AZ

PSJ darmadağın etdi, “Monako” ilk dəfə uduzdu - İCMAL

Hesabat turunda iki derbi var idi. “Le Klassiko”da “Marsel”i darmadağın edən PSJ turnir cədvəlində vahid lider oldu. Ona görə ki, “Monako” digər derbidə “Nitsa”ya uduzdu. “Marsel” də məğlubiyyətə rəğmən, 3-cü pillədəki yerini qorudu. Ancaq birbaşa rəqibi “Lans”ı məğlub edən “Lill” xal hesabında cənublulara çatdı.

Turun “Velodrom”da keçirilən mərkəzi oyununda “Marsel” PSJ-ni qəbul etdi. Bu qarşıdurma tarixi, mədəni, sosial əhəməiyyətə malikdi, yəni çoxdan bir futbol oyunu çərçivəsindən çıxıb. Fransanın iki nəhəng şəhəri üz-üzə gəlir: Paris Marselə, paytaxt əyalətə, şimal cənuba qarşı. Təbii ki, PSJ bu oyunun favoriti sayılırdı. “Marsel” son vaxtlar bu komanda ilə çempionat oyunlarında uğursuzluğa düçar olur. Paytaxt klubu son 5 oyunun hamısında qələbə qazanmışdı. Amma cənublular bu dəfə oyuna ciddi köklənmişdi. Rəqibdən ən azı 1 xal alacağına ümid edirdi. Ancaq...

PSJ oyuna hədsiz inamlı başladı. Qonaqlar stadionu ağzına qədər dolduran, parislilərin topa hər toxunuşuna qulaqbatırıcı fitlə qarşılaşayn fanatlardan da çəkinmədi. Çempion artıq 7-ci dəqiqədə hesabı açdı. Zair-Emeri sol cinahdan Mendeşi hücuma qoşdu, o isə Barkola ilə “divar pası” oynayıb cərimə meydançasına daxil oldu. Qapıçı Rulyi Mendeşin asmasının qarşısını almaq istəyərkən topu önünə qaytardı, belədə Neveş boş qapıya yol tapdı. Qonaqlar bundan sonra da sakitləşmədi. 14-cü dəqiqədə Barkolanın zərbəsinin qarşısını qapıçı çətinliklə aldı. Oyunun qırılma nöqtəsi isə 20-ci dəqiqədə mərkəzdə Markinyosa açıq ayaqla hücum edən Aritin meydandan qovulması oldu. “Marsel”in oyunçuları Fransua Letesyenin qərarını etirazla qarşılasa da, VAR da referiyə haqq verdi. Beləcə Roberto De Zerbinin komandası oyunun böyük hissəsini azlıqda keçirdi. 29-cu dəqiqədə Balerdi səliqəsiz hərəkətlə topu öz qapısına göndərdi. 40-cı dəqiqədə isə Barkola mövsümdəki 8-ci qolunu vurdu. Bununla da 2-ci hissə formallığa çevrildi. Yeri gəlmişkən, “Marsel”in əksər fanatları fasilədə stadionu tərk etdi, tribunalar biş qaldı.

“Nitsa” – “Monako” oyununun nəticəsinə də qırmızı vərəqə təsir göstərdi. Burda “zərərçəkən” roluna qonaqlar idi. 39-cu dəqiqədə hesabı açan “knyazlar” ilk yarıya artırılan vaxtda qapısında qol gördü. Hissənin lap sonunda isə onların qələbə ümidini öldürən hadisə yaşandı. Buna qədər bir sarı vərəqəsi olan Vanderson Şoya qarşı kobud oynayandan sonra hakimlə haqq-hesab çəkməyə başladı və belədə dərhal meydandan qovuldu. “Nitsa” say üstünlüyünü 71-ci dəqiqədə maddiləşdirdi. Diattanın qapıçı Mayetskiyə ötürməsini ələ keçirən Lyabord təkbətəki boşa vermədi. “Monako” mövsümdəki ilk məğlubiyyətdən heç cür xilas ola bilmədi.

“Lans”ın qonağı olan “Lill” “qan-qızılılar”ı iki cavabsız qolla məğlub etdi. Maraqlıdı ki, 90-cı dəqiqədə tabloda 0:0 hesabı yanırdı. Ancaq uzatma dəqiqələrində “şimallı itlər” penalti qazandı və Devid mövsümdəki 6-cı qolu vurmaq imkanını qaçırmadı. Məğlubiyyətdən qurtulmaq üçün bütün komanda ilə irəli atılan “Lans”ı 90+11-ci dəqiqədə Bayo də cəzalandırdı.

Hesabat turunun qalan oyunlarına gəlincə, “Reyms” evdə “Brest”ə uduzdu, “Lion” “Oser”lə “sülh bağladı”. “Renn”in qonağı olan “Havr” mövsümdəki 7-ci məğlubiyyətlə barışdı. “Anje” “Sent-Etyen”lə oyunda parlaq qələbə qazandı – 4:2. “Strasbur” “Nant”dan üstün oldu, “Tuluza” isə səfərdə “Monpelye”ni darmadağın etdi.

9-cu tur
Marsel – PSJ 0:3
Neveş, 7. Balerdi, 29-öz qapısına. Barkola, 40. (66115)
Marsel: Rulyi, Murilyo, Kondoqbia, Balerdi, Brasye, Heybyerq, Rabyo, Qrinvud (Rou, 46), Arit, Enrike (Lirola, 85), Vai (Kone, 46).
PSJ: Donnarumma, Hakimi, Markinyos, Paço, Mendeş (Beraldo, 50), Zair-Emeri (Ruis, 67), Vitinya, Neveş (Asensio, 78), Dembele, Li Kan İn (Mayulu, 78), Barkola (Due, 67).
Nitsa – Monako 2:1
Gessand, 45+1. Lyabord, 71 – Embolo, 39. (29795)
Monako: Mayetski, Vanderson, Sinqo, Kerer, Enrike (Uattara, 85), Maqassa (Diatta, 46), Kamara (İlenihena, 76), Akliuş, Minamino (Ben Seqir, 75), Qolovin, Embolo.
Lans – Lill 0:2
Devid, 90+8-p. Bayo, 90+11. (38223)
Renn – Havr 1:0
Qomes, 54. (27130)
Anje – Sent-Etyen 4:2
Abdelli, 7. Aolu, 39. Nyan, 68-p. Dyenq, 90+3 – Davitaşvili, 16-p.; 57. (13796)
Reyms – Brest 1:2
Okumu, 29 – Fevr, 4-p. Balde, 18. (17112)
Lion – Oser 2:2
Mikautadze, 45+5-p.; 62 – Dyomande, 47. Traore, 72. (54868)
Strasbur – Nant 3:1
Santos, 17; 57. Bakva, 74 – Girassi, 83. (19398)
Monpelye – Tuluza 0:3
Abuhlyal, 5; 8. Kinq, 27. (14111)

1. PSJ 9 7 2 0 28-8 23
2. Monako 9 6 2 1 15-6 20
3. Marsel 9 5 2 2 21-11 17
4. Lill 9 5 2 2 15-8 17
5. Lans 9 3 5 1 9-6 14
6. Reyms 9 4 2 3 16-14 14
7. Lion 9 4 2 3 16-14 14
8. Nitsa 9 3 4 2 18-9 13
9. Strasbur 9 3 4 2 19-17 13
10. Brest 9 4 1 4 13-15 13
11. Renn 9 3 2 4 13-12 11
12. Nant 9 2 4 3 11-12 10
13. Oser 9 3 1 5 13-18 10
14. Tuluza 9 2 3 4 10-11 9
15. Anje 9 1 4 4 10-16 7
16. Sent-Etyen 9 2 1 6 8-24 7
17. Havr 9 2 0 7 7-20 6
18. Monpelye 9 1 1 7 8-29 4

Bombardirlər: Barkola (PSJ) – 8, Devid (Lill), Qrinvud (Marsel) – 6.

Növbəti turun oyunları noyabrın 1-3-ü aralığında keçiriləcək: Monako – Anje, Lill – Lion, PSJ – Lans, Brest – Nitsa, Sent-Etyen – Strasbur, Tuluza – Reyms, Havr – Monpelye, Oser – Renn, Nant – Marsel.

Turun rəqəmi
1 – PSJ bütün turnirlər çərçivəsində “Marsel”lə keçirdiyi oyunlarda ilk dəfə səfərdə 1-ci hissədən sonra 3:0 öndə oldu.

Turun ulduzu
Bredli Barkola (PSJ) – komandasının vurduğu üç qolun ikisində yaxından iştirak etdi. Ümumiyyətlə, Mbappenin gedişindən sonra əli-qolu açılıb. Mövsümün sonunda bombardir olarsa, təəccüblənməyin.

Turun sitatı
Coui Barton, “Marsel”in sabiq yarımmüdafiəçisi (Aritin 20-ci dəqiqədə meydandan qovulması haqda):
“Bu qırmızı vərəqə deyil. Heç bir halda! Fransada hakimlərin korrupsiyalaşması haqda danışırlar. Deyirlər ki. qətərlilər hakimləri satın alır. Bu qərar çox pis iy verir. Niyə VAR-sız?”


Fakt
“Lill” 2013-ün avqustundan bəri 2-ci hissəyə artırılan vaxtda iki qol vuran ilk komanda oldu. Həmin vaxt PSJ “Genqam”ı bu şəkildə məğlub etmişdi (onda da 2:0).
Seçilən
79
football-plus.az

1Mənbələr