Bir neçə ay əvvəl “Barselona” Hindistanda açdığı akademiyanı bağlamaq qərarına gəldi. Kataloniya klubu addımını bu ölkədə futbolun sirlərinə yiyələnmək istəyən uşaqların istedadlı olmaması ilə əlaqələndirdi.
Yetərincə, məntiqli addım idi. Şoranlıq torpaqda bağça salmaq mümkün deyil. Hindistanın qərarlaşdığı regionda vəziyyət belədir. Hətta qonşuluqdakı Çin belə futbolçu yetişdirmir.
Biz hər nə qədər futbol ölkəsi sayılmasaq da, regionumuzda yüksək səviyyəli oyunçular yetişir. 5 qonşumuzun hamısından dünya futbolunda cığır açan oyunçular çıxıb. Deməli, biz ağ vərəqdə qara ləkə ola bilmərik. Sadəcə, bura qara ləkəni salanlar var. Hamımız yaxşı bilirik ki, o qara ləkəni uşaq futbol məşqçiləri kağızın ortasına salıb. Bizdə almaz var, sadəcə, onu cilalayanlar yoxdur. Almaz olmasaydı, bu ölkədən Vəli Qasımov və ya Mahir Emreli kimi Avropada çulunu sudan çıxara bilən futbolçular çıxmazdı.
Artıq əminliklə demək olar ki, ölkəmizin Avropada başını qismən də olsa, uca edən Vəli Qasımovdan sonra bir futbolçu çıxara bildik. Özü də Avropanın müxtəlif bucaqlarında buqələmun kimi dərisini dəyişib sistemə uyğunlaşmaqla. Qasımov keçmiş SSRİ məkanını tərk edib yalnız Piriney yarmadasında məharətini göstərə bildisə, Emreli 4 fərqli yerdə bütün diqqəti öz üzərinə cəlb etməyi bacardı. Polşa, Xorvatiya və Türkiyədən sonra millimizin hücumçusu indi də Almaniyada sözün yaxşı mənasında hoqqa çıxarır. Belə bir oyunçu çıxara biliriksə, deməli, su gələn arxın qarşısını kəsən daş-kəsəyi aradan qaldırmaq lazımdır.
Nədir Mahirin sirri? Hər şey göz qabağındadır. Ola bilər ki, kimsə Mahirin hansısa yerli oyunçudan daha istedadlı olması ilə razılaşmasın. Amma Emrelini digərlərindən fərqləndirən cəhət xarakteridir. Ən azı “iki ayağını bir başmağa dirəyib” Azərbaycana qayıtmır. Halbuki, daha yaxşı şərtlərlə “Qarabağ”, “Neftçi” və ya “Sabah”ın təklifini qəbul edə bilərdi. Amma o, inkişaf etməyi üstün tutdu. Bu mənada Mahir Ramil Şeydayevə nəinki dərs, hətta deyərdim ki, “master-klass” keçir. Halbuki, Ramil Mahirlə müqayisədə dünyaya 5:0 hesabı ilə öndə gəlib. Şeydayev Rusiyada “Zenit”in akademiyasında yetişib sonradan Rusiyanın yeniyetmələrdən ibarət millisi ilə Avropa çempionatının bombardiri olubsa, Mahir mükəmməl bazası buldozer qabağına verilən və fəaliyyətini dayandıran “Bakı”nın akademiyasında yetişib.
Şeydayevi yetişdirən uşaq məşqçiləri ilə Mahirə futbolun sirlərini öyrədənləri isə nəinki tərəzinin bir, heç-heç ayrı-ayrı gözlərinə qoymaq olmaz. Di gəl ki, Şeydayev uğursuz Türkiyə və Slovakiya macərasından sonra Azərbaycana gəlib “Qarabağ”da əvvəlki səviyyəsinə yaxınlaşsa da, Tailanda pul arxasınca qaçıb hər şeyi alt-üst etdi. İndi də “Qarabağ”dan illərlə və kilometrlərlə aralıda olan “Neftçi”də pulunu qazanır. Onun oynadığı futboldan danışmağa dəyməz. Mahir isə hər çətinliyə sinə gərib qarşısına qoyduğu hədəfə doğru irəliləyir.
Şeydayev dəvəquşu kimi başını torpağın altına salıb özünü çətinliyə vermədi. Halbuki, dəvəquşu özəlliklərinə malik yaxşı qaçmaq qabiliyyəti var id. Adam öz potensialını yanlış istiqamətdə xərclədi. Mahir isə buqələmun olmağı yaxşı bacardı.
Təbii ki, Şeydayev kimi Mahir də çox səhvlərə yol verib. Məsələn, “Legiya”da azarkeşlərin avtobusa hücum edib onu vurmasından sonra Polşanı tərk etməsi yanlış addım idi. Hər nə qədər Emreli bunun arxasında nəyin dayandığını yaxşı bilsə də, prinsipə düşüb bu təxribata uymamalı idi. Halbuki, onunla bir yerdə avtobusda hücuma məruz qalan albaniyalı Ernest Muçi dişini sıxıb Polşada qaldı və sonradan yumruğunu sıxıb “Beşiktaş”a yollandı. Kim bilir, millimizin hücumçusu bir az səbrli olsaydı, daha böyük kluba gedə bilərdi. Doğrudur, onun üz tutduğu Zaqreb “Dinamo”su da böyük klub sayılır. Sadəcə, anlamaq lazım idi ki, Xorvatiya “futbolçu fabriki” sayıldığından orada əsasən yerlilər daha çox kənara çıxır.
“Legiya”nı məhz “Dinamo”ya dəyişməklə 2 səhv bir neçə düzü aradan aparsa da, Mahir növbəti sualların cavabını düz yazmağı bacardı. İcarə əsasında Türkiyəyə yollanıb “Konyaspor”un heyətində imtahandan üzüağ çıxmaq Mahiri sinifdən-sinifə keçirdi. Sonradan Zaqrebə qayıdıb zədə amilinə görə kənarda qalsa da, “Nürnberq”ə keçməklə növbəti dəfə qətiyyət nümayiş etdirdi. Hər halda, 16 qolla dünya çempionatları tarixinin ən məhsuldar oyunçusu olan Klozenin əlinin altında püxtələşməkdən ideal heç nə ola bilməzdi.
Ümumiyyətlə, Qurban Qurbanovdan sonra Mahirin məşqçilərlə bağlı həmişə bəxti gətirməsə də, ona yol açan mütəxəssislər olub. Bu mənada “Legiya”da Mixal Mixneviçi xüsusi fərqləndirmək lazımdır. Sonradan Polşa millisinin məşqçisi olan və panları 36 ildən sonra dünya çempionatında pley-offa daşıyan mütəxəssis Mahirə özündən çox inanırdı. Mixneviçin gedişindən sonra Mahiri orada yola vermədilər. Xorvatiyada Jelko Kopiçlə Ante Çaçiç də Emreli ilə haradasa dil tapa bilirdi. Amma Sergey Yakiroviç onun qarşısında ciddi maneəyə çevrildi.
Aylı və buludlu hava şəraitindən sonra Emrelinin Kloze simasında üzünə günəş doğması həmyerlimizi hərəkətə gətirdi. Budur, ardıcıl 3 oyunda fərqlənmək, üstəlik bu qollardan birini Bundesliqa komandasına vurmaq bu əziyyətin bəhrəsi idi. Gələcəkdə nə olacağını proqnozlaşdıra bilmərik, sadəcə, onu deməliyik ki, doğru işlər görməklə ən azı Mahir səviyyəsində futbolçu yetişdirə bilərik. Bunun üçün isə xarakter nümayiş etdirmək və peşəkar olmaq lazımdır. Pul arxasınca yox, karyera arxasınca qaçmaq gərəkdir. Emreli mahir bir palançı olmaya bilər, amma ən azı Şeydayev kimi yarımçıq papaqçılıq etmək fikrinə düşmədi. Buqələmun olub cilddən-cildə girmək lazımdır ki, bu qələm onu yeri gələndə doğru vəsf edə bilsin.
Mahir Emreli Avropada:
“Legiya” – 33 oyun, 11 qol, 2 assist
“Dinamo” Zaqreb – 47 oyun, 10 qol, 5 assist
“Konyaspor” – 12 oyun, 2 qol
“Nürnberq” – 6 oyun, 3 qol
ABBAS