AZ

Azərbaycan boksçuları yarımfinala yüksəldi

Bakı, Fins.az - Monteneqronun Budva şəhərində gənclər arasında boks üzrə dünya çempionatının 1/4 final mərhələsi başa çatıb.

Mərhələnin ikinci günündə daha üç Azərbaycan idmançısı yarımfinala yüksəlib. 57 kq çəki dərəcəsində yarışan Aynur Mikayılova, Macarıstandan olan idmançı Reka Varqa Sara ilə qarşılaşıb. İdmançımız rəqibini tam üstünlüklə məğlub edərək yarımfinala vəsiqə qazanıb və ən azı bürünc medalı təmin edib. Bu, Azərbaycan boksu tarixində yeni səhifədir: Aynur podiuma qalxan ilk azərbaycanlı qadın boksçu olacaq. Finala gedən yolda Mikayılova Türkiyədən olan Pınar Beneklə qarşılaşacaq.

60 kq çəki dərəcəsində Məhəmmədəli Qasımlzadə növbəti qələbəsini qazanıb. Boksçumuz Fransalı Sandro Spikeni 5:0 (30:27, 30:27, 29:28, 29:28, 30:27) hesabı ilə məğlub edib. Yarımfinalda Qasımlzadə Rusiya təmsilçisi Platon Kozlovla qarşılaşacaq.

51 kq çəki dərəcəsində Zidane Qumbatov isə Tacikistandan olan Meroj Sufijonov ilə 1/4 finalda üz-üzə gəlib və rəqibini 3:2 (27:30, 30:27, 30:27, 29:28, 28:29) hesabı ilə məğlub edib. Qumbatov yarımfinalda Kolumbiyalı Castin Moreno ilə qüvvəsini sınayacaq.

1/4 final mərhələsində qalib gələn boksçularımız artıq ən azı bürünc medalı təmin ediblər.

Beləliklə, dünya çempionatının yarımfinalında Azərbaycanı beş idmançı təmsil edəcək. Daha əvvəl 48 kq çəki dərəcəsində Bilalxabaşi Nəzərov və 63,5 kq çəki dərəcəsində Əli Abdullayev də bu hüququ qazanmışdılar.

Qeyd edək ki, yarımfinal döyüşləri bu gün baş tutacaq.

 

Seçilən
51
fins.az

1Mənbələr