AZ

Güclü yağış təsərrüfatlara nə qədər ziyan vurub? - Rəsmi CAVAB

Oktyabr ayında ölkə ərazisinə normadan artıq yağıntı fəsadlara səbəb olub. Evləri və həyətləri su basıb, maşınlar yağış suları altında qalıb.

 

Güclü yağış təsərrüfatlara da təsirsiz ötüşməyib. Ölkənin müxtəlif bölgələrində kənd təsərrüfatı məhsulları əkilən sahələr su altında qalıb, məhsullar ziyan olub.

 

Məsələ ilə bağlı Modern.az-a danışan Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi Vüqar Hüseynov bildirilib ki, yağıntılar payız fəsli üçün xarakterik təbiət hadisəsidir:

 

“Yağıntıların çox olmasının kənd təsərrüfatına 2 formada təsiri var. İlk təsir pambıq yığımına olan təsirdir. Hazırda bölgələrdə pambıq yığımı gedir. Yağıntıların olması bu prosesi ləngidir. Sahə yaş olduğu üçün yığmaq mümkün olmur. Yığım zamanı sahə tam quru olmalıdır ki, məhsulu itkisiz yığmaq mümkün olsun. Bir digər məsələ də yığımdan əvvəl defoliasiya adlanan proseslə bağlıdır. Bu zaman xüsusi dərman səpilir ki, yarpaqlar quruyub tökülsün. Bu proses təqribi 10-15 gün arasında davam edir. Yağış yağanda artıq defoliasiya prosesi yarımçıq qalmış olur. Fermer sahəsini dərmanlayır, 5 gün sonra yağış yağır. Sonradan o yenidən bunu təkrarlamalıdır. Pambıq yarpaqlı şəkildə də yığıla bilər, amma daha effektsiz nəticə əldə olunur. Çünki pambıqda çirklilik və nəmlilik artır, bu da məhsul itkisinə səbəb olur. Ona görə də yağıntılar pambıq yığımına mənfi təsir göstərir”.

 

O qeyd edib ki, bununla yanaşı yağıntıların taxılçılıq üçün müsbət təsiri vardır: “Ölkəmizdə hazırda taxıl səpini gedir. Hər il ölkəmizdə 1 milyon hektara yaxın əkin sahəsində taxıl səpini aparılır. Bunun xeyli hissəsi dəmyə, yəni suvarılmayan ərazilərdir. Bu əkinlərin taleyi hər zaman yağıntıların miqdarından asılı olur. Yağış yağırsa, məhsul bitir, yağmasa, məhv olur. Bu baxımdan indiki halda yağan yağışlar taxılçılıqda dəmyə əkinlərinə müsbət təsir göstərir. Çünki fermerlər dəmyə ərazilərdə yağıntıları gözləyirlər. Torpağın həm üst həm də alt qatında su ehtiyatı toplandıqdan sonra toxum əkilir. Aparılan müşahidələr göstərir ki, bu yağıntılardan sonra ölkədə taxıl səpini prosesi sürətlənib. Bu baxımdan yağan yağışın kənd təsərrüfatına mənfi təsiri olduğu kimi müsbət təsiri də var”.

 

Bəs yağıntı fermerlərə nə qədər ziyan vurub?

 

Aqrar Sığorta Fondundan Modern.az-a bildirilib ki, Azərbaycanda dövlət dəstəyi ilə təqdim olunan aqrar sığorta əkin sahələrini və meyvə bağlarını çoxsaylı risklərdən qoruyur:

 

“Aqrar Sığorta Fondu ümumilikdə 48 növ bitki məhsulunu, əkin sahələrini, meyvə bağlarını, bostan və tərəvəz bitkilərini, texniki bitki əkinlərini çoxsaylı risklərdən sığorta edir. Buraya təbiət hadisələri dolu, qasırğa, fırtına, leysan, sel-subasma, şəxtavurma, yanğın, 3-cü şəxslərin hərəkətləri və sair aiddir.

 

Fermerlərə dəstək üçün əkin sahələrinin sığorta haqqının haqqının 50%-ni dövlət ödəyir. Nəticədə fermerlər cüzi ödəniş etməklə əkin sahələrini sığorta edə bilirlər. Məsələn, 1000 manatlıq məhsulu olan 1 hektar taxıl sahəsini sığorta etmək ölkənin əksər ərazisində fermerə cəmi 6-10 manata başa gəlir. Son illər müşahidə olunan iqlim dəyişikliyi və qeyri-sabit hava şəraiti kənd təsərrüfatına da təsir göstərir.

2023 və 2024-cü illərdə müxtəlif təbiət hadisələri, o cümlədən yağış və sel-subasma nəticəsində sığortalı təsərrüfatlar da zərər görüb. 2024-cü ilin may-iyun aylarında əkin sahələrinə leysan və sel-subasma hadisələri səbəbindən dəyən zərərlər üzrə Aqrar Sığorta Fonduna 573 sığortalı tərəfindən 1000-ə yaxın müraciət daxil olub. Müraciətlər 30-a yaxın rayonu, o cümlədən Sabirabad, Beyləqan, Ağcabədi, Kürdəmir, Zərdab, İsmayıllı, Tərtər, İsmayıllı, İmişli, Goranboy, Şəki, Lənkəran, Yevlax, Qobustan rayonlarını əhatə edib", - açıqlamada qeyd olunur.

 

Bildirilib ki, bu dövrdə əkin yağış və sel-subasma hadisələrinin ən çox arpa, buğda, pambıq, alça, ərik, şaftalı, qarğıdalı, üzum, fındıq, şəkər çuğunduru əkinlərində qeydə alınıb.  2024-cü ilin oktyabr ayında isə leysan və sel-subasma  hadisələri üzrə 114 müraciət qeydə alınıb. Əsasən pambıq, üzüm, qarğıdalı əkinlərini əhatə edən bu müraciətlər Neftçala, Ağdam, Sabirabad, Tərtər, Salyan, Yevlax, Hacıqabul, Tovuz, Bərdə, Zərdab rayonlarından daxil olub. Bu müraciətlər əsasında Aqrar Sığorta Fondu tərəfindən hadiə baş verən əkin sahələrinə aqrar sığorta ekspertləri göndərilib. Onlar əkin sahəsinə gələrək hadisəni araşdırır, əkin sahəsində zərərlilik dərəcəsini və dəymiş zərəri hesablayırlar.

 

"Qeyd edək ki, fermerlərin aqrar sığortaya inamının yüksəlməsi, sığortalanan əkin sahələrinin artması və iqlim dəyişiklikləri nəticəsində sığorta hadisələrinin sayı ötən ilki göstəricilərdən 40% artıq olub. Təbiət hadisələri bu il Aqrar Sığorta Fondu tərəfindən sığortalanmış ümumilikdə 400 min hektar əkin sahəsinin 140 min hektarına təsirini göstərib. Artıq təbiət hadisələrindən zərər çəkmiş taxıl və sair əkinlər üzrə ödənişlərin verilməsinə başlanılıb. Ümumilikdə 2024-cü ilin ilk 9 ayında müxtəlif hadisələrdən zərər çəkmiş fermer və təsərrüfatlara Aqrar Sığorta Fondu tərəfindən 3 milyon 790 min manat sığorta ödənişi edilib.  Bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 2,5 dəfə artıqdır. Xatırladaq ki, 2023-cü ilin ilk 9 ayı ərzində fermerlərə ümumilikdə 1,4 milyon manat ödəniş edilmişdi.  Fermerlərə sığorta ödənişlərinin 2 milyon 908 min manatı bitkiçilik sığortası, yəni əkin sahələri üzrə olub.  Ötən ilin eyni dövrünə nisbətən əkin sahələrinə dəyən zərərlər üzrə fermerlərə sığorta ödənişləri 3,7 dəfə artıb.  Eləcə də bu il heyvandarlıq sığortası üzrə 881 min manat aqrar sığorta ödənişi həyata keçirilib. Heyvandarlıq təsərrüfatlarına dəyən zərərlərə görə aqrar sığorta ödənişlərində 40%-dən çox artım baş verib".

 

Qeyd edək ki, leysan yağışlarının ən çox zərər vurduğu bitkilərdən biri də pambıq sahələridir.  Bunu və fermerlərin leysan yağışları nəticəsində üzləşdiyi zərərləri nəzərə alaraq leysan yağışları riski də baza zərfinə aid edilib.

 

Əkin sahəsinə dəymiş ziyan necə hesablanır və nəyə əsasən ödənilir?

 

Məlumatda bildirilib ki, qaydalara əsasən, müxtəlif hadisələrdən, o cümlədən yağış və sel-subasmadan zərər çəkən əkin sahələrinə 2 dəfə baxış keçirilir:

 

“İlkin (1-ci) baxış hadisə baş verdikdən və fermerin Aqrar Sığorta Fonduna müraciətindən bir neçə gün sonra, yekun (2-ci baxış) isə məhsul yığımından əvvəl, yəni  biçin ərəfəsində keçirilir. İlkin baxış zamanı ekspert əkin sahəsinin yerini, onun göstərilən koordinatlara uyğunluğunu, sahədəki bitkini və onun növünü, əkin sahəsində baş verən hadisəni (yəni zərər varsa onun hansı hadisə nəticəsində baş verdiyini) dəqiqləşdirir. Eləcə də ilkin olaraq zərərlilik miqdarını hesablayır. İkinci baxışda isə ekspert əkin sahəsinə dəymiş zərəri bir daha dəqiq hesablayır və yekun zərərliliyi müəyyən edir”.

Seçilən
66
2
modern.az

3Mənbələr