AZ

Nəzarəti çətin olan xəstəlik: yuxarı doza dərmanlar belə...

Uğur və uğursuzluqlarımızın böyük hissəsi əslində insan psixologiyasında gizlənib. Həyatdakı mövqeyimiz və statusumuz bir çox hallarda məhz ondan asılıdır. Səbəbsiz deyil ki, psixologiya ilə bağlı istənilən məlumatlar istər oxucularda, istərsə də tamaşaçılarda böyük maraq oyadır. Psixologiya mövzusunda olan verilişlər və məqalələr bizi daha ayıq olmağa, həm də özümüzü daha yaxından tanımağa kömək edir.

Psixiatr Orxan Fərəcli Publika.az-ın bu mövzuda suallarını cavabladırıb. Mütəxəssis müsahibədə həm insan ruh halının aciz qaldığı məqamlardan, həm peşəkar dəstəyə ehtiyacı olanlardan, həm də ağır psixoloji travmalardan və onların həyatımızdakı izlərindən danışıb.

- Pasientlərin psixiatra müraciət səbəbləri və şikayətləri müxtəlif olsa da, yəqin ki, onları birləşdirən ortaq nöqtələr də var. Bizə onlardan söz aça bilərsinizmi?

- Psixiatriyada təxminən 600-dən çox xəstəlik var, onlar arasında həkim olaraq heç vaxt rastlaşmadıqlarım da var. Elə də olur ki, hər gün eyni problemdən əziyyət çəkən 4-5 pasient görə bilirik. Amma təbii ki, hamısını birləşdirən məsələ, həmin insanların ruhi tarazlıqlarının bu və ya digər pozulmasıdır. Ruhi balansın pozulması da müxtəlifdir. Elə adam var ki, sadəcə əhval-ruhiyyəsi pozulur, sanki əsəbilik var. Digərlərində isə ağır patologiyalara qədər gedir çıxır. Məsələn, fikirləşir ki, onu kimsə xüsusi cihazlar vasitəsi ilə izləyir, ya beynini oxuyurlar. Bu hallara qədər dəyişə bilən şikayətlər toplusunda ortaq tərəf tapmaq çətindir. Məhz ortaq tərəf axtarırıqsa, əsəbilikdə də, sayıqlamalarda da ruhi tarazlığın polzulmasını misal çəkə bilərəm.

- Tibbin bütün qolları sürətlə inkişaf edir və yeni-yeni müalicə üsulları meydana çıxır. Bəs psixiatriyada vəziyyət necədir? Ruhi vəziyyətin bərpası və sağlamlaşdırılması istiqamətində tətbiq olunan yeni metodlar varmı və bunlar nələrdir?

- Haqlısınız, lakin psixiatriyada xüsusi yenilik yoxdur. Burada işimizi çətinləşdirən əsas məsələ ruhi problemlər üçün tibbi göstəricilərin olmamasıdır. Hansısa analizə baxıb bu adamda filan xəstəliyin olub-olmadığını deyə bilmirik. Son vaxtlar bəzi həkimlər litiumu yoxlayıb ona əsasən diaqnoz qoymaq istəyirlər, lakin bu, yanlışdır.

Ən son yeniliklərdən biri, TMS dediyimiz cihazdır – Transkranial maqnit stimulyasiyası. Bu, xüsusi cihazdır ki, beynin bəlli bölgələrində maqnit vasitəsi ilə aktivləşdirmə həyata keçirilir. Bu da sanki dərman effekti verir, o seansları 20-25 gün ardıcıl götürmək lazımdır. Effektivliyi yüksəkdir.

Düşünürəm ki, süni intellektin psixiatriyada rolu çox aşağı olacaq. Çünki bizim sahə hisslər, emosiyalar üzərində qurulub. Bəzən xəstənin adi söhbət vaxtı baxışları, davranışları, səsinin tonu belə bizə müəyyən informasiya verə bilir. Odur ki, süni intellekt bir yerə qədər alqoritm şəklində nəsə edə bilər.

- Doktor, ruh halımız nə zaman ona vurulmuş ziyanı bərpa etməkdə aciz qalır və mütəxəssislərin yardımına ehtiyac duyulur?

- Ümumiyyətlə, psixiatrik problemlər bioloji məsələdir. Şəkər, təzyiq, qrip və s. kimi bir xəstəlikdir. Hansısa şəkər xəstəsinə “İradəni topla, öz gücünlə bundan çıx” deyə bilmirik, bu, mümkün olmur. Psixi problemlər də belədir, orda da neyrokimyəvi və bioloji dəyişiklər gedir. Belə adamlar həmişə deyirlər ki, özünü ələ al, iradəni topla. Amma bu vəziyyət iradədən asılı deyil. Acizlik onda yaranır ki, simptomlar həddən artıq inkişaf edir, çox bezdirici olur. Belə olan təqdirdə insan problemi öz resursları hesabına aradan qaldıra bilmir.

- Ağır psixi travmaları olan insanların yenidən həyata qayıtması və normal yaşayışına davam etməsi nə dərəcədə real və mümkün olur?

- Təbii ki, həyata qayıda və normal yaşaya bilirlər. Ən ağır psixiatrik travma uşaqlıq dövrü cinsi təcavüzlərdir ki, zamanla onlar bərpa ola bilirlər. Həmçinin müharibə travmaları, doğmalarının və yaxınlarının itirilməsindən sonra yaranan travmalar zamanla düzələ bilir. Xüsusi terapiya növləri var, onları almalıdırlar ki, travma adiləşsin. Travma heç vaxt unudulmasa da, adiləşə bilir. Ona verilən reaksiyalar zəifləyə bilir və s.

- Bəs psixiatriyada müalicəsi mümkün olmayan xəstəliklər varmı və bu barədə nə deyə bilərsiniz?

- Çox aciz qaldığımız hallar olur. Şizofreniyanın ağır formaları var ki, heç bir dərman təsir göstərmir, amma böyük əksəriyyəti xeyli düzələ bilir. Əslində bu, bütün xəstələr üçün keçərlidir, nəzarət altına alınmayan təzyiq və şəkər xəstələri kimi. Ağır obsessiv-kompulsiv pozuntular çox ciddi problemlərdir. Onları kontrol etmək çətindir, yuxarı doza dərmanlar bəzən kömək etməyə bilir.

- Psixiatrik problemləri olan insanların ən çox hansı xüsusiyyəti sizdə ciddi narahatlıq yaradır? Bir mütəxəssis kimi nəyi qəbullanmaqda çətinlik çəkirsiniz?

- Məni həmişə narahat edən neqativ simptomlardır. Neqativ simptomlar nədir? Emosiyaların zəifləməsi, doğmalarına qarşı laqeydlik, özünə baxmamaq, şəxsi gigiyenasına əməl etməmək. evin problemi ilə maraqlanmamaq, evdə baş verən xoş hadisələrə sevinməmək, yaxud da bəd bir hadisə olubsa, ona kədərlənmir və s. Bəzi psixiatrik problemlər, xüsusən də şizofreniyada bu simptomlar get-gedə artır. Bir pasiyentin psixi simptomları varsa, üstəlik səliqəlidirsə, özünə baxırsa, bu, məni həmişə sevindirir. Demək ki, onun sağalma ehtimalı və istəyi çox yüksəkdir. Vay o gündən ki, həm psixi simptomlar var, həm də sadaladığım məsələlər müşahidə olunur.

- Ruhi sağlamlığı qorumaq fiziki sağlamlığı qorumaq qədər vacibdir. Fiziki gigiyena ilə yanaşı emosional gigiyenaya da diqqət olunmalıdır. Görünən budur ki, cəmiyyət indi öz qeydinə daha çox qalmağa başlayıb. Sağlam cəmiyyətin formalaşması üçün həyatımızda hansı dəyişikləri etməliyik?

- Təbii ki, emosional gigiyena fiziki sağlamlıq qədər önəmlidir. Emosional gigiyena nədir? Birinci şərti gecə yuxusudur, tez yatıb tez durmaq lazımdır. Kofeinli və alkoqollu içkilərdən mümkün qədər uzaq durmaq lazımdır. Sonra iş rejiminin gərginliyidir. İnsanlar bəzən çox çətin şərtlərdə və çox çətin kollektivlə işləməli olurlar. Gecə yatmayanın, yata bilməyənin ruhi problemlərlə rastlaşma ehtimalı çox yüksəkdir. Müayinələrimə başlayanda ilk verdiyim suallardan biri işinizdə gecə növbəsinin mövcudluğudur. Müalicə prosesinə təsir edən amillərdəndir. Yuxusuzluğa ciddi yanaşın, çarə axtarın.

Seçilən
48
1
publika.az

1Mənbələr