Tech Karabakh platforması, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində dünyanın ən böyük araşdırma institutlarından biri ilə əməkdaşlıq imkanlarını müzakirə etdiyini elan etdi. Bu əməkdaşlıq, COP29 Blue və Green Zone tədbirlərində, eləcə də COP29 sonrası Green Dialogue təşəbbüsündə birgə iştirakı nəzərdə tutur.
QHT.az xəbər verir ki, Tech Karabakh platformasının rəhbəri Urfan Sərkərovun sözlərinə görə, bu əməkdaşlıq Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizə və dayanıqlı inkişaf sahəsindəki səylərini gücləndirəcək.
Əməkdaşlıq çərçivəsində aşağıdakı istiqamətlər üzrə birgə fəaliyyət nəzərdə tutulur:
* Azərbaycanlı PhD və Magistr tələbələrinin iqlim dəyişikliyi ilə bağlı akademik tədqiqatlarının maliyyələşdirilməsi;
* Ölkədə karbon qazının neytrallaşdırılması sahəsində tədqiqat mühitinin formalaşdırılması;
* İqlim dəyişikliyi ilə bağlı sosial maarifləndirici tədbirlərin təşkili;
* Gələcək COP tədbirlərində birgə iştirak və təcrübə mübadiləsi;
* Cambridge Universiteti ilə Azərbaycan universitetləri arasında əlaqələrin qurulması və akademik mübadilə proqramlarının təşkili.
“Bu əməkdaşlıq, Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq səylərə töhfəsini artıracaq və ölkəmizdə dayanıqlı inkişafın təmin olunmasına xidmət edəcək,” deyə Urfan Sərkərov bildirib.
Tech Karabakh platforması, bu əməkdaşlığın COP29-un uğurla keçirilməsinə və iqlim dəyişikliyi ilə mübarizədə qlobal hədəflərə nail olunmasına töhfə verəcəyinə ümid edir.