İsbata ehtiyacı yoxdur ki, hər kəs öz yerində olsa, vəzifəsinin nədən ibarət olduğunu anlasa, işinə nəzarət edə bilsə, həyatda əsla problem olmaz. Məsələn, nə yollar üzərindəki piyada keçid zolağı silinib görünməz olar, nə yol kənarında atomobillərin vurub aşırdığı və aylarla yerinə oturmağı gözləyən bardür olar, nə hansı bir iş üçünsə qazılan, lakin günlərlə əvvəlki formasını almağı gözləyən ərazilər olar, nə də Xətai rayonu, Fəzail Bayramov, 1156 küçəsindəki kimi, 15 gündür, aşıb yanı üstə qalan keçid nişanı olar... . O nişan ki, onu sürətlə ötən avtomobillərdən biri vurub yerə salıb. Buradan isə hər gün keçən yüzlərlə insan var. Və həmin keçid nişanı yolda piyada zolağının olduğunu işarə edirdi.
Biz vəzifəmizi gözü açıq deyil, gözüyumulu icra etdikcə, iş otaqlarından bayıra çıxmadıqca, bilirsiniz nə baş verir? Hadisə baş verir. Kimi küçədə qazılan quyuya düşür, kiminin ayağı aşıb küçədə qalan bardüra ilişib sınır, kimini ağ keçid üzərində qara günlər gözləyir və sair. Eləcə də piyada yol nişanı, hansı hadisələrə vəsilə olacaq, Allah bilir...
Keçid nişanı aşırdılan gündən bir neçə günə kimi elə yerindəcə qalmışdı. Sakinlər gözlədilər, gözlədilər, gəlib onu ayağa qaldıran olmadı, çəkib yaxınlıqdakı hasarın dibinə qoydular ki, əl-ayağa dolaşmasın, buradan keçənlərin ayağının sınmasına səbəb olmasın. Beləliklə, keçid nişanı 15 gündür, qalıb orada, aid təşkilatları gözləyir ki, gəlib onu yerdən qaldırsınlar.
Lakin nə gələn var, nə də onu yerdən qaldıran. Bilirsiniz, nə vaxt gələcəklər? Burada avtomobil bir nəfəri vurub yerə yıxandan sonra. Çünki keçid nişanını uşaqdan gələn sürücülərin hər biri görürdü. Məhz ona görə sürətlə gələn avtomobillər burda bir qədər yavaşıyırdı. Lakin indi keçid nişanı olmadığı üçün onların əksəriyyəti nə bilsin ki, burada piyada keçidi var...
Uzun sözün qısası: sakinlər böyük ümid bəsləyir ki, biri gəlib o keçid nişanını ayağa qaldıracaq.
Mətanət Məmmədova