Diqqətiçəkən məqam ötən mövsüm olduğu kimi, bu dəfə də premyer-liqa və 1-ci liqa klublarının 2-ci liqa təmsilçiləri üzərində böyükhesablı qələbələr qazanmasıdı. İndiyə qədər yalnız MOİK - “Şimal” matçında cüzi rəqabət hiss olunub.
Görünür, liqalararası fərq hələ də uçurum səviyyəsindədi. Məhz bu məqamla bağlı təcrübəli mütəxəssis Yunis Hüseynovun fikirlərini öyrəndik. Onun “Football-plus.az”a cavabı:
“Bəli, razıyam ki, komandalar arasında çox ciddi fərq var. Bu, həm maliyyə gücüylə, həm futbolçuların ustalıq səviyyəsiylə, həm də legionerlərin potensialıyla bağlıdı. Düzdü, 1-ci liqada əcnəbi futbolçuların çıxışına icazə verilir. Lakin onlarda büdcəyə uyğun seçildiyindən o qədər də təcrübəli olmurlar. Belədə komandanın ümumi potensialına ciddi təsir etmirlər. Bunu həmişə demişəm. Futbolumuzun ən böyük çatışmazlığı yerli futbolçu qıtlığıdı. İllərdi milliyə eyni adamlar dəvət edilir. Hələ potensialı olan, yaxşı perspektiv vəd edən gənclərə rast gəlməmişik. Kubok matçlarını da izlədim. 2-ci liqada çıxış edən oyunçular çox istəklidilər. Amma bu nəticəyə təsir etmir. İstəyin çoxluğu həmişə qələbəyə aparmır. Təcrübəsizlik özünü göstərir. “Turan Tovuz” – “Hypers Quba” matçında qonaqların futbolçusu İlqar Ələkbərov çox yaxşı oynadı, dubl da etdi. Çəkisinə və yaşına baxmayaraq, gənclərdən daha yaxşı təsir bağışladı. Təkrar edim ki, problem əsasən gənc oyunçularla bağlıdı. İnkişaf edə bilmirlər”.
KƏNAN BAHADIR