Rusiya baş nazirinin müavini Dmitri Patruşev ərzaq bazarında qiymətlərin vəziyyəti ilə bağlı keçirilən müşavirənin yekunlarına görə qiymət artımını dayandırmaq üçün müvafiq idarələrə iki həftə vaxt verib.
Publika.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin saytında yerləşdirilən məlumatda deyilir.
Görüş zamanı tərəflər əməliyyat tədbirləri və uzunmüddətli alətlər üzrə konkret təklifləri müzakirə ediblər. Baş nazirin müavini ərzaq bazarında gündəlik monitorinqin aparılması və “ərzaq bazarında sabit vəziyyətin saxlanılması üçün” kompleks tədbirlərin görülməsi ilə bağlı tapşırıq verib.
Patruşevin sözlərinə görə, ərzaq inflyasiyasını azaltmaq üçün tədbirlər daha əvvəl müzakirə olunub. Xüsusən də neqativ tendensiyaların gücləndiyi sentyabr ayında lazımi addımların həyata keçirilməsi ilə bağlı razılaşmalar əldə olunub. Eyni zamanda o, Rusiya aqrar-sənaye kompleksinin vətəndaşları bütün zəruri ərzaq məhsulları ilə təmin edə biləcəyini, heyvandarlıq, yeyinti və emal sənayesinin göstəricilərinin sabit olduğunu vurğulayıb.