Fransanın Ermənistandakı səfiri Olivye Dekotinyi Azərbaycan-Ermənistan sülh prosesinə açıq müdaxilə xarakterli bəyanatlar verir...
Politoloq: “Fransanın bölgədəki destruktiv fəaliyyəti təbii ki, region üçün müəyyən təhlükələr yaradır”.
“Hal-hazırda Fransanın niyyəti COP29-a qədər Avropa İttifaqının mülkü missiyası adlanan missiyası vasitəsilə Azərbaycanı sərhədlərdə təxribatlara təhrik etməkdir”.
Bu sözləri politoloq Oktay Qasımov Fransanın Ermənistandakı səfirinin son bəyanatlarını Poliqon-a şərh edərkən qeyd edib.
Son günlər Fransanın Ermənistandakı səfiri Olivye Dekotinyi Azərbaycan-Ermənistan sülh prosesinə açıq müdaxilə xarakterli bəyanatlar verir. Xüsusən səfir qeyd edib ki, Azərbaycanla Ermənistan arasında sülh sazişi COP29 tədbirlərinə qədər imzalanmalıdı. Dünən isə Zəngəzura səfər edin səfir Azərbaycanın Ermənistana qarşı yeni müharibə təhlükəsindən danışıb. Hiss olunur ki, Ermənistandakı səfilirini əmr formasında danışdıran Paris Azərbaycan-Ermənistan sülh prosesini pozmağa çalışır.
Paşinyan hökumətinin bir çox məsələlərdə Fransadan asılı olduğunu və Parisdən gələn direktivlərlə çıxış etdiyini nəzərə alarsaq, Fransanın sülhü əngəlləmək planları region üçün hansısa təhlükə yarada bilərmi?
Fransanın bölgədəki planlarını Poliqon-un əməkdaşı politoloq Oktay Qasımov ilə müzakirə edib.
Oktay Qasımov: “Fransa öz adamı olan Gürcüstanın prezidenti vasitəsilə proseslərə təsir etmək, Gürcüstanı nəzarətə almaqla, Ermənistan və Gürcüstan üzərindən Azərbaycana təzyiq planları qurmağa çalışırdı”.
Məhz Fransanın təlimatı əsasında missiya sərhəddə olanda Ermənistan ərazisindən onlara atəş açıldığını istisna etməyən politoloq bildirib ki, təxribatı Azərbaycanın üzərinə atmaları da istisna deyil və Azərbaycan bütün bunlardan xəbərdardır:
“Təbii ki, Cənubi Qafqazda gərginliyin qalmasında ən maraqlı olan ölkə bəlkə də Fransadır. Çünki Fransanın son dörd ildəki fəaliyyəti və Ermənistan üzərindəki təsir imkanları iki ölkə arasındakı sülh prosesini əngəlləyən əsas amillərdən biridir. Xüsusilə son bir ildə Fransanın Ermənistanda keçirdiyi təlimlər, fransız generalının Ermənistanın Müdafiə Nazirliyində müşavir vəzifəsinə təyin olunması, Fransanın Ermənistana hücum xarakterli hava hücumu və digər raket sistemlərini verməsi, Ermənistanla Fransa arasında hərbi-texniki sahədə genişmiqyaslı əməkdaşlığın artıq surətlə geniş vüsət alması onu göstərir ki, Fransa bölgədə yerləşmək üçün gərginliyin bundan sonra da davam etməsində maraqlıdır.
Son bir neçə ayda Ermənistanda yerləşən Avropa İttifaqının mülki missiyası əslində daha çox Fransanın iradəsi ilə hərəkət edir və pozucu fəaliyyətlə məşğul olurlar. İki gün öncə Fransa səfərinin Zəngəzurla sərhəddə gəlməsi və nümayişkaranə Azərbaycan ərazilərini müşahidə etməsi, qayıdandan sonra verdiyi bəyanatlar da diplomatik cəhətdən çox uzaq, təxribatçı bəyanatdır.
Təbii ki, hal-hazırda Fransanın niyyəti COP29-a qədər Avropa İttifaqının mülkü missiyası adlanan missiyası vasitəsilə Azərbaycanı sərhədlərdə təxribatlara təhrik etməkdir. Onlar bununla da Azərbaycan üzərində əlavə təzyiq imkanlarını əldə etmək istəyir. Heç istisna deyil ki, məhz Fransanın təlimatı əsasında missiya sərhəddə olanda Ermənistan ərazisindən onlara atəş açılıb. Təxribatı Azərbaycanın üzərinə atmaqları istisna deyil. Azərbaycan bütün bunlardan xəbərdardır.
Oktay Qasımov: “Həm Azərbaycan, həm də bölgədə marağı olan regionun güclü dövlətləri - Türkiyə, Rusia və müəyyən qədər də İran Fransanın bölgədə yerləşməsində maraqlı deyillər”.
Hesab edirəm ki, Fransanın bütün təxribatlarına baxmayaraq Parisin bölgədə yerləşmək imkanları çox geniş deyil. Osrisin bu məqsədini bloklayan ölkələrdən biri də Azərbaycandır. Nəzərə almalıyıq ki, Fransanın Gürcüstan üzərində oynadığı oyunlar pozulmaq üzrədir. Fransa öz adamı olan Gürcüstanın prezidenti vasitəsilə proseslərə təsir etmək, Gürcüstanı nəzarətə almaqla, Ermənistan və Gürcüstan üzərindən Azərbaycana təzyiq planları qurmağa çalışırdı. Amma Fransanın bu planı pozulmaq üzrədir. Gürcüstanda keçirilən seçkilərin nəticəsi bunu deməyə əsas verir. Bir müddət sonra Gürcüstanda vəziyyət sabitləşərsə, bu Fransanın ciddi şəkildə Gürcüstanda nüfuzunun itirilməsi ilə nəticələnəcək.
Bu baxımdan Fransanın bölgədəki destruktiv fəaliyyəti təbii ki, region üçün müəyyən təhlükələr yaradır. Amma hesab edirəm ki, həm Azərbaycan, həm də bölgədə marağı olan regionun güclü dövlətləri - Türkiyə, müəyyən qədər də Rusiya Fransanın bölgədə yerləşməsində maraqlı deyillər. Buna qarşı da müqavimət göstəriləcək. Beləliklə də, Fransanın bölgədəki həyata keçirmək istədiyi planlar həyata keçməyəcək”.
Nərminə UMUDLU
Poliqon.info