Akif Nəsirli: “Dövlət Sosial Müdafiə Fondu pensiyaların ödənilməsi ilə bağlı yeni sistemə keçməlidir”
Son aylar pensiyaların ödənililməsində vaxt dəyişikliyi baş verib. Əvvəlki aylarda bir qayda olaraq Bakı, Sumqayıt və Abşeronda ayın 10-na qədər, regionlarda isə ayın 15-i, uzağı 15-20-si arasında pensiya ödənişi həyata keçirilirdi. Hazırda bölgələr üzrə pensiya ödənişinin vaxtı təxminən bir həftə uzadılıb.
Bu isə təqaüdçülərin bir sıra problemlərlə üzləşməsinə səbəb olub. Məsələn, pensiyaçıların bir çoxu banklardan kredit götürüb və onlar pensiyalarını alıb kreditlərini ödəyirdilər. Yəni kredit götürüblər və onun da ödənişini pensiya aldıqları günə bağlayıblar.
Məsələn, gedib krediti ayın 10-na götürüb ki, ayın 10-da pensiyasını alır və ordan da dərhal kredit borcunu ödəyir. Amma indi pensiyaların ödəniş tarixi dəyişdiyi üçün vətəndaş vaxtında kredit borcunu ödəyə bilmir. Belə vətəndaşlar şikayət edirlər ki, pensiyanın ödənilmə vaxtı dəyişdiyindən kredit gecikir və banklar da onlara əlavə faiz hesablayır. Əlbəttə, pensiyaçıların üzləşdikləri bu məsələnin aradan qaldırılması üçün ya banklarla bağlı bir iş görülməlidir, ya da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi burada yeni bir mexanizm, yenilik tətbiq etməlidir ki, pensiyaçılar bu ziyanı çəkməsinlər, banklar onların üzündən baş verməyən gecikmələrə görə onları cərmələməsin...
Bu vəziyyətdə ekspertlər nə kimi çıxış yolu təklif edirlər?
“...Ödənişin vaxtının dəyişməsi ilə bağlı bankları...”
Liberal İqtisadçılar Mərkəzinin rəhbəri, iqtisadçı ekspert Akif Nəsirli “Bakı-Xəbər”ə bildirdi ki, müştərilər bankdan kredit götürəndə bankla aralarında bağlanan müqavilədə “biz krediti pensiya alandan sonra ödəyəcəyik” qeydi olmur. “Bu onların özlərində götürdükləri hesabdır. Artıq bu gecikmə ilə həmin o bank müştərilərinin götürdükləri hesab uyğun gəlmir. Yəni pensiya bir həftə gecikir, həmin bir həftəyə də 10-15 manat cərimə, əlavə faiz hesablanır. Birincisi, Dövlət Sosial Müdafiə Fondundan başlayaq. Fonddan soruşmaq gərəkdir ki, nəyə görə pensiya ödənişlərinin vaxtı dəyişdirilib? Bəlkə elə Dövlət Sosial Müdafiə Fondu banklarla əlbir olub pensiya ödənişinin vaxtını dəyişir ki, hər bir bank müştərisindən, kredit götürən şəxsdən bank əlavə 10-15 manat vəsait əldə etsin? 1 milyon müştərisi olan bankda hərədən 10 manat pul saxlasalar, əlavə pul hesablasalar, pul alsalar, bu, 10 milyon manat vəsait deməkdir. Yəni bu cür sövdələşmənin olduğunu mən sadəcə olaraq ehtimal edirəm.
Bundan çıxış yolu nədən ibarət ola bilər?
Bu gün hər şey elektron qaydada həllini tapır, hər bir pensiyaçının bəlli bir gündə pensiyaya çıxdığı aydındır. Məsələn, pensiya yaşı ayın 1-də tamam olur. Ayın 1-də pensiyaya çıxan şəxsin pensiyası, yaxşı olar ki, elə ayın 5-də ödənilsin. Yəni “pensiyalar filan vaxt vurulacaq” məfhumu artıq aradan qalxmalıdır. Dünyanın heç bir ölkəsində belə bir şey yoxdur. Bu bəzi MDB ölkələrində qalıb. Artıq pensiyaların ödənilməsi fərdiləşib. Hər bir pensiyaçıya pensiyaya çıxdığı gün pensiyası kartına vurulur, o da istədiyi vaxt gedib pulu çıxarır”.
A.Nəsirli təklif edir ki, Dövlət Sosial Müdafiə Fondu da bu sistemə keçin. “Yəni fond pensiyaların kütləvi şəkildə köçürülməsinə yox, fərdi qaydada köçürülməsinə getsin. Belə olarsa, Dövlət Sosial Müdafiə Fonduna bir gün ərzində milyonlarla vəsait lazım olmur. Hər ayın hər gününə uzaqbaşı 1 milyon, 1 milyon 500 min, 1 milyon 300 min vəsait düşür. Onu da DSMF hər gün yavaş-yavaş ödəyə bilər. Amma kütləvi ödəniş olanda bir gündə, tutaq ki, fond 200-300 milyon vəsait ödəməli olur. Bu vəsaiti də toplamaq, hamını razı salmaq, eyni gündə hamıya pensiya vermək çətindir. Amma fərdi qaydada hər kəsin özünün pensiyaya çıxdığı gün pensiyasının köçürülməsi asandır.
Hesab edirəm ki, Dövlət Sosial Müdafiə Fondu pensiyaların ödənilməsi ilə bağlı yeni sistemə keçməlidir. Düzdür, bu sistemin də texniki çətinlikləri var. Pensiyalar kütləvi deyil, fərdi qaydada ödənilməlidir”.
Ekspertin fikrincə, pensiyaçıların üzləşdikləri bu problemin aradan qalxması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də, banklar da addım atmalıdır: “Nazirlik, yaxud fond pensiyaların ödəniş vaxtının dəyişməsi ilə bağlı bankları məlumatlandırmalı, banklar da bu məlumatı nəzərə almalı və pensiyaçı müştərilərə gecikdirməyə görə faiz hesablamamalıdır. Əslində banklar pensiyaçılara güzəştə getməlidirlər”.
İradə SARIYEVA