“Sauthempton”u yeganə qolla məğlub edən “Mançester Siti” zirvəyə yüksəldi. Turun mərkəzi oyununda isə “Arsenal”la “Liverpul” qarşılaşdı. “Topçular” iki dəfə önə çıxsalar da, Mersisayd klubu hər dəfə hesabı bərabərləşdirdi. Yeri gəlmişkən, “Liverpul” cari mövsümdə ilk dəfə heç-heçə etdi. Səfərdə “Vest Hem”ə uduzan “Mançester Yunayted” yenə büdrədi. “Çelsi” “Nyukasl” üzərində çətin qələbə qazandı, “Tottenhem” isə London derbisində “Kristal Pelas”a uduzdu.
“Liverpul”u qəbul edən “Arsenal” artıq 9-cu dəqiqədə hesabı açdı. Uaytın ötürməsindən sonra Saka yaxın küncü dəqiq “nişan aldı”. Qonaqlar isə 18-ci dəqiqədə bərabərlik qolunu vurdu. Kapitan Van Diyk kornerin ardından fərqləndi. Hissənin sonunda fəal təsir bağışlayan “topçular” növbəti dəfə önə çıxdı. İspaniyalı Merino premyer-liqada qol hesabını açdı. Arne Slotun komandasının 2-ci hissədə hesabı bərabərləşdirməyə çalışacağı aydın idi. “Status-kvo” Salahın 81-ci dəqiqədəki qolu ilə bərpa olundu. “Arsenal” final fitinə qədər hücumları davam etdirdi, hətta uzatma dəqiqələrində rəqib qapısına da yol tapdı. Ancaq hücum zaman qayda pozulduğun görə qol qeydə alınmadı – 2:2.
MY-nin əzab-əziyyəti davam edir. “Qırmızı şeytanlar” səfərdə “Vest Hem”ə uduzdu. Hərçənd oyun onlar üçün yaxşı başlamışdı. Artıq 3-cü dəqiqədə Qarnaço topu tirə vurdu. Heylunn və Fernandeş əlverişli imkanları qaçırandan sonra 32-ci dəqiqədə Dalot da təkbətək zamanı qapıçı Fabyanskini arxada qoydu, ancaq top da qapının üstündən keçdi. Fasilə ərəfəsində isə Kazemironun zərbəsi zamanı Fabyanski topu qapı xəttindən çıxardı. Qonaqlar 2-ci hissədə də hücum etdi. “Çəkicdöyənlər” tədricən özünə gəlməyə başladı. 74-cü dəqiqədə Sammervill komandasını önə çıxardı. 7 dəqiqə sonra Kazemiro baş zərbəsi ilə bu qolun əvəzini çıxdı. Amma sonuncu dəqiqədə De Liqt cərimə meydançasında İnqzə qarşı kobud oynadığına görə referi “nöqtə”ni göstərdi. Penaltini dəqiq yerinə yetirən Bouen “Vest Hem”ə qələbə qazandırdı. Referi 2-ci hissəyə 12 dəqiqə artırsa da, MY cari mövsümdəki 4-cü məğlubiyyətdən qurtula bilmədi.
MS daha bir çətin qələbə qazandı. “Şəhərlilər”in qonağı qələbəyə həsrət qalan “Sauthempton” idi. Artıq 5-ci dəqiqədə meydan sahibləri hesabı açdı. Nunyeşin ötürməsindən sonra Bednareklə mübarizə aparan Holann topu tora göndərə bildi. “Siti” qoldan sonra da oyunun axarına inamla nəzarət etdi, 2-ci hissənin əvvəlində fərqi artırmaq imkanlarını qaçırdı. Hər halda, 1:0 da qələbədi. Qvardiolanın komandası turun mərkəzi oyunundakı heç-heçədən yararlanıb liderliyi ələ keçirdi.
“Çelsi” də “Nyukasl”la oyunda tər tökməli oldu. “Zadəganlar” artıq 4-cü dəqiqədə “sağsağanlar”ın qapısına yol tapsa da, Palmerin qolu ofsayd üzündən sayılmadı. 18-ci dəqiqədə Cekson qaydalar çərçivəsində fərqləndi. “Nyukasl” fasiləyə qədər hesabı bərabərləşdirə bildi. İsveçli İsak fərqləndi. Amma 2-ci hissənin əvvəlində londonlular Palmerin qolu ilə bir daha önə çıxdı. Bir qədər sonra Netonun zərbəsi dirəkdən döndü. Qələbə hesabını qoruyan “Çelsi” 5-ci pillədə qərarlaşıb.
Turun ən məhsuldar oyununun səbəbkarı “Brentford”la “İpsviç”di. Komandalar birlikdə 7 qol vurdu. “İpsviç”dən Delap 86-cı dəqiqədə hesabı bərabərləşdirsə də, 6-cı uzatma dəqiqəsində Mbemo “arılar”a qələbə qazandıran qola imza atdı.
“Kristal Pelas” mövsümdəki ilk qələbəsini London derbisində - “Tottenhem”lə oyunda qazandı. Meydan sahibləri ilk dəqiqələrdən qələbə əzmində olduqlarını göstərdilər. 31-ci dəqiqədə Mateta “mahmızlar”ın qapısına yol tapdı. Onların baş məşqçisi Ange Postekoğlu əvəzetmələrlə oyunun axarını dəyişməyə çalışsa da, bacarmadı.
“Nottingem Forest” səfərdə “Lester”i məğlub etdi. “Meşəçilər” 16-cı dəqiqədə hesabı açsa da, Vardi 23-cü dəqiqədə “tülkülər”i sevindirdi. Ancaq 2-ci hissədə Vud səhnəyə çıxdı və qısa zaman kəsiyində dubl etməyi bacardı.
Çempionlar Liqasında “at oynadan” “Aston Villa” “Bornmut”la ev oyununda qələbəni əldən verdi. 76-cı dəqiqədə Barkli birmingemliləri sevindirsə də, 6-cı uzatma dəqiqəsi onlar üçün faciəvi oldu. Braziliyalı Evanilson komandasını məğlubiyyətdən qurtardı. “Vulverhempton” isə daha inanılmaz şəkildə məğlubiyyətdən qaçdı. Ferqyuson 85-ci dəqiqədə “Brayton”un 2-ci qolunu vuranda heç kim meydan sahiblərinin qələbə qazanacağına şübhə etmirdi. Ancaq “canavarlar” son dəqiqələrdə əsl xarakter göstərməklə iki qol vurdular. “Everton” – “Fulhem” oyununda da məhsuldar heç-heçə qeydə alındı.
9-cu tur
Mançester Siti – Sauthempton 1:0
Holann, 5. (52844)
MS: Ederson, Lüis (Stounz, 90+7), Akanci, Diaş, Qvardiol, Kovaçiç, Savinyo, Nunyeş (Gündoğan, 86), B.Silva, Foden, Holann.
ArsenalLiverpul 2:2
Saka, 9. Merino, 43Van Diyk, 18. Salah, 81. (60383)
Arsenal: Rayya, Parti, Uayt, Qabriel (Katsurri, 54), Timber (Lüis-Skelli, 76), Merino, Rays, Saka (Jezus, 85), Trossar, Martinelli (Nvaneri, 85), Haverts.
Liverpul: Kelleher, Aleksander-Arnold, Konate, Van Diyk, Robertson (Simikas, 63), Cons (Endo, 90+2), Qravenberx, Makallister (Soboslai, 63), Salah, Nunyes, Dias (Qakpo, 63).
ÇelsiNyukasl 2:1
Cekson, 18. Palmer, 47 – İsak, 32. (39526)
Çelsi: Sançes, Ceyms, Fofana, Koluill, Hüsto (Kukurelya, 78), Kaysedo, Lavia (Fernandes, 72), Madueke (Mudrik, 67), Palmer, Neto, Cekson (Nkunku, 78).
Kristal Pelas – Tottenhem 1:0
Mateta, 31. (25180)
Tottenhem: Vikario, Porro, Romero, Van de Ven, Udoci, Kulusevski (Sarr, 62), Bissuma (Bentankur, 87), Meddison (Rişarlison, 62), Conson, Solanke, Mur (Verner, 62).
Vest Hem – Mançester Yunayted 2:1
Sammervill, 74. Bouen, 90+2-p. – Kazemiro, 81. (62474)
MY: Onana, Dalot, De Liqt, Martines, Mazraui (Lindelöf, 84), Eriksen (Zirkzee, 79), Kazemiro, Qarnaço, Fernandeş, Reşford (Dyallo, 59), Heylunn.
Lester – Nottingem Forest 1:3
Vardi, 23 – Yeyts, 16. Vud, 47; 60. (31879)
Aston Villa – Bornmut 1:1
Barkli, 76 – Evanilson, 90+6. (42165)
Brentford – İpsviç 4:3
Vissa, 44. Klark, 45+1-öz qapısına. Mbemo, 51-p.; 90+6 – Şmodiks, 28. Herst, 31. Delap, 86. (17109)
Brayton – Vulverhempton 2:2
Uelbek, 45. Ferqyuson, 85 – Ayt-Nuri, 88. Kunya, 90+3. (31840)
Everton – Fulhem 1:1
Beto, 90+5 – İvobi, 61. (38742)
1. Mançester S. 9 7 2 0 20-9 23
2. Liverpul 9 7 1 1 17-5 22
3. Arsenal 9 5 3 1 17-10 18
4. Aston Villa 9 5 3 1 16-11 18
5. Çelsi 9 5 2 2 19-11 17
6. Brayton 9 4 4 1 16-12 16
7. Nottingem F. 9 4 4 1 11-7 16
8. Tottenhem 9 4 1 4 18-10 13
9. Brentford 9 4 1 4 18-18 13
10. Fulhem 9 3 3 3 12-12 12
11. Bornmut 9 3 3 3 11-11 12
12. Nyukasl 9 3 3 3 9-10 12
13. Vest Hem 9 3 2 4 13-16 11
14. Mançester Y. 9 3 2 4 8-11 11
15. Lester 9 2 3 4 13-17 9
16. Everton 9 2 3 4 10-16 9
17. Kristal Pelas 9 1 3 5 6-11 6
18. İpsviç 9 0 4 5 9-20 4
19. Vulverhempton 9 0 2 7 12-25 2
20. Sauthempton 9 0 1 8 6-19 1
Bombardirlər: Holann (MS) – 11, Mbemo (Brentford) – 8, Palmer (Çelsi), Vud (Nottingem Forest) – 7.
Növbəti turun oyunları noyabrın 2-4-ü aralığında keçiriləcək: Nyukasl – Arsenal, Bornmut – Mançester Siti, İpsviç – Lester, Liverpul – Brayton, Nottingem Forest – Vest Hem, Sauthempton – Everton, Vulverhempton – Kristal Pelas, Tottenhem – Aston Villa, Mançester Yunayted – Çelsi, Fulhem – Brentford.
Turun rəqəmi
50 – Saka “Arsenal”ın heyətində premyer-liqada vurduğu qolların sayını bu həddə çatdırdı. O, 50-ci qolu 23 yaş 52 günlüyündə vurmaqla Tyerri Anriyə məxsus klub rekordunu yenilədi. Fransalı hücumçu 50 qol həddinə 24 yaş 128 günlüyündə çatmışdı. İlk “5-lik”də Teo Uolkott (26 yaş 69 gün), Robin van Persi (27 yaş 162 gün) və Aleksis Sançes (28 yaş 145 gün) də qərarlaşıb.
Turun ulduzu
Kris Vud (Nottingem Forest) – Yeni Zelandiyadan olan forvard “Lester”lə səfər oyununda dubl etməklə komandasına qələbə qazandırdı. Vud mövsümün əvvəlində əla forma yığıb. Təcrübəli forvard ilk 9 turda 7 qol vurmağı bacarıb.
Turun sitatı
Ceymi Karrager, “Liverpul”un sabiq müdafiəçisi
: “Artetanı hamı Qvardiolanın tələbəsi adlandırsa da, o, tədricən Mourinyo üslubunda məşqçiyə çevrilir. Heç kim bunun mümkün olacağını düşünməzdi. “Arsenal” bu gün 2-ci hissədə geri çəkildi. Bəlkə də Arteta hücumçularına baxaraq düşündü ki, “biz “Mançester Siti” qədər yaxşı deyilik, müdafiəni bacaran ən yaxşı komanda olmaqla premyer-liqanı qazana bilərik”.
Fakt
Salah premyer-liqa tarixində ən çox qol vuran futbolçular siyahısında 8-ci yerə yüksəldi. 81-ci dəqiqədə fərqlənən misirli premyer Liqada 163-cü qoluna imza atdı. O, indi İngiltərə çempionatında ən çox qol vuran futbolçular siyahısında Robbi Faulerlə eyni - 8-ci pillədə yer alıb. Qeyd edək ki, premyer-liqada ən çox qol vuran futbolçuların siyahısına "Nyukasl"ın sabiq hücumçusu Alan Şirer (260) başçılıq edir. Hazırda "Bavariya"nın formasını geyən Harri Keyn (213) ikincidi. İlk "üçlüy"ü "Mançester Yunayted"in sabiq hücumçusu Ueyn Runi (208) qapayır.
Reaksiyalar
Xosep Qvardiola, MS-nin baş məşqçisi:
“Bu gün “Sauthempton”un necə dərindən müdafiə olunması vacib deyildi. Rəqib daim hərəkətliydi, topla yaxşı davranırdı. “Sauthempton” həqiqətən yaxşı oynadı. Rəqib çoxlu qol vəziyyəti yaratmasa da, biz qeyri-adi dərəcədə əmək sərf etməklə topu ondan alırdıq. Qol vəziyyətlərindən yararlana bilməsək də, nəticə yaxşıdı. İndi bərpa olunmaq üçün iki-üç günümüz var. 11 ay ərzində hər üç-dörd gündən bir oynamağa öyrəşmişik. Problem ondadı ki, bəzi oyunçulara istirahət verə bilmirik. Ancaq ümid edirəm ki, gec-tez onların dincəlməsi üçün imkan yaradacağıq”.
Mikel Arteta, “Arsenal”ın baş məşqçisi:
“Komandamla qürur duyuram. Biz istədiyimiz kimi – cəsur, keyfiyyətli oynadıq, dominantlıq etdik, xüsusən də ilk yarıda. İlk yarıda daha çox qol vurmaq lazım idi, rəqib 2-ci hissədə “artırdı”, bizdə isə cəsarət çatmadı. Bu oyunda qələbəyə layiq idik. Rəqibdən daha yaxşı oynadıq. Hər iki buraxılan qol bizim üçün dərs oldu. Daha bir neçə qol vəziyyətində topu tora göndərməliydik”.