AZ

Avropa İttifaqının "müşahidəçiləri"nin Azərbaycan sərhədində nə işi var? - "Növbəti təxribatın hazırlıqlarını həyata keçirirlər"

\"Təəssüflər olsun ki, sülhdən dəm vuran və bunun tərəfdarı kimi çıxış edən Ermənistan öz havadarlarında dəstək ilə Ermənistan ordusunun silahlandırılmasını davam etdirir və 44 günlük Vətən Müharibəsindən sonra şərti Ermənistan-Azərbaycan sərhədlərində müşahidə missiyasını həyata keçirmək üçün Avropa İttifaqından bir qrup keçmiş hərbçilərin gətirilməsinə nail olmuşdular və sonradan onların mandatına uyğun fəaliyyətləri əslində başa çatsa da, onlar Azərbaycanla razılaşdırmadan Avropa İttifaqı müşahidə missiyasının fəaliyyət müddətini bir tərəflə olaraq uzatdılar və Azərbaycan təbii ki, bu fəaliyyəti ümumiyyətlə dəstəkləməyib, bu fəaliyyətə razılıq verməyib və əgər əvvəllər onlar müşahidə missiyasını yalnız Avropa İttifaqı müşahidə missiyası sülhməramlılar bayrağı altında həyata keçirirdilərsə, hazırda artıq qorxmadan, çəkinmədən, hətta lazım gələndə Fransa bayrağı altında da burada görünə bilirlər və açıq şəkildə erməni hərbçilərlə birlikdə bu müşahidəni reallaşdırırlar\".

Bu fikirləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev Ermənistan ərazisindəki Avropa İttifaqının \"müşahidəçiləri\"nin yenidən Azərbaycanla şərti sərhədə gəlməsinə münasibət bildirərkən deyib.
 
Deputat bildirib ki, özlərini dırnaqarası müşahidəçi kimi qələmə verən bu şəxslər heç bir əsas olmadan Azərbaycanla şərti sərhədə gələrək burada müşahidələrini qeydə alırlar:
 
\"Bununla yanaşı, onlar heç bir əsas olmadan burada müşahidələrini qeydə alır və aydın məsələdir ki, növbəti təxribatın hazırlıqlarını həyata keçirirlər. Son dövrlərdə Ermənistan Silahlı Qüvvələrinin aktiv silahlandırılması və eyni zamanda Avropa İttifaqı müşahidə missiyasının da aktiv şəkildə şərti sərhəd ərazilərində müşahidələr aparması onu deməyə imkan verir ki, Ermənistan növbəti təxribatlara hazırlaşır. Eyni anda da bilirsiniz ki, sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı əsasnamə hər iki dövlət tərəfindən rəsmən təsdiqlənib. Onlar bu delimitasiya, demarkasiya məsələləri ilə bağlı da Avropa İttifaqından gəlmiş, keçmiş hərbçilərin iştirak etdikləri bu müşahidə missiyasından da müəyyən təlimatlar və məsləhətlər alırlar.

Bu da istər-istəməz bir daha qeyd edirəm, həmin müşahidə missiyasının mandatına uyğun deyil. Onlar faktiki olaraq yalnız müşahidə ilə işlərini yekunlaşdırmalı idilər, ancaq təəssüflər olsun ki, indi bir daha biz əmin oluruq ki, onlar Ermənistan ordusunun yenidən qurulmasına, formalaşdırılmasına, eyni zamanda da Ermənistanın növbəti təxribatlarına, hazırlıq prosesinə dəstək verirlər. Həmçinin ehtimal olunur ki, delimitasiya, demarkasiya məsələlərində də onlar birbaşa olaraq Ermənistanla birlikdə addımlayırlar və Ermənistana lazımi təlimatlar verirlər və Ermənistan da onların təlimatları və məsləhətləri əsasında öz fəaliyyətlərini təşkil edir\".
 
Millət vəkili qeyd edib ki, Azərbaycan ilk gündə olduğu kimi, bu gün də açıq şəkildə sülhün tərəfdarı qismində çıxış edir, lakin görünür ki, Ermənistan sülhə məqbul baxmır:

\"İstənilən halda Azərbaycan tərəfi bütün bu prosesləri izləyir. Əgər biz baş vermiş hadisələr nəticəsində Azərbaycana qarşı hansısa bir ciddi təhdid və təhlükələr doğrulacağını və yaradılacağını hiss etsək, mən inanıram ki, biz onların qarşısını mütləq alacayıq. Azərbaycan ilk gündə olduğu kimi, bu gün də açıq şəkildə sülhün tərəfdarı qismində çıxış edir və biz dünya ictimaiyyətini Ermənistanı silahlandıran dövlətlərə qarşı çıxmağa və Ermənistanın aktiv silahlandırılmasının dayandırılmasına çağırırıq və Cənubi Qafqazda uzunmüddətli və dayanıqlı sülhün əldə olunmasının yeganə yolu Ermənistanın silahlandırılmadan Azərbaycan reallıqlarını qəbul etməsi və sülh sənədlərinin imzalanmasıdır və Azərbaycana qarşı ərazi iddialarından əl çəkilməsi, o cümlədən götürdükləri öhdəliklərin yerinə yetirilməsidir. Mən inanıram ki, tezliklə bunlar gerçəkləşəcəkdir və Ermənistan haqq yoluna gələcəkdir\".
 
Qeyd edək ki, ötən gün məlum olub ki, səhər saatlarında Laçın rayonunun Fətəlipəyə kəndi ilə sərhədin Gorus rayonu Kornidzor kəndi ərazisində yerləşən yolun üzərinə Avropa İttifaqına məxsus 2 ədəd \"Toyota\" markalı minik avtomobili və Ermənistana məxsus 1 ədəd \"Niva\", 1 ədəd \"UAZ Patriot\" markalı minik avtomobilləri gəlib.

Avtomobillərdən 6 nəfər Aİ \"müşahidəçisi\" və bir nəfər erməni hərbi qulluqçu düşüb, Azərbaycanın ərazilərini müşahidə cihazı ilə 2 saata yaxın izləyiblər. Sonra Kornidzor kəndi istiqamətinə qayıdıblar.

Saat 13 radələrində isə Zəngilan rayonu ilə sərhəddə 2 ədəd Avropa İttifaqına məxsus \"Toyota\" markalı avtomobil və 1 ədəd \"UAZ Hunter\" markalı avtomobil peyda olub. Qeyd olunan avtomobillərdən ümumilikdə 5 nəfər Avropa İttifaqı \"müşahidəçisi\" və 1 nəfər erməni hərbi qulluqçu enib, gündüz görmə cihazı vasitəsilə Azərbaycan ərazilərini müşahidə ediblər.
 
Mikayıl Mirzəzadə
Seçilən
36
azxeber.com

1Mənbələr