətlərindən də xəbərdarıq.
O ki qaldı “3+3” formatına, rasional düşüncəyə malik siyasətçilər xırda bir təsadüfdən belə yararlanaraq, dolaşıq məsələlərlə bağlı tərəf müqabilləri ilə müzakirə aparmağa çalışırlar. Amma Ermənistanın timsalında bunun əksini görürük. Ortada platforma var, görüşlər keçirilir, fəqət, baş nazir, xarici işlər nazırı həmin formatda danışıqlardan yayınırlar. Bu, ona dəlalət edir ki, onlar müstəqil siyasət yürütmək səlahiyyətinə malik deyillər. Əgər Ermənistan, doğrudan da, müstəqil dövlət olsaydı çoxdan Azərbaycanla razılığa gəlmişdi. Yüyənləri başqalarının əlindədir. Hesab edirəm ki, biz hələ “3+3” formatının kulminasiya nöqtəsinə çatmamışıq. Ən yaxın zamanlarda bunun şahidi olacağıq. Bu formatdan imtina etmək sadəlövhlükdür. “3+3” bölgənin altı ölkəsinin mövcud problemləri öz aralarında məşvərət yolu həllini nəzərdə tutur. Gürcüstanda vəziyyət tam sabitləşəndən sonra bu formatın tam gücü ilə işləyəcəyinə əminəm. Tbilisinin də bu görüşlərə qatılması zaman məsələsidir. İrəvan isə bu faydalı, perspektivli ideyaya nə hə deyir, nə də yox. Ona Qərbdən Rusiyanın bu platformada moderatorluğuna mane olmaq təlimatları verilir. Uğursuz manevrlər fayda verməyəcək, sonda İrəvan Bakının şərtləri ilə sülhə gəlməyə məcbur olacaq.

İmran BƏDİRXANLI
XQ

 

Seçilən
39
xalqqazeti.az

1Mənbələr