Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib:
"Rəsmi Parisin əsas hədəflərindən biri ondan ibarətdir ki, Ermənistan və Azərbaycan arasında qarşıdurmanı savaş həddinə çatdırsın və bunun da nəticəsində bəhanə qazanaraq Ermənistan ərazisində hərbi kontingent yerləşdirmək imkanları qazansın. Belə anlaşılır ki, hazırda Fransa Cənubi Qafqazdakı sülh prosesi qarşısında əsas əngəlləyici faktor rolunu oynayır. Rəsmi Bakının Fransanı Cənubi Qafqazdakı proseslərdən kənarlaşdırmasından sonra Fransa Azərbaycana qarşı aqressiv, intiqamçı mövqe tutur, ermənipərəst mövqeyini daha açıq şəkildə büruzə verir. Eyni zamanda Azərbaycana qarşı beynəlxalq təzyiq kampaniyasının başladılmasına cəhd göstərir, Ermənistanı silahlandırır, yəni Cənubi Qafqazda situasiyanın gərginləşdirilməsi və Azərbaycana təzyiq göstərilməsi üçün əlindən gələn hər şeyi edir. Fransa hesab edir ki, Ermənistan özünün bir vilayətidir və onu istədiyi kimi idarə edə bilər. Fransız kəşfiyyatçıların Azərbaycanla sərhəddə peyda olması da Fransanın Azərbaycana qarşı qeyri-rəsmi siyasi savaş açması anlamı daşıyır. Azərbaycanın müqaviməti, verdiyi sərt reaksiya hələlik rəsmi Parisi öz yerində oturtmaq üçün kifayət edir. Üstəlik, rəsmi Bakı Fransanın müstəmləkəçilik siyasətinin qarşısında əsas aparıcı qüvvə, aparıcı siyasi iradə mərkəzi rolunu oynayır. Təbii ki, Fransanın siyasi dairələri də Azərbaycanın bu qətiyyətli mövqeyindən ciddi şəkildə narahatdırlar. Ona görə də Azərbaycana qarşı Ermənistan üzərindən müharibə situasiyasının yaradılması Fransanın maraqları çərçivəsindədir".
Siyasi şərhçi Fransa səfirinin Qarabağı tərk etmiş ermənilərlə bağlı dediklərinə də münasibət bildirib:
"Azərbaycan hökuməti, Azərbaycan dövləti erməniləri Azərbaycan ərazisindən çıxarmayıb. Onlar könüllü şəkildə Azərbaycandan çıxıb Ermənistana gediblər. İkincisi, Azərbaycanın nə Ermənistan, nə də Fransa qarşısında heç bir borcu yoxdur. Əgər ermənilərin Azərbaycana daimi yaşamaq üçün geri qayıtmaq niyyətləri varsa, o zaman rəsmi Bakının qoyduğu şərtlər yerinə yetirilməlidir. O şərtlər də çox sadə, beynəlxalq hüquq və Azərbaycan Konstitusiyasına uyğun şərtlərdir. Qarabağa qayıtmaq niyyətində olan ermənilər ilk növbədə Azərbaycan Konstitusiyasını, Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər. Azərbaycan pasportları almalıdırlar. Eyni zamanda, Azərbaycan dövlətinin açdığı xüsusi portalda Azərbaycana qayıtmaq istəklərini ifadə etmək üçün qeydiyyatdan keçməlidirlər. Bu qədər sadə bir şeydir, yoxsa Fransanın dediyi kimi "dəstə ilə Azərbaycana qayıdırıq, əvvəl ki necə yaşamışıq, elə yaşayır, necə davranmışıq, o cür davranırıq" kimi cəhdlər daha heç vaxt baş tutmayacaq. Çünki Azərbaycan beynəlxalq hüquq normaları çərçivəsində idarə olunan bir dövlətdir. Azərbaycan ərazisində bundan sonra heç vaxt erməni terrorizmi və erməni separatizmi fəaliyyət göstərə bilməz. Bu məsələ bitti. Bundan sonrası ancaq hüquq çərçivəsində həll olunan məsələlərdir. Azərbaycan qanunvericiliyinə, beynəlxalq hüquq normalarına riayət olunmalıdır. Fransa hansı havanı çalsa, hansı niyyətlər güdsə də, bu və digər bütün məsələlərdə Azərbaycanın qətiyyətli mövqeyinə təsir göstərə bilməz. Fransa kəşfiyyatçılarının da elə Fransa bayrağı altında sərhəddə peyda olması Fransanın növbəti təxribatıdır. Cənubi Qafqazda yerləşmək niyyətlərini büruzə verən bir addımdır. Böyük ehtimalla əgər onlar Ermənistanda yerləşə bilsələr də, Azərbaycan Fransaya Cənubi Qafqazda söz sahibi olmaq imkanı verməyəcək. Cənubi Qafqazın siyasi iradə mərkəzi Azərbaycandır. Cənubi Qafqazda şərtləri Azərbaycan dövləti müəyyən edir. Azərbaycan dövlətinin razılığı olmadan heç bir xarici ölkə, xüsusilə də Cənubi Qafqaza heç bir aidiyyatı olmayan kənar dövlətlər bu regionda öz siyasi iradələrini yürüdə bilməzlər".
Qiymət Mahir