Ötən gün hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 461 ABŞ dollarınadək enib.
“APA-Economics” xəbər verir ki, 30 oktyabr tarixində TTF (Niderlandın "Title Transfer Facility"i Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə noyabr fyuçerslərinin qiyməti 461,1 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (478,9 dollar) ilə müqayisədə 3,7% azdır.
Qeyd edək ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.
Neft sahəsi üzrə tanınmış ekspert, Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban “Sherg.az”a bildirib ki, cari ilin birinci yarısında Avropada qazın satış qiyməti 360 dollar təşkil edib:
“İyul sentyabr aylarında isə 430 dollar idi. Lakin oktyabr ayının 1 dən etibarən qiymətlər 450 dollardan yuxarıdır. Yəni biz ilin sonuna doğru qiymətin artımını müşahidə edirik, azalmasını deyil. Qaz ixrac edən Azərbaycan ixrac etdiyi qaz həcmlərinin 50 faizini Avropada satır. Qiymətlərin hər rüb üzrə üzü yuxarı getməsi isə, Azərbaycan üçün əlavə gəlirlər deməkdir. Bu baxımdanda hazırda Avropada qazın orta qiymətinin 450 dollardan yuxarı həddə olması Azərbaycan üçün əlverişlidir. Çünki Azərbaycan üçün əlavə gəlirlərin gətirilməsi o deməkdir. Azərbaycan Avropada Şahdəniz yatağından çıxarılan qazı satır. Biz həmin qazı 2020-ci ilin sonuncu günündən Avropa bazarında satmağa başlamışıq. Qiymət nə qədər çox olarsa, Şahdəniz yatağına və xarici şirkətlərin çəkdiyi xərcləri bir o qədər tez qaytarmış olarıq. Bunun nəticəsində də Azərbaycana qazın gətirdiyi qazanc daha çox olar”.