Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin olunması istiqamətində səlahiyyətləri çərçivəsində zəruri tədbirlərin görülməsini davam etdirir.
Bu barədə "Unikal"a FHN-dən məlumat verilib.
Bildirilib ki, Agentliyin əməkdaşları tərəfindən Ağcabədi rayonu, Aşağı Avşar kəndi ərazisində fəaliyyət göstərən fərdi sahibkar Baxşalıyev Hüseyn Düşəri oğluna məxsus maye qazdoldurma məntəqəsində plan üzrə yoxlama aparılıb.
Yoxlama zamanı məntəqədə insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək pozuntular aşkarlanıb.
Belə ki, maye qazdoldurma məntəqəsində istismar olunan 2 ədəd təzyiq altında işləyən tutumun istismar müddətinin bitdiyi, tam texniki müayinələrin aparılmadığı, nəzarət-ölçü cihazları və qoruyucu qurğuların yoxlanılmadığı müəyyən edilib.
Aşkar olunmuş pozuntuların dərhal aradan qaldırılmasının mümkün olmadığı, eləcə də insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, maye qazdoldurma məntəqəsinin istismarı Agentliyin əməkdaşları tərəfindən dayandırılıb. Eyni zamanda, pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktın və Agentliyin qərarının surətləri sahibkara təqdim edilib.