Keçən şənbə günü keçirilən və "Gürcü Arzusu" partiyasını qələbəsi ilə nəticələnən mübahisəli parlament seçkiləri bir çox gürcü seçicisi üçün Avropa İttifaqına doğru getmək istəyi və Rusiya ilə sülhün qorunması zərurəti ilə bağlı reallıq arasında seçim idi.
Müxalifət və xarici müşahidəçilər seçkiləri Ukraynadakı müharibə şəraitində Gürcüstanın Avropaya yaxınlaşıb-yaxınlaşmayacağına, ya da Rusiyaya meyl edəcəyinə qərar verəcək dönüş nöqtəsi kimi qiymətləndirmişdi.
Təsisçisi milyarder Bidzina İvanişviliyə sadiq görünən hakim partiya Avropa İttifaqına üzv olmaq istədiyini, eyni zamanda Cənubi Qafqaz respublikasını Ukrayna kimi viran qoya biləcək prezident Vladimir Putinin Rusiyası ilə qarşıdurmadan qaçmalı olduğunu deyir.
Partiyanın 2012-ci ildə hakimiyyətə gəlişindən bəri hər seçkidə "Gürcü Arzusu"na səs verən paytaxt Tbilisi sakini Serqo "Gürcüstanda bu 12 il ərzində sülh yaşadıq" deyir.
Seçki komissiyası şənbə seçkilərində "Gürcü Arzusu" partiyasının səslərin 54%-ni topladığını desə də, müxalifət partiyaları və prezident seçkinin oğurlandığını iddia edib, Qərb isə səsvermə pozuntuları ilə bağlı xəbərləri araşdırmağa çağırıb.
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) da daxil olduğu 57 ölkəni təmsil edən müşahidəçi qrupların bildirdiklərinə görə, seçki bülletenlərinin doldurulması, rüşvətxorluq, seçicilərin təhdid edilməsi və zorakılıq kimi iddia edilən pozuntular seçkinin nəticələrinə təsir göstərə bilər.
Avropa İttifaqı və Birləşmiş Ştatlar bərabər şəraitin olmadığını desə də, nəticənin "Gürcü Arzusu" tərəfindən oğurlandığını deməyib. Rusiya Qərbi müdaxilədə ittiham edib.
Ritorikadan əlavə, bu nəticə Tiflisin Avropa Birliyinə qoşulmaq ambisiyalarına çətinliklər yaradır. Sorğular isə gürcülərin böyük əksəriyyətinin Avropa İttifaqına inteqrasiyanı dəstəklədiyini göstərir.
Brüssel demokratik geriləmə narahatlıqlar və "Gürcü Arzusu"nun rusiyayönlü ritorikasına görə, faktiki olaraq Gürcüstanın Avropa İttifaqına üzvlük ərizəsini dondurub.
"Gürcü Arzusu"nu dəstəkləyənlər deyirlər ki, onlar Avropaya qoşulmaq istəsələr də, Gürcüstanın ənənələrini - ailə və kilsə dəyərlərini qurban vermək istəmirlər.
Onlar yalnız "Gürcü Arzusu" partiyasının "Avropaya yalnız sülh, ləyaqət və firavanlıqla" şüarını dəstəkləyir.
Müxalifətin saxta olduğu bildirdiyi rəsmi nəticələrə əsasən, "Gürcü Arzusu" Tbilisi və digər şəhərlərdə daha pis nəticə göstərsə də, kənd yerlərində 90%-ə qədər böyük üstünlük əldə etdiyini göstərib.
Müxalifət tərəfdarları deyirlər ki, hakim partiyanın xarici siyasət və sosial məsələlərdə mövqeyi Avropanın mövqeyi ilə bir araya sığmır. Müxalifət əlavə edir ki, Rusiya ilə sülhün qorunması Gürcüstanın Qərblə həmrəy olmasından asılıdır.
Təxminən 200 il Gürcüstanda hökmranlıq edən Rusiyanın 2008-ci ildə bu ölkəyə qarşı apardığı qısa müharibədə qalib gəldiyi və Rusiya tanklarının Tbilisiyə doğru irəlilədiyi ilə bağlı xatirələr hələ də çoxları üçün təzədir.
visiontv.az