Donetsk vilayətinin Selidovo şəhəri Rusiya işğalçı ordusunun nəzarətinə keçəndən sonra növbəti hədəfin hansı şəhər olacağına dair müxtəlif mülahizələr var. Bu sırada həm Pokrovskun, həm də Kuraxovo şəhərinin adı keçir.
“AzPolitika” xəbər verir ki, tanınmış ukraynalı hərbi ekspert Aleksandr Musienkonun fikrincə, rus qoşunları Selidovonun ələ keçirilməsindən sonra öz uğurlarını artırmağa çalışacaqlar. “Radio NV”-yə danışan ekspert qeyd edib ki, şəhərin müdafiəsi Ukraynaya mühüm vaxt qazanmaq və işğalçıların irəliləmə sürətini ləngitmək imkanı verib.
Həmçinin bu, Pokrovsk uğrunda döyüşü ən azı iki ay gecikdirib: "İndi Rusiya qoşunlarının niyyəti cinahdan hücum etməkdir, onlar diqqətini ilk növbədə Kuraxovoya cəmləşdirə bilər".
Musienkonun fikrincə, rus işğalçıları eyni zamanda qüvvələrini Pokrovska hücum üçün cəmləyəcək:“Pokrovsk bu döyüşə hazırlaşır. Burada bir neçə həftədən bir neçə aya qədər şiddətli döyüşlər davam edəcək. Sonra görəcəyik düşmənin resursu və gücü hara qədər çatacaq. Daha 40 min itki verməyə hazır olacaqlarmı? Onlar sentyabrda 38 min itki veriblər, oktyabrda bu, 40 mindən çox olacaq”.
“AzPolitika.info”