AZ

"Valideynləri övladlarını nəzarətsiz qoymamağa çağırırıq" - RƏYLƏR

Son zamanlar sosial şəbəkələrdə azyaşlı uşaqların maşın idarə etməsi və buna şəraitin yaradılması barədə bir sıra görüntülər yayılır. Bəs, bu addımı atan valideynlər necə cəzalandırılacaq? Bu nə dərəcədə düzgündür? SİA mövzu ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) inspektoru, polis leytenantı Elvin Hacıyev və Nəqliyyat eksperti Eldəniz Cəfərovun fikirlərini öyrənib.

BDYPİ-nin inspektoru, polis leytenantı Elvin Hacıyev: “Sürücülük hüququ olmayan, eləcə də yetkinlik yaşına çatmayan uşaqların sükan arxasında əyləşməsinə icazə verməyin!
Təssüflər olsun ki, sürücülük hüququ olmayan, eləcə də yetkinlik yaşına çatmayan uşaqların sükan arxasında əyləşməsi ilə bağlı faktlara hələ də rast gəlinir. Zaman-zaman bəzi orta ümumtəhsil məktəblərində oxuyan yuxarı sinif şagirdlərinin məktəblərə avtomobillə gəlməsinə dair məlumatlar da eşidilir. Təhlükəsizliyin təmin olunması üçün yol polisi əməkdaşları tərəfindən təhsil müəssisələrində həm valideynlərlə, həmdə məktəblilərlə tez-tez maarifləndirici tədbirlər keçirilsə də, yenə də azyaşlı uşaqlarına sükan arxasına keçməyə icazə verən valideynlərə rast gəlinir. Bəzi valideynlər özləri övladlarına avtomobil idarə etməyi öyrətdiklərini, onların hər şeyə hazır olduqlarını zənn edir, amma yol hərəkəti qaydalarını bilməyən uşaqlarının ekstremal durumlarda aciz qalacaqlarını, məsələnin nə qədər ciddi olduğunu unudurlar.

Bir uşağın avtomobil sürmək həvəsi həm özünün, həm də valideynlərinin arzularını yarıda qoya bilər. Belə hallara qətiyyən yol vermək olmaz. Bu əməllər qanunla qadağan olunur, məsuliyyət yaradır və eyni zamanda bütün hərəkət iştirakçıları üçün ciddi təhlükə deməkdir. Bir daha valideynləri övladlarını nəzarətsiz qoymamağa çağırırıq”.

Nəqliyyat eksperti Eldəniz Cəfərov: “Azərbaycan Respublikasında istər həddi-büluğa çatmış, istərsə də azyaşlı olsun şəxslərin sürücülük vəsiqəsi olmadan, sürücülük hüququ olmadan avtomobil idarə etməsi qadağandır. Avtomobilin sahibi könüllü olaraq avtomobilini həmin şəxsə veribsə bu zaman o 100 manat civarında cərimə olunur. Əgər avtomobili idarə edən şəxsin yanında avtomobilin sahibi əyləşməyibsə, bu zaman avtomobil cərimə meydançasına da aparıla bilər. Mən düşünürəm ki, heç bir halda buna yol vermək olmaz. Sürücülük hüququ olmayan, xüsusən də azyaşlı şəxslərin yolda avtomobil idarə etməsi qadağandır və belə hallara yol vermək olmaz. Çünki bu ağır faciələrə gətirib çıxara bilər və avtomobilin sürücüsü, sahibi, valideynlər o məsuliyyəti dərk etməlidirlər. Bunun üçün sürücülük məktəbləri, sürücülük kursları var. Sürücülük bacarıqlarını, qabiliyyətlərini qazanmaq istəyən şəxslər sürücülük kurslarına yazıla bilərlər”.

Ayşən Vəli

Seçilən
68
sia.az

1Mənbələr