Barəsində xüsusi ittiham qaydasında şikayət verilən müğənni Dəniz Əsədovanın məhkəməsi başlayır.
Qaynarinfo-nun məlumatına görə, noyabrın 6-na məhkəmə hazırlıq iclası təyin edilib. İclas Binəqədi Rayon Məhkəməsində hakim Elçin Ağayevin sədrliyi ilə keçiriləcək.
Dəniz Əsədova Cinayət Məcəlləsinin 147.1-ci (Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma) maddəsi ilə mühakimə olunacaq.
İddialara görə, şikayətçi Nərimanov rayonu 8 saylı Tibbi-Sosial Ekspert Komissiyasının (TSEK) sədri vəzifəsində işləmiş Şahin Verdiyevdir.
Dəniz Əsədova bir müddət əvvəl külli miqdarda dələduzluğa məruz qalması ilə bağlı açıqlamalarında onun da adını hallandırmışdı. Müğənni bildirmişdi ki, Şahin Verdiyev ondan yarım milyon manat məbləğində borc alsa da, qaytarmayıb.
147.1-ci maddədə 1000 manatdan 1500 manatadək miqdarda cərimə və ya 240 saatdan 480 saatadək müddətə ictimai işlər və ya 1 ilədək müddətə islah işləri və ya 6 ayadək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.
Seyid