AZ

Səsin sehrində bitən gül

İlıq payız günəşinin şəfəqlərimaşının bağlı şüşələrindən içəri keçməyə israrlı idi.Yolun hər iki tərəfi göz işlədikcə şoranlıq və kimsəsizliyi ilə yorucu təsir bağışlayırdı. Göylə yerin birləşdiyi üfüq xəttinə diqqət yetirdikcə ona elə gəlirdi ki, dünya elə beləcə bomboz düzənlikdən ibarətdir.

Zaman elə bir uçur. Dostunun atasının dəfininə getdiyi gündən düz bir il ötürdü. Yaddaşında bir il əvvəlki gün elə bil dünən olubmuş kimi bütün təfərrüatı ilə qalmışdı. Dəfindən qayıdarkən edilən zəngə görə maşını saxlayıb, yerə düşdüyü və onun üçün bir göz qırpımı anına bərabər, əsilində isə yarım saat danışdığı yeri yadında dəqiq saxlamışdı. Bütün ətraf ağappaq şoran torpaq üstə adda-budda kiçik yovşan kollarından ibarət olsa da, bir neçə yulğun ağacı diqqət çəkirdi. Gedəcəyi ünvana hələ 60 klometr qaldığını yol kənarı göstəricidən oxudu. Dəqiq buradır. Yulğun ağaclarını görcək yəqin etdiyini qəti əminliklə xatırladı. Sürəti azaldıb, maşını saxladı. Bu bir ildə heç nə dəyişməyib. Ucsuz-bucaqsız düzənlik kədərli və kimsəsiz görkəmi ilə günəşlə göz-gözə idi. İlk ağlına gələn buraların qaranlıq gecələrinin vahiməli səssizliyindəki mənzərənin necə olduğu oldu. Yəqin dilsiz-ağızsız şoran düzənlik dan doğuşunda hər səhər çox sevinir. Axı ona bu dünyada tək gülümsəyən yalnız günəşdir.

Ayaq ləpirləri qar üstündə düşən iz təki açıq-aydın qalırdı. Susuzluqdan çat-çat olmuş şoran yəqin ki, dərinliyində gizlətdiyi torpağa yorğanlıq edir. Ya da burda torpaq ölüb deyə şoranlıq onu dəfn edib.

Dünyanın belə səssiz və yetim qalmış yerində havadan belə kədər süzülür. Gülümsüdü. Günəş şüalarının bayaq maşının icərisinə keçmək istədiyi təkidini indi başa düşürdü. Günəş də yəqin bu şoran düzənliklərə boylanmaqdan yorulur deyə.

İki gün idi ki, əməlli-başlı küsüşmüşdülər. Bir-birlərinə ərkləri payızın bu vədəsi yaz yağışı kimi yaxşıca islatmışdı onları. Hər ikisi də özünə söz vermişdi ki, daha barışmayacaqlar. Səsini eşitməsə sabahı açılmaz bildiyi, amma sabahın açılmağı o yana, hələ bir səfərə də çıxıb. Düzdür yuxusuz gecəsinin qaranlığı çəkilsə də milyon illərin günəşi bu səhər çox sönük və parıltısiz idi. Bəlkə də acığından onu bütün yol boyu şüşə arxasında qoymuşdu.

- Aaa bu nədir? -deyə lap ucadan qışqırdı. Təəccüblü səsi bütün ətrafa yayıldı. Az qala tapdalayacağı süpürgəgülü çiçəyinə sığal çəkmək üçün dizləri üstə çökdü. Süpürgəgülünün kiçiçik çıçəklərini qoxuladı. Çox ətirli idi. Ağappaq şoranlıqda çiçək açmış bu balaca fidan möcüzə idi. Susuz, torpaqsız, duzu dizə çıxan şoranlıqda kiçicik gözəllik onu məftun etmişdir. Qanırılıb özündən bir neçə metr aralıdakı yulğunlara baxdı.

Bu o yer idi ki, bir il əvvəl burda dayanıb indi iki gündüz bir gecə “küsülü” olduğu ilə telefon söhbəti etmişdi. Onun səsinin sehri çatdığı şoranlıqda belə gül bitirib. Nəhayətsiz üfüq xəttinə boylandı. Şoran düzənlik ona o qədər döğma gəldi ki…

Pərviz Yəhyalı

visiontv.az



Seçilən
24
visiontv.az

1Mənbələr