Son zamanlar ölkədə belə bir tendensiya yaranıb: maddi asılılığı olmayan qadınlar kişilərə ehtiyac duymadığını bildirir, həyatlarında istəmirlər, eynilə kişilər də “paltaryuyan maşın, tozsoran, qabyuyan və.s varsa, nə edirəm qadını” tipli yanaşma tərzi ortaya qoyurlar. Bu isə nəticədə tənhalaşmaya, boşanmalara səbəb olur. Həyatımızı asanlaşdıran vasitələr getdikcə insanların yerini alır. Bundan başqa, tərəflər bir-birini insan kimi deyil, ehtiyac, tələbat kimi dəyərləndirirlər. Maraqlıdır ki, Avropa ölkələri maddi azadlıq, texnologiya baxımından daha çox inkişaf etsə də, bu cür düşüncələrə orada az rast gəlinir.
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən sosioloq Lalə Mehralı deyib ki, çox zaman Avropadakı adətlər təndiq olunur, ölkəyə gətirilməsi mənfi hal hesab edilir:
“Amma avropalıların çox spesifik ənənələri var ki, onları tətbiq etmək lazımdır. Bunlardan biri müasir ailələr, boşanma mədəniyyətidir. Bizdə boşanma məhkəmələrinin hansı səviyyədə keçdiyini görürsünüz – saç yolma, qışqırıq, dava və.s Lakin Avropa ölkələrində bu vəziyyət necədir? Mehriban ayrılmaq və ömürlərinin sonlarına qədər övladları naminə dost qalmaq. Hazırda bizdəki ailələrdə dəhşətli hallar yaşanır. Hər şeyi açıb ağartmaq, dilə gətirmək təəssüf ki, olmur. Nə qədər ki, oğlanlar evlənəcəyi qızı “qabyuyan”, “paltaryuyan”, “ev təmizləyən”, “yemək bişirən” obrazında görəcək, bu vəziyyət belə də davam edəcək”.
Sosioloq qeyd etdi ki, insan evlənən zaman əslində özünə “ruh yoldaşı” axtarır:
“Öz yarısını, məhəbbətini axtarır və bu məqsədlə addım atır. İnsan özünü tamamlamaq üçün evlənir. Bizdə evlilik çox vaxt necə olur – oğlanlar adətən “yaşım çatıb evlənim”, “filan qız yaxşı namizəddir, evlənim”, “filan qızın atası yaxşı yerdə işləyir, evlənim” kimi şeylər düşünür, qızlar isə “oğlanın Bakıda fərdi evi, maşını var”, “yaxşı qazancı var” və.s məntiqlə addım atırlar. Bəs tərəflər niyə bir-birində əxlaq, iffət, namus, başqa göstəricilər axtarmırlar? Evlənəndə düşünmürlər ki, namizədin mənəviyyatı varmı, dəyərlərə nə qədər hörmət edir, başqa mental xüsusiyyətləri varmı, ümumiyyətlə, bu, yaxşı ailə başçısı, xanımı olacaqmı? Təəssüf ki, bu dəyərlər ölçülmür. Yalnız bir-birilərində maddi tərəflərə, ev işi bacarıqlarına və.s baxırlar. Belə çıxır ki, yemək bişirən bilməyən, amma mənəviyyatı, əxlaqı yüksək səviyyədə olan qadınla evlənməyə dəyməz? Əgər oğlanlara ailə qurmaq sırf təmizlik, yemək üçün lazımdırsa, o zaman elə bir aşpaz tutub işlərini gördürməyi düşünsünlər. Necə ki, gəliri olan bəzi oğlanlar fikirləşirlər ki, pulları var, təmizlik işçisi tuta bilərlər, onda arvadı nə edirlər?. Bu düşüncədə olan insanlar çoxdur. Maddi dəyərlər mənəvi dəyərlərin önünə keçdiyi müddətcə, boşanma sayı da yüksək olacaq, dağılmış ailələrin uşaqları da yarımçıq psixologiya ilə böyüyəcək, onlar da ailə dəyərlərini bilmədən formalaşacaqlar, nəticədə yarımçıq ailələr quracaqlar”.
Günay Rəsulqızı