AZ

“Birləşirik” mesajı verildi, ABŞ dərhal raket göndərdi

ABŞ silahlarının Tayvana tədarükü ikitərəfli münasibətlərə mənfi təsir göstərir.

Teleqraf.com xəbər verir ki, bunu Çin Müdafiə Nazirliyinin sözçüsü Çan Syaoqan Vaşinqtonun Tayvana radar və hava hücumundan müdafiə sistemləri satmaq barədə son qərarını şərh edərkən deyib.

“ABŞ-ın Çinin Tayvan bölgəsinə silah satışı vahid Çin prinsipini pozur, ölkənin suverenliyi və təhlükəsizlik maraqlarına ciddi zərbə vurur və Tayvanın müstəqilliyi tərəfdarı olan separatçı qüvvələrə çox yanlış siqnallar göndərir”, - sözçü bildirib.

O əlavə edib ki, adaya ABŞ silahlarının tədarükü bütövlükdə Çin-ABŞ münasibətlərinə də mənfi təsir göstərir.

“Biz bunu qətiyyətlə pisləyirik, buna qarşıyıq və Amerika tərəfinə etirazımızı bildirdik”.

Syaoqanın sözlərinə görə, Tayvan məsələsi Çinin əsas maraqlarının mərkəzində dayanır və Pekin-Vaşinqton münasibətlərində qırmızı xətdir.

“Amerika silahlarının tədarükü materik və ada arasında hərbi güc fərqini azaltmayacaq, Çinin yenidən birləşməsinin tarixi tendensiyasını dayandırmayacaq. Ordumuz döyüş hazırlığını daim təkmilləşdirir, hərbi potensialını gücləndirir, ölkənin milli suverenliyi və ərazi bütövlüyünü mətinliklə qoruyacaq”.

ABŞ dünyanın əksər ölkələri kimi, vahid Çin prinsipini tanısa da, Tayvan hökuməti ilə əlaqələr saxlayır və Pekinin adanı yenidən birləşdirmək ehtimalı fonunda adanın müdafiəsini gücləndirmək üçün silahlarla təmin edir.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
55
teleqraf.com

1Mənbələr