Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp səsverməyə 3 gün qalmış demokrat rəqibi Kamala Harrisi üstələyib.
Musavat.com xəbər verir ki, bunu Britaniyanın “Daily Mail” qəzetinin J.L. Partners şirkəti ilə birlikdə keçirdiyi yekun sorğunun nəticələri göstərir.
Oktyabrın 26-29-da 1000 nəfər arasında keçirilən sorğunun məlumatları göstərir ki, hər iki namizəd öz mövqelərini gücləndirib, lakin Tramp müstəqillərin və qərarsız seçicilərin dəstəyini qazanmaq üçün daha yaxşı iş görüb.
Tədqiqatçılar qeyd edirlər ki, ehtimal olunan seçicilərin 49 faizi Respublikaçılar Partiyasının nümayəndəsinə, 46 faizi isə Demokratlar Partiyasının namizədinə səs verməyə hazırdır.
JL Partners həmtəsisçisi Ceyms Conson bildirib ki, Tramp bütün irqlərdən olan seçicilər arasında nüfuzunu artırıb və 18-29 yaşlılar istisna olmaqla, bütün yaş qruplarında liderlik edir.
Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Bir gün əvvəl məlum olmuşdu ki, Monmouth Universitetində keçirilən sorğunun nəticələrinə görə, Donald Tramp və Kamala Harrisin Pensilvaniya ştatında keçirilən seçki yarışında bərabərə qaldığı bildirilir.
Bundan əlavə, sorğu həm də seçicilər arasında motivasiyanın artdığını göstərib - respondentlərin 81 faizi səsvermədə iştirak etmək istəyinin yüksək olduğunu bildirib, sentyabrda belə seçicilər 75 faiz təşkil edirdi.
Musavat.com