“Azərbaycan vətəndaşları xaricdə təhsil almadan öncə həmin universitetin diplomunun Azərbaycanda tanınıb-tanınmadığını araşdırmaq üçün bir neçə addım atmalıdır. Bu addımların əsas məqsədi tələbələrin xaricdə əldə etdikləri təhsil sənədlərinin Azərbaycanda hüquqi qüvvəyə malik olmasını təmin etməkdir, çünki əks halda onlar bu diplomlarla ölkə daxilində iş tapmaqda çətinliklərlə üzləşə bilər. Bu istiqamətdə ilk addım Təhsil Nazirliyinin diplom tanınması üzrə qaydalarına uyğun hərəkət etməkdir”. Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.
Kamran Əsədov sözlərinə belə davam edib: “Nazirlik, həm dövlət, həm də qeyri-dövlət universitetlərinin müəyyən standartlara uyğun gələn diplomlarını tanıyır. Azərbaycan Respublikasının Təhsil Nazirliyi bu məlumatları öz rəsmi saytında yeniləyir və tələbələrə diplom tanınması üçün müraciət etməzdən əvvəl həmin resurslardan istifadə etməyi məsləhət görür.
Azərbaycanda xarici diplomların tanınması prosesi bir neçə mərhələdən ibarətdir və bunlardan biri də universitetin akreditasiya olunmuş və rəsmi şəkildə tanınan təhsil müəssisəsi olmasıdır. Xaricdə təhsil almaq istəyənlər getməyi planlaşdırdıqları universitetin və ya təhsil müəssisəsinin tədris proqramlarının Təhsil Nazirliyi tərəfindən tanınıb-tanınmadığını öyrənmək üçün nazirliyin müvafiq siyahısını və ya ölkələrin tanınan universitetləri ilə bağlı məlumatları diqqətlə nəzərdən keçirməlidir. Bu addım tələbənin diplomunun geri döndükdə hüquqi statusunun təsdiqini təmin edir və ona dövlət qurumlarında, özəl sektorda iş imkanı yaradır.
Xaricdə təhsil almağa gedənlər həm də universitetin təhsil keyfiyyətinə diqqət yetirməlidirlər. Məsələn, universitetin reytinqi, dünya təhsil sıralamasında mövqeyi, müəllim heyətinin səviyyəsi və tədris proqramlarının uyğunluğu təhsil keyfiyyətini müəyyən edən əsas faktorlardandır. Tələbələr gedəcəkləri universitetin xaricdəki keyfiyyət göstəricilərini araşdıraraq təhsillərinin daha geniş imkanlar açıb-açmayacağını anlaya bilərlər. Əlavə olaraq, bu addımları atmaq tələbələrə diplomları ilə beynəlxalq əmək bazarında daha asan iş tapma imkanı da yarada bilər.
Tələbələr təhsil aldıqları ölkənin hüquqi və sosial qaydalarına, viza tələblərinə və yaşayış şərtlərinə də diqqət yetirməlidirlər. Təhsilə başlamazdan öncə ölkənin tələbələrə münasibəti, viza qaydaları, iş imkanları və tələbə olaraq sahib olduqları hüquqlar haqqında məlumat əldə etmək, xaricdəki həyatlarını asanlaşdıracaq bir addımdır. Məsələn, bəzi ölkələr tələbələrə müəyyən saatlarda işləmək imkanı tanıyır, lakin bu qaydalar ölkədən ölkəyə fərqlənir və bəzi hallarda vizanın pozulması ilə nəticələnə bilər. Buna görə də təhsil almağa gedən tələbələr əvvəlcədən ölkənin qanunları ilə tanış olmalıdır.
Tələbələr həmçinin dələduzluq riskinə qarşı ehtiyatlı olmalıdırlar. Bəzi hallarda saxta təhsil müəssisələri tələbələrə yüksək təkliflər edir, lakin bu diplomlar tanınmır və ya reallıqla əlaqəsi olmayan təhsil proqramlarına əsaslanır. Tələbələr yalnız rəsmi mənbələrdən və təcrübəli agentliklərdən dəstək alaraq bu təhlükələrdən qoruna bilərlər. Azərbaycanın xarici təhsil üzrə diplomatik nümayəndəlikləri və Təhsil Nazirliyinin rəsmi kanalları bu sahədə etibarlı mənbələrdir.
Xaricdə təhsil almaq istəyən Azərbaycan vətəndaşları bu məsələlərə diqqət etməklə təhsillərinin sonrakı dövrdə onlara üstünlük qazandırmasını təmin edə bilərlər”.
Ayşən Vəli