AZ

“Kubok əlavə güc sərf etməkdi” – Kənan Kərimov 0:3-ü belə izah etdi

1-ci liqanın yeni mövsümündə ilk altı oyunun hamısında qələbə qazanan “Karvan” ölkə kubokunda biabırçı məğlubiyyətlə üzləşdi.

2-ci təsnifat mərhələsi çərçivəsində “Qaradağ Lökbatan”ın qonağı olan yevlaxlılar böyük hesabla uduzaraq mübarizəni dayandırdı – 0:3.
Təbii ki, favorit “Karvan” olduğundan çoxları qonaqların 1/8 finala adlayacağına şübhə etmirdi. Lakin “qara zolaq”da olan lökbatanlılar mövsümdə ilk qələbəsini qazana bildi.

Məğlubiyyətin səbəbini yevlaxlıların baş məşqçisi Kənan Kərimovdan soruşduq. Onun “Football-plus.az”a cavabı:

“Bəli, bir oyundan ibarət olan sınaqda məğlub olduq və kubokla vidalaşdıq. Sözün açığı, indiki vəziyyətə görə iki turnirdə mübarizə aparmaq bizim üçün çox çətin idi. Zədəli futbolçularımız var. 1-ci liqada şans qazanmayan oyunçulara üstünlük verdik. Rotasiya etməyə məcbur idik. Bir çox üzvümüzün oynamasına şərait yaratdıq. Bombardir Bəhruz Teymurovun cəzalı olması da nəticəyə böyük təsir göstərdi. Başqa aparıcı futbolçuları da meydana buraxmadıq. Bütün diqqətimizi çempionata yönəltmişik. Turnir cədvəlində birinci pillədə qərarlaşmışıq. Fikrimcə, kubok əlavə güc sərf etməkdi. Geniş heyətimiz yoxdu ki, iki turnirdə mübarizə aparaq. İndi “Cəbrayıl”la oyunda qələbə qazanıb liderliyimizi davam etdirmək istəyirik”.


KƏNAN BAHADIR
Seçilən
81
football-plus.az

1Mənbələr