Bakının bir sıra küçələrində təşkil edilmiş COP29 zolaqlarından sabahdan minik avtomobilləri ilə hərəkət etməyə icazə verilməyəcək. Bu barədə AYNA məlumat yayıb. Oktyabrın 15-də verilən icazənin müddəti bu gün başa çatır. COP29 zolaqlarına daxil olan sürücülər 100 manat cərimə ediləcək, eləcə də onlara 3 bal yazılacaq.
Bəs görəsən, paytaxt daxilində hərəkət edən avtobuslar təyin olunmuş nəqliyyat xəttindən istifadə edə biləcəkmi?
Mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirib ki, avtobusların təyin olunmuş yoldan istifadəsi qadağan deyil:
“Bu marşurt xətləri COP29-un qonaqları üçün nəzərdə tutulub. Eyni zamanda, ümumi istifadədə olan nəqliyyat vasitələri, yəni avtobuslar üçün hazırlanıb. Bu avtobus xətlərinin həmin zolaqda hərəkəti qadağan deyil və hərəkət edə bilərlər”.
Ekspert tədbirdən sonra bir neçə zolağın avtobuslar üçün saxlanacağını qeyd edib:
“Hətta bildiyim qədər ilə, gələcəkdə həmin zolaqlardan bir neçə avtobus zolağı kimi saxlanacaq. Amma bir çoxu, təxminən 80 faizə yaxını təbdirdən sonra ləğv ediləcək. Təyin olunmuş zolağa girməyin 3 bal və 100 manat dəyərində cəriməsi var. Bu gün gecə saat 12-yə qədər həmin zolaqlara digər nəqliyyat vasitələri də daxil ola bilər”.
(yenisabah)