Azərbaycan millisinin sabiq hücumçusu Amil Yunanov Albaniyanın “Bilis” klubundan ayrılıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə futbolçu özü “Report”a məlumat verib.
O, klub tərəfindən verilən vədlərin yerinə yetirilmədiyini bildirib:
“Albaniyaya böyük ümidlərlə getmişdim. Təəssüf ki, bəzən hər şey düşündüyümüz kimi olmur. “Bilis” komandasına yeni keçəndə ilk dəfə əsas heyətdə meydana çıxdım və oynadım. Daha sonra baş məşqçi dəyişikliyi reallaşdı. Nevil Dedenin komandaya gəlişi mənim üçün uğurlu olmadı. Daim ehtiyatda qalırdım. Komandaya yeni transfer olunduğumu, buna görə əsas heyətdə oynamayacağımı bildirdi. Halbuki o, özü ilə gətirdiyi başqa bir hücumçuya tez-tez şans verirdi. Belə olan halda mənim orada qalmağımın mənası yox idi”.
31 yaşlı oyunçu şəraitin də ürəkaçan olmadığını və bu səbəbdən Bakıya qayıtdığını söyləyib:
“Qalıb oynamaq, komandama kömək etmək istəyirdim. Niyyətim o idi ki, “Bilis”ə əlimdən gələn köməyi göstərim və vuracağım qollarla komandanı irəli daşıyım. Təəssüf ki, şans vermədilər və futbolçu ilə rəftar qaydaları xoşuma gəlmədi. Danışılası söz çoxdur. Amma ehtiyac duymuram”.
Yunanov transfer vərəqinin Albaniya klubunda qaldığını deyib:
“Müqaviləmə xitam verilməyib. İstəyirəm ki, hər şey sülh çərçivəsində həll olunsun. İnşallah, yaxın gələcəkdə hər şey qaydasına düşəcək”.
Qeyd edək ki, Amil Yunanov ötən ay “Bilis” klubu ilə birillik müqavilə imzalamışdı.