Yüksək qiymət həmişə keyfiyyət göstəricisi ola bilmir
Bu gün Azərbaycan bazarlarında məhsulun keyfiyyətinə nəzarət mexanizmi modeli çox məhdud imkanlara malikdir. Ölkədə keyfiyyətə nəzarət mərkəzləşmiş şəkildə həyata keçirilir. Bir qədər də konkretləşdirsək, on minlərlə istehsal, emal, becərmə, satış, xidmət və s. obyektləri olan bir ölkədə keyfiyyətə yalnız Qida Təhlükəsizliyi Agentliyi birbaşa mərkəzləşdirilmiş nəzarət etməklə cavabdehdir.
On minlərlə obyektdə keyfiyyətə mərkəzləşdirilmiş qaydada nəzarət etmək fiziki baxımdan mümkün deyil. Hər obyektə bir nəfər təhkim edilsə, bu quruma on minlərlə işçi lazım olacaq. Bu baxımdan Azərbaycanda “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna hələ çox dəyişikliklər edilməli, keyfiyyətə nəzarətin kütləvi metodlarından istifadə üçün hüquqi baza yaradılmalıdır.
Birinci vitse-spiker Əli Əhmədov Milli Məclisin iclasında müzakirəyə çıxarılan “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna dəyişiklik olunmasına münasibət bildirərkən deyib: “Təbii ki, bu bazar iqtisadiyyatına zidd deyil. Ucuz mala şübhəli münasibət formalaşıb. Orta qəbul edilmiş qiymətdən aşağı olan malı alan olmur. Hər bir malın hazırlanması, onun texnologiyalara uyğun şəkildə istehsal olunması üçün müəyyən qədər xərclər çəkilməlidir.
Ona görə də hər malın yoxlanması mümkün olmadığından, qiymət amilindən malın keyfiyyətinə nəzarət kimi istifadə edilir. Azərbaycanda bununla bağlı məşhur bir ifadə var: “ucuz ətin şorbası olmur”. Güman edirəm ki, bu qanun layihəsi istehlakçılarının hüquqlarının qorunması məqsədinə xidmət edir”.
Bəli, doğrudan da bazarda keyfiyyətli məhsul orta qəbul edilmiş qiymətlərdən ucuz olmamalıdır, deputatın bu fikri ilə razılaşmamaq olmur. Amma məsələ burasındadır ki, ölkə bazarlarında keyfiyyətsiz məhsullar o qədərdir ki, onların içərisindən hansının keyfiyyətinin yüksək olduğunu müəyyənləşdirmək üçün ixtisaslı mütəxəssisə ehtiyac var. Hər adamın isə ixtisasli mütəxəssislə bazara getmək imkanı yoxdur. Məsələn, satışda 5 manata da kərə yağı var, 22 manata da kərə yağı var. Bu kəskin fərqli hər iki məhsulun kərə yağı olması istər-istəməz şübhə doğurur. Necə olur ki, sahibkarın birinə kərə yağını 5 manata, digərinə isə 22 manata satmaq sərf edir? Bu halda vəziyyət belədir ki, ucuz qiymətə teklif edilən "kərə yağı" əslində marqarin, palma və başqa bu kimi ucuz və keyfiyyətsiz yağlardan hazırlanmış məhsuldur. Sadəcə olaraq, müasir texnologiya, qida rəngləri və dadlandırıcılarının köməyi ilə o, kərə yağı şəklinə salınıb. Əhalinin əksəriyyətinin alıcılıq qabiliyyəti aşağı olduğundan da daha çox ucuz "kərə yağı"ları satılır. Kasıb alıcı elə bilir ki, ucuz yağ almaqla büdcədinə qənaət edir. Lakin bir neçə vaxt bu ucuz və keyfiyyətsiz yağla qidalanan insanlar tezliklə xəstəxanalara müraciət etməli olur ki, müalicə üçün kərə yağı alışından qənaət etdiyi vəsaitdən bir neçə dəfə daha çox xərc çəkir. Bu halda keyfiyyət-qiymət əlaqəsi tam məntiqə uyğun olaraq işləyir.
Hamıya bəllidir ki, ölkə iqtisadiyyatının əsas hissəsi inhisarçiların, rəqibsiz sahibkarların əlindədir. Ona görə də, bir çox hallarda brend yaratmış şurkətlər belə daha çox qazanmaq üçün istehlakçıların onlara olan etibarından sui-istifadə edirlər. Belə ki, sahibkar bir müddət keyfiyyətli istehsal etdiyi məhsulun sonra inqrediyentlərinin keyfiyyətini aşağı salır. Yəni qənaət etmək üçün keyfiyyətsiz xammaldan istifadə etməyə başlayır. Məhsulun rəngini və dadını kimyəvi vasitələrlə bərpa edir və keyfiyyətli məhsul qiymətinə satmağa başlayir. Bu halda qiymət keyfiyyətə nəzarət funksiyasını itirir. Ona görə də müasir mərhələdə qiymətin keyfiyyət göstəricisi olmasını iddia etmək həmişə özünü doğrultmur. Bu səbəbdən də ölkənin qida təhlükəsizliyi sistemini yalnız qiymət-keyfiyyət əlaqəsinə etibar etmək olmaz.
Birinci növbədə ölkə bazarlarında biz yüksək keyfiyyət və optimal qiymət müşahidə etmək istəyiriksə, iqtisadiyyatda inhisarçılığa son qoyulmalı və ya heç olmasa azaldılmalıdır. Çünki iqtisadiyyatda inhisarçılıq azaldıqca rəqabət mühiti qızışır. Rəqiblərin bazarda bir-biri ilə kəskin mübarizə apardığı bir şəraitdə heç bir sahibkar əlavə mənfəət əldə etmək məqsədi ilə istehsal etdiyi məhsulun keyfiyyətini aşağı salmaq barədə fikirləşə bilməz. Rəqabət mühitində sahibkar rəqibi üzərində üstünlüyü ələ almaq üçün daima istehsal etdiyi mal və xidmətlərin keyfiyyətini yüksəltmək, qiymətlərini isə aşağı salmaq istiqamətində axtarışlar edir və bir çox hallarda uğurlu nəticələrə nail olur. Məhz bazar iqtisadiyyatının bütün istiqamətlərdə inkişafının hərəkətverici qüvvəsi bu sxemdir. Bazar iqtisadiyyatının çarxlarını döndərən mühərriki rəqabətdir. Rəqabət bazarda həm keyfiyyəti yüksəldir, həm də optimal-ədalətli qiymətin formalaşmasını təmin edir. Rəqabətli iqtisadiyyatda sahibkar üçün ən çətin iş qiymətləri bahalaşdirmaqdır. Çünki daima rəqib xofu sahibkarın başı üzərində asılmış "domokıl qılıncı" kimi onu izləyir. Hətta əsrlərlə təcrübəsi olan brend istehsalçıları belə daim rəqiblərindən qorunmaq üçün qiymətə və keyfiyyətə özləri nəzarət edir.
O ki qaldı qida təhlükəsizliyi sisteminin qurulmasına, yuxarıda qeyd etdiyimiz kimi, on minlərlə istehsal, emal, xidmət və s. obyektlərində keyfiyyətə mərkəzləşdirilmis qaydada nəzarət etmək mümkün deyil. Azərbaycanda indi tətbiq edilən qida təhlukəsizliyi modeli yalnız vəziyyətin öyrənilməsi, müayinəsi üçün yararlı sayıla bilər. Amma daxili bazarda problemin aradan qaldırılmasına qadir model deyil.
Fikrimizcə, ölkəyə çoxlu sayda müstəqil laboratoriyalar gətrilməlidir. Həmin laboratoriyalara məhsul və xidmətlərin keyfiyyətini müayinə etmək və vətəndaşa nəticə barədə arayış təqdim etmək səlahiyyəti verilməlidir. Bununla yanaşı, vətəndaşın keyfiyyətsiz məhsul və xidmətə görə günahkara yüksək məbləğdə təzminat tələb etmək hüququnu verən hüquqi baza yaradılmalıdır. Yəni vətəndaş rastlaşdığı keyfiyyətsiz mal və ya xidmətin keyfiyyətsizliyini rəsmiləşdirmək və keyfiyyətsiz əmtəəyə görə günahkar olan tərəfdən təzminat tələb etmək imkanına malik olmalıdır. Bu sxem üzrə vətəndaşa bir necə sahibkar yüksək məbləğdə təzminat ödədikdən sonra bütün iqtisadi subyektlər özləri özlərinə nəzarət edəcək ki, əllərindən keyfiyyətsiz mal və ya xidmət çıxmasın, çıxsa onu yüksək məbləğdə təzminat ödəmək gözləyir. Yəni qida və xidmət təhlükəsizliyinin təmin edilməsi işinə bütün cəmiyyəti cəlb etmək, kütləvi ictimai nəzarəti təmin etmək lazımdir. Yalnız bu model vasitəsilə biz ölkə bazarlarında keyfiyyətə tam nəzarət imkanı qazana bilərik.
Akif NƏSİRLİ