AZ

Qəbələ və Şəmkirdəki dövlət qoruqları arasında əməkdaşlıq əlaqələri genişlənir

Qəbələ Dövlət Tarix-Bədii Qoruğu və “Qədim Şəmkir Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğu arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və təcrübə mübadiləsinin aparılması məqsədilə növbəti görüş keçirilib. Qəbələ qoruğunda keçirilən tədbirdə hər iki qoruğun rəhbər işçiləri və əməkdaşları iştirak ediblər.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ Dövlət Tarix-Bədii Qoruğunun direktoru Zahir Kərimov məlumat verib.

Şəmkir qoruğunun əməkdaşları əvvəlcə Qəbələ Arxeoloji Mərkəzində sərgilənən arxeoloji materiallarla tanış olublar. Onlara mərkəzin yaradılması və bu sahədə SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının gördüyü işlər, sərgi salonundakı tarixi əhəmiyyətə malik tapıntılar barədə ətraflı məlumat verilib.

Arxeoloji Mərkəzin akt zalında keçirilən tədbirdə Qəbələ Dövlət Tarix-Bədii Qoruğunun direktoru Zahir Kərimov qonaqlara qoruğun fəaliyyətindən danışıb. Diqqətə çatdırılıb ki, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeçiliyində fəaliyyət göstərən Qəbələ Dövlət Tarix-Bədii Qoruğu 1976-cı ildə yaradılıb. Ümumilikdə 420 hektar ərazini əhatə edən qoruq 3 tarixi məkandan - Antik şəhər yeri, Səlbir və Qala ərazilərindən ibarətdir.

Tədbirdə çıxış edən “Qədim Şəmkir Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Nurlan Həsənov görüşün hər iki qoruq üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb. Qeyd edib ki, qoruqlar arasında qarşılıqlı fəaliyyət çərçivəsində təcrübə mübadiləsi perspektiv istiqamətlər üçün geniş imkanlar açır.

Görüşün sonunda “Qafqaz Albaniyasının paytaxtı-Qəbələ” filmi nümayiş olunub. Sonra hər iki qoruğun əməkdaşlarının iştirakı ilə ağacəkmə aksiyası keçirilib.

Şəmkirli qonaqlar, həmçinin qoruğun tarixi məkanlarından olan Antik şəhər yeri, Səlbir və Qala ərazilərində aparılmış arxeoloji qazıntı sahələri ilə də tanış olublar. Onlara Qəbələ Arxeoloji Ekspedisiyasının burada apardığı arxeoloji qazıntılar, yerli və xarici arxeoloqlar tərəfindən aşkar olunan tapıntılar barədə ətraflı məlumat verilib, suallar cavablandırılıb.

Seçilən
23
yeniazerbaycan.com

1Mənbələr