AZ

Erkən yaşlarda abortların sayı artacaq, çünki... Ginekoloqdan ÇAĞIRIŞ

Azərbaycanda 15-19 yaş qrupları arasında abort etdirənlərin sayı kəskin artıb. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ildə abortların 2 080-i bu yaş aralığında qeydə alınıbsa, 2023-cü ildə bu rəqəm 2 596 olub. 

Bəs erkən yaşda abort orqanizmə necə təsir edir? Həmin qadınların sonrakı hamiləliklərində problemlər yaranır?

Mövzu barədə mama-ginekoloq Rəşad Sultan Redaktor.az-a açıqlamasında bildirdi ki, abort bir cərrahi müdaxilədir və hər cərrahi müdaxilə kimi özünəməxsus riskləri var:

"Abort qanaxma, infeksiya, orqan zədələnməsi, hətta ölümə səbəb ola bilər. Ona görə də biz həkimlər, ginekoloqlar abortun əleyhinəyik. Əgər uşaq planlaşdırılmırsa, ümumiyyətlə, hamilə qalmamağı tövsiyə edirik və bunun üçün istifadə edilən tibbi üsullar var. Abortun sayının artmağı da elə bu üsulların tətbiq edilməməsi, gənclərə yeniyetməlik vaxtından hamiləlikdən qorunma üsullarının öyrədilməməsidir. Dünya inkişaf edir, biz istəsək də, istəməsək də Azərbaycan coğrafiyasında yaşayan insanların da həyat tərzi dəyişir. Bunu qınamaqla, tənqid və ya mühakimə etməklə, bir şey dəyişmir".

Uzman

Ginekoloq qeyd etdi ki, insanlar arasında kommunikasiya artır və daha erkən yaşlarda, nikahdan öncə cinsi birlikdəliklərin sayı çoxalır. Bu zaman cinsi yolla keçən xəstəlikləri və arzuolunmaz hamiləlikləri nəzərə almırıq:

"Hamı mediada, maarifləndirici verilişlərdə oturub gənclərin başına ağıl qoymaqla məşğul olur. Halbuki ağıl qoymaq "əxlaqlı olun", "onu eləməyin", "bunu eləməyin" şəklində yox, edirsinizsə, "arzuolunmaz hamiləliklərdən qorunun" şəklində olmalıdır. Ən azından biz ginekoloqların vəzifəsi budur ki, arzuolunmaz hamiləliklərdən qorunmanı tətbiq edək, hətta məcbur edək. Dövlətin də işi odur ki, sadəcə maarifləndirməklə deyil, bir az da məcburi formada qorunma üsullarınını təbliğ etsinlər. Orta məktəblərdə dərsliklərə bu barədə əlavələr etmək lazımdır. Amma gəlib çıxmışıq 2024-cü ilə və bu istiqamətdə heç bir konkret addım yoxdur. Bu halda, əlbəttə ki, abortların sayı artacaq. Heç 30 yaşlılar arasında qorunma haqda düşünən var ki, 15 yaşında da düşünən olsun? Sadəcə olaraq problem budur ki, 30 yaşında bunu edəndə cəmiyyət mühakimə etmir, amma 15 yaşında edəndə əks-səda doğurur".

Sevinc İBRAHİMZADƏ

Seçilən
55
redaktor.az

1Mənbələr