ABŞ İranın “Mahan Airways” aviaşirkətinə, eləcə də onun Böyük Britaniya, İordaniya, İraq, BƏƏ, Suriya, Türkiyə və Fransadakı keçmiş tərəfdaşlarına qarşı məhdudlaşdırıcı tədbirlərin müddətini yenidən uzadıb.
Redaktor.az xəbər verir ki, bu barədə ABŞ Ticarət Nazirliyinin Sənaye və Təhlükəsizlik Məsələləri Bürosunun məlumatında deyilir.
Qeyd olunur ki, söhbət ABŞ-nin aviasiya məhsulları, proqram təminatı və texnologiyalarının ümumilikdə 12 təşkilata satışının qadağan edilməsindən gedir.
Vaşinqtonun versiyasına görə, İran aviaşirkəti 2022-ci ilin əvvəlindən Rusiya ilə bağlı ixraca nəzarət tədbirlərini davamlı olaraq pozub və Moskvaya uçuşlarda ABŞ administrasiyasının müvafiq lisenziyası olmadan “Boeing” təyyarələrindən istifadə edib.
Vaşinqton həmçinin hesab edir ki, İran aviaşirkəti Rusiya-Ukrayna münaqişəsi səbəbindən ABŞ-nin məhdudlaşdırıcı tədbirlər tətbiq etdiyi Belarusa birbaşa uçuşlar həyata keçirmək niyyətindədir.