Türkəçarə, yoxsa, həkim tövsiyəsi? — Pediatrdan AÇIQLAMA
Havaların soyuması ilə körpələr, azyaşlı uşaqlar arasında xəstəliklər də artır. Valideynlər, böyüklər bəzən uşaqları türkəçarə üsullarla sağaltmağa çalışırlar. Körpənin burnuna kərə yağı qoymaq, qulağına ana südü damlatmaq və ya həkim məsləhəti olmadan uşaqlara müxtəlif ot dəmləmələri içirmək kimi üsullar geniş yayılıb. Bu kimi vasitələrin bəzən fəsadları da ola bilər.
Həkim-pediatr Qoşqar İsmayılov Demokrat.az-a açıqlamasında deyib ki, müasir dövrdə də bu cür üsullarla müalicələr davam edir, amma burada bəzi məqamlara diqqət olunmalıdır:
“Azyaşlı xəstələndikdə ailə mütləq şəkildə pediatrla, ailə həkimi ilə əlaqə saxlamalıdır. Körpə nəfəs almaqda çətinlik çəkirsə, həkim məsləhəti ilə dərmansız üsullarla müdaxilə etmək olar. Dəniz suyu, natrium xlorid kimi vasitələrdən istifadə etmək lazımdır, bunların damcı forması da var. Evdə hazırlanmış məhsullar və ya yağ kimi vasitələrin sonradan müəyyən fəsadları ortaya çıxa bilər. Körpələrin, uşaqların sağlamlığını riskə atmamaq üçün həkimlə məsləhətləşmək tövsiyə olunur”.
Törə Zeynallı
Demokrat.az