AZ

Kəndlərimizdə mal-heyvan saxlamırlar?- İdxal inanılmaz dərəcədə artır...

Image

Xalid Kərimli: “Ölkədə iri və xırdabuynuzlu heyvanları saxlayanların sayı azalıb, çünki heyvanların bəslənməsi üçün xərclər çoxalıb”

Ölkəmizdə ərzaq təhlükəsizliyinin mühüm istiqamətlərindən biri də kənd təsərrüfatının aparıcı sahələrindən sayılan heyvandarlığın inkişaf etdirilməsi ilə bağlıdır. Bu isə daxili bazarda ət və ət məhsullarına olan tələbatın yerli istehsal hesabına ödənilməsi deməkdir. 

Lakin gündəlik qida rasionumuzda mühüm yer tutan ətin qiymətində son illər davamlı bahalaşma müşahidə olunur. Azərbaycanda heyvanların baş sayının azalması isə ətə tələbatın çoxaldığı bir dövrdə daxili bazarın idxaldan asılılığını artırır. Qeyd edək ki, ötən il Azərbaycana 25 milyon 102 min dollar dəyərində 320 min 543 baş diri qoyun idxal edilib ki, bu da əvvəlki illə müqayisədə say baxımından 65% və ya 125.9 min baş, dəyər baxımından isə 58% və ya 9.2 milyon dollar deməkdir. Məlumdur ki, Gürcüstan Azərbaycanın əsas xırdabuynuzlu heyvan idxalı bazarıdır. Belə ki, 2023-cü ildə Gürcüstandan ölkəyə 16 milyon 414 min dollar dəyərində 218 min 191 baş diri qoyun idxal edilib. Əvvəlki illə müqayisədə Gürcüstandan diri qoyun idxalı 24% və ya 42,3 min baş artıb. Ötən il Gürcüstandan Azərbaycana diri qoyun idxalı ölkəyə gətirilən ümumi qoyun idxalının 68%-ni təşkil edib. Açıqlanan statistik rəqəmlərdən də bəlli olur ki, ölkəyə idxal olunan iri və xırda buynuzlu heyvan idxalı artıb. Maraqlıdır, yerli sahibkarlar, fermerlər niyə heyvan saxlamır?

“İribuynuzlu mal-qara və qoyun sayında azalma olur və tələbat ödənilmir, nəticədə də ölkəyə ət idxalı artır”

İqtisadçı ekspert Xalid Kərimli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, ölkədə iri və xırdabuynuzlu heyvanları saxlayanların sayı azalıb. Bunun səbəbi heyvanların bəslənməsi üçün xərclərin çoxalmasıdır: “Ona görə də vətəndaşlara heyvan saxlamaq sərf etmir. Hazırda Azərbaycanda ev təsərrüfatları təbii otlaq sahələrinin azalması səbəbindən heyvanları ot bağlamaları ilə bəsləmək məcburiyyətində qalırlar. Yəni xərc artıb, saxlanılan heyvanların sayında isə azalma var. Ev heyvanlarının bəslənməsi üçün xərclər yüksəkdir. Tədricən iribuynuzlu mal-qara və qoyun sayında azalma olur və tələbat ödənilmir. Nəticədə də ölkəyə ət idxalı artır. Həmçinin, əhalinin sayı və alıcılıq qabiliyyəti artır. Lakin ətin qiymətinin bahalaşmasına baxmayaraq, tələbat azalmır. Bu da xərclərin artması fonunda qiymətin yüksəlməsinə gətirib çıxarır. Azərbaycanda 2022-ci illə müqayisədə 2023-cü ildə idxal artıb. Bu il təxminən xırdabuynuzlu heyvanların idxalı 3 dəfəyədək yüksəlib. Nəzərə almaq lazımdır ki, idxal olmasa, qiymətlər daha sürətli şəkildə qalxardı. Yəni idxal edilən məhsullar qiymətin daha tez şəkildə yüksəlməsinin qarşısını alır”.

Günel CƏLİLOVA





Seçilən
89
50
baki-xeber.com

10Mənbələr