Ölkəmizdə fəaliyyət göstərən ictimai iaşə obyektləri üçün bəzən xarici adlardan istifadə olunur. Bəzi hallarda bu adlar öz dilimizdə olsa belə, gülməli görünür, bəzən isə ümumiyyətlə, həmin obyektin adının mənası başa düşülmür. Bəs iaşə obyektlərinə ad seçimi ilə bağlı hansı qərarlar mövcuddur? Obyekin adının düzgün seçimi necə aparılmalıdır?
Bu barədə Redaktor.az-a danışan marketoloq Səfər Aslanov bildirdi ki, adların əcnəbi dillərdə olmasının bir sıra təbii səbəbləri var. Onun fikrincə, nəzərə alınmalıdır ki, ölkəmizdə biznes mühitinin tarixi ənənəsi zəifdir və biznesi sistemli yanaşma əsas etibari ilə müstəqillik dövrünü əhatə edir:
"Digər tərəfdən də biznes istehlakçıların anladığı dildə danışmaq məcburiyyətindədir. “Peyk qəbuledicilərin təmiri” yerinə “Krosna təmiri” yazmaq, “Avtomobil yuyulma məntəqəsi” yerinə “moyka” yazmaq istehlakçıya daha aydın, anlaşılan və funksional ismarıc verilməsi deməkdir. Heç şübhəsiz ki, bu dilimizə daxil olmuş varvarizmlərin daha qalıcı olmasını təmin edir, amma biznes ilk növbədə mənfəətlik öhdəliyinə sahib olduğundan bu cür davranışın sərgilənməsi anlaşlandır".
Ekspertin sözlərinə görə, eyni davranış daha iri obyektləri də əhatə edir:
"Bunun da səbəbləri əsas etibarilə istehlakçıların davranışına hesablanıb. Adqoyma mexanizmləri əsasən brend anlayışı ilə bağlıdır. Deskriptiv, evokativ, metoforik adların istifadəsi ilə yanaşı, ixtira edilmiş adlardan da istifadə edilir. Ölkəmizdə ixtira edilmiş adlar seqmentində Azərbaycan dilinin xüsusiyyətləri nadirən tətbiq edilir. Əsas etibarilə saitlərin uzadılması və ya samitlərin qoşalaşması ilə adlandırllan brendlərə rast gəlinir. Yerli adlar xüsusən restoranlarda istifadə edilir. Bu isə milli mətbəxin olmasını kommunikasiya etmək məqsədi daşıyır".
Səfər Aslanov qeyd etdi ki, digər üsullarda slavyan motivlərinə rast gəlinsə də, daha çox anqlo-sakson motivləri üstünlük təşkil edir. Bu səbəblər aşağıdakılardır:
"Qlobal inteqrasiya: Xarici adlar obyektlərin beynəlxalq səviyyədə tanınmasına və qəbul edilməsinə kömək edir. Məsələn, ingilis və ya digər geniş istifadə olunan dildə olan adlar turistlərə və xarici müştərilərə daha tanış gəlir, eyni zamanda obyektin qlobal bazarda rəqabət qabiliyyətini artırır.
Brend imajının yaradılması: Xarici adlar obyektə daha cəlbedici və müasir bir imic qazandırır, bu da gənclər və xarici brendlərə maraq göstərən müştərilər arasında populyarlığı artırır. Belə adlar obyektin yenilikçi və dünyaya açıq olduğu təəssüratını yaradır.
Turistləri cəlb etmək: Xarici adlar turizm sektorunda xüsusilə effektivdir, çünki xarici ziyarətçilər üçün yad adlar cəlbedici olur və bu da obyektə marağı artırır. Bu, turizm obyektlərinin xarici dilə uyğun adlandırılmasını daha məqsədəuyğun edir.
Marketinqin asanlaşdırılması: Xarici dildə adlar marketinq materiallarının hazırlanmasında sadəlik yaradır. Məsələn, brendin adı artıq beynəlxalq auditoriyaya uyğun olduğu üçün reklam mesajlarının dil və üslub uyğunluğunu təmin etmək asan olur.
Unudulmazlıq: Xarici adlar, xüsusilə ingilis və ya digər yayğın dillərdə olan adlar, bəzən daha asan yadda qalır. Bu, brendin və ya obyektin müştərilər arasında daha uzunmüddətli tanınma və unudulmazlıq əldə etməsinə kömək edir".
Sevinc İBRAHİMZADƏ