Torpaqlarımızın müdafiəsi uğrunda qəhrəmancasına şəhid olan cəsur kəşfiyatçı Fariz Cavadovun anasının dünyasını dəyişib.
Modern.az-ın məlumatına görə, "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmiş Fariz Cavadovun anası Biləsuvardakı məcburi köçkün qəsəbəsində vəfat edib. Mərhumu həmin qəsəbədəki məzarlıqda dəfn ediblər.
Şəhid Fariz Şəmil oğlu Cavadov 1975-ci il sentyabrın 10-da Cəbrayıl rayonunun Çaxırlı kəndində anadan olub. 1992-ci ildə orta məktəbi bitirib. 3 oktyabr 1993-cü ildə hərbi xidmətə çağırılan Fariz bir ay “N” saylı hərbi hissədə təlim keçib və kəşfiyyatçı kimi xidmətə davam edib.
1997-ci ilin 7-10 aprel tarixində Azərbaycan Ordusunun 16 nəfərdən ibarət 2 kəşfiyyat qrupu o dövrdə işğalda olan Xocavənd, Hadrut istiqamətində düşmən arxasına sızaraq döyüş tapşırığını şərəflə yerinə yetirib. Əməliyyatın 3-cü günü qruplardan birincisi itkisiz geri qayıdıb.
Lakin digər 8 nəfərdən ibarət ikinci qrup geri qayıdarkən mühasirəyə düşüb. Azərbaycan kəşfiyyatçıları təslim olmağı, düşmənə əsir düşməyi ağıllarına belə gətirməyərə ermənilərlə qeyri-bərabər döyüşə atılıblar... Aprelin 7-dən 10-dək, düz üç günlük ağır döyüşlər zamanı az sayda qrup üzvləri əsl qəhrəmanlıq nümayiş etdiriblər.
Ağır döyüş zamanı yaralanmış qrup üzvü çavuş Aqil Əhmədovun artıq öldürüldüyünü zənn edən digər 7 nəfər döyüş sursatlarının bitdiyini görüb düşmən əlinə keçməmək üçün bir yerə toplaşıb və bir-birini qucaqlayaraq özlərini əl qumbarası ilə partladıblar.
Kəşfiyyatçılarımızın cəsarətli, mərdanə ölümləri hətta erməni komandirləri belə heyrətə salıb. Ermənilər 7 nəfər azərbaycanlı kəşfiyyatçının nəşini Hadrutda şəhid olduqları yerdə torpağa basdırıblar. Qrupun komandiri leytenant Elxan Ataxan oğlu Ağayev, qrup üzvləri - leytenant Vüqar Rzaxan oğlu Yarəhmədov, çavuşlar - Anar Üzeyr oğlu Rzayev, Dinar İbrahim oğlu Mustafayev, Nizami Səfi oğlu Ələkbərov, Aqşin Əli oğlu Həsənov və Fariz Şəmil oğlu Cavadov idi...
10 aprel 1997-ci il tarixi Fariz Cavadovun şəhidliyə ucaldığı gün kimi yadda qalıb.
Sonradan ermənilərlə aparılan danışıqlar nəticəsində cəsur kəşfiyyatçılarımızın nəşləri düşmən tərəfdən geri alınıb və Bakıdakı II Fəxri xiyabanda dəfn olunublar.
Qrupun ağır yaralanaraq huşsuz vəziyyətdə əsir düşmüş yeganə sağ qalan üzvü, Ermənistan məhkəməsinin barəsində ölüm hökmü çıxardığı çavuş Aqil Əhmədov 1 il 11 aydan sonra Azərbaycan tərəfinin səyi ilə geri alınıb. O, hazırda I qrup əlildir.
Qəhrəman döyüşçü Fariz Şəmil oğlu Cavadov 28 may 2017-ci ildə “Cəmşid Naxçıvanski” yubiley medalı, 24 iyun 1998-ci ildə isə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.
Bu ilin aprelində “Xocavənd əməliyyatı”nda şəhid olan 7 kəşfiyyatçılnın ailə üzvlərinin Xocavənd rayonuna səfəri təşkil edilib. Onlar qəhrəmanların şəhid olduqıları yeri ziyarət ediblər.
A.Qorxmaz