AZ

Hindistan Ermənistanı yeni müharibəyə hazırlayır- Rusiya ilə bəzi sazişlər ləğv olunur...

Image

Ermənistanın müdafiə xərcləri 2025-ci ildə 20 faiz artaraq 664 milyard dram və ya 1,71 milyard ABŞ dolları təşkil edəcək. Bunu ölkənin maliyyə naziri Vaqe Ovannisyan deyib: “Gələn il hərbi xərclər ÜDM-in 6 %-ni təşkil edəcək ki, bu da 2024-cü illə müqayisədə 0,7 % çoxdur”.

Hərbi xərclərini artıran Ermənistan sürətli şəkildə silahlanmaqda davam edir. Müəyyən Qərb ölkələri ilə yanaşı, Hindistan da getdikcə Ermənistanın silahlanmasında əsas rollardan birini oynamağa başlayıb. “The Times of India” qəzeti yazır ki, Ermənistan, ABŞ və Fransa 2023-2024-cü maliyyə ilində Hindistanın müdafiə məhsullarının ən böyük alıcısına çevrilib. Son bir ildə satışlar 2,6 milyard dollar təşkil edib. Həmçinin, vurğulanıb ki, Ermənistan son dörd il ərzində Hindistanla raketlər, artilleriya qurğuları, raket sistemləri, radarlar, zirehlər və gecəgörmə cihazları, eləcə də, geniş çeşiddə sursat və artilleriya mərmilərinin idxalı üçün bir neçə müqavilə bağlayıb. Üstəlik, Ermənistan Hindistan istehsalı olan “Akaş” hava hücumundan müdafiə raketlərinin ilk xarici alıcısı olub. Bu müqavilələrin bəziləri Ermənistanla Azərbaycan arasında münaqişə zamanı imzalanıb. Qəzet yazır ki, Hindistanın dövlət və özəl şirkətləri 100-ə yaxın ölkəyə geniş çeşiddə silah, sursat və komponentlər ixrac edir. Bundan əvvəl Hindistandan olan Müdafiə Tədqiqatları və Təhlil İnstitutunun baş direktoru Sujan Çinoy Ermənistan və Hindistan arasında sıx hərbi əməkdaşlıq barədə məlumat verib. Nümunə kimi o, “Pinaka” raket buraxılış qurğularının, “Swathi” radar sistemlərinin alınmasını, həmçinin hərbi texnologiyalar sahəsində startapların inkişafını göstərib. “Avions Legendaires” nəşri isə yazır ki, 2024-cü il oktyabrın sonunda Ermənistan Müdafiə Nazirliyi Hindistanda yerli istehsal olan “Su-30MKI Flanker-H” qırıcılarının, eləcə də xüsusi silahların partiyasını almaq məqsədi ilə Hindistanın təyyarə istehsalçısı “Hindustan Aircraft Limited” ilə danışıqlara başlayıb.  Eyni zamanda, Ermənistan 5 ildir ki, Rusiyaya sifariş etdiyi əlavə səkkiz “Su-30SM Flanker-C” sifarişini ləğv etmək niyyətindədir. “Avions Legendaires” yazır ki, Hindistan ilk dəfə olaraq  “Su-30MKI Flanker-H” qırıcısını ixrac edəcək və ilk müştərisi də məhz Ermənistan olacaq. Ermənistanın qırıcı donanması hazırda 2019-cu ilin yazında alınan dörd “Su-30SM Flanker-C” və on beş köhnə Su-25K-dan ibarətdir. Qeyd edək ki, İrəvan 2019-cu ildə Rusiyadan “Su-30SM Flanker-C” təyyarələri alıb. Həmin qırıcıları qəbul etdikdən bir neçə həftə sonra Ermənistan daha səkkiz belə təyyarə sifariş etmək qərarına gəlib. Müqavilə məbləğinin 70%-ə qədəri qismən ödənilsə də, o vaxtdan bəri heç bir təyyarə gətirilməyib. Səbəb sadədir: “Sukhoi” şirkəti onların heç birini istehsal etməyib və bu günə qədər yeganə Su-30 zavodlu Rusiyanın özünün ehtiyaclarını ödəməklə məşğuldur.Bu fonda  Ermənistan Hindistanın “Hindustan Aircraft Limited” şirkəti ilə 8-dən 12-yə qədər “Su-30MKI Flanker-H”ın tədarükü ilə bağlı danışıqlara başlayıb. “Hindustan Aircraft Limited” Ermənistandakı dörd hazırkı Su-30SM-ni “Su-30MKI Flanker-H” standartına uyğun təkmilləşdirəcək. Bu, orijinal passiv elektron skan edilmiş anten radarını aktiv “Uttam” radarı ilə əvəz etməyi əhatə edəcək. Bundan başqa, İrıvan Hindistandan “Astra 1” uzaqmənzilli hava-hava raketləri, “Rudram 1” anti-radar raketləri və SAAW idarə olunan bombalarını almaq istəyir. Onların hər üçü Hindistanda dizayn və istehsal edilir. Indian Defense Research Wing portalı yazır ki, bütün bunlar Hindistan və Ermənistan arasında müdafiə sektorunda gələcək əməkdaşlıq üçün imkanlar açacaq: “Eyni zamanda bu əməkdaşlıq tamamlanarsa, iki ölkə arasında gələcək müdafiə sazişləri üçün presedent yarada bilər”.

Beləliklə, Cənubi Qafqazda sabitlik, sülhün bərpa olunmasına dəstək göstərmək yerinə, Ermənistanı silahlandıraraq, revanşist meyillərin daha da artmasına dəstək olan Hindistan bölgədə sülhün bərqərarında maraqlı olmadığını açıq-aşkar nümayiş etdirir. Lakin Hindistan unutmamalıdır ki, Cənubi Qafqaz regionu Hindistandan keçən mühüm nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşir. Regionda sabitlik və sülhün olması onun üçün də mühüm əhəmiyyət kəsb etməlidir. Xüsusən də Şimal-Cənub dəhlizi üçün sabitlik çox önəmlidir. Ermənistana gəldikdə, onun yeni yaranan reallıqları həzm edə bilməyib, hər vəchlə sülhün qarşısını almaq cəhdləri hər kəsə məlumdur. Beynəlxalq ictimaiyyəti aldadaraq, özünü “sülhpərəst” göstərib, “barışıq çağırışları” etsə də, reallıqda Azərbaycanın ona uzatdığı sülh əlini geri çevirib, silahlanmağa davam edir. Bu isə onun əsl niyyətinin sülh olmadığını göstərir. Halbuki, Ermənistan heç vaxt Azərbaycan qarşısında duruş gətirmək imkanına malik olmayacaq. Bu arada onu da xatərladaq ki, cari ilin sentyabrında  Pakistan Azərbaycana  JF-17C “Blok III” təyyarələrinin satışına başlayıb.  Pakistan ordusu Azərbaycana tək mühərrikli, çoxməqsədli döyüş təyyarələrinin satışı ilə bağlı müqavilənin imzalandığını bildirib. AESA radarlarına sahib bu müasir döyüş təyyarələrinin təhvil alınması Azərbaycanın indiyə qədər sadəcə 10-dan artıq MiQ-29 və 40-dan az “Su-25 Frogfoot” hücum təyyarəsindən ibarət hərbi hava qüvvələri  üçün bir sıçrayış deməkdir və bu, Ermənistanı və Hindistanı çox qorxudur.   Azərbaycanın digər mənbələrdən silah alışı fonunda bundan sonra da İrəvanın hərbi müstəvidə böyük fərqlə Azərbaycana uduzması qaçılmaz hesab olunur.

Nahid SALAYEV





Seçilən
62
10
baki-xeber.com

8Mənbələr