AZ

Dünyanın yaşıl enerji ilə təminatında COP29-un müstəsna əhəmiyyəti olacaq

Elnarə Akimova: "Yetər ki, dövlətlər qarşılıqlı faydalılığa açıq olsunlar və dünyanın sabahı barədə sağlam düşünsünlər" 

Azərbaycanın dünyada artan nüfuzu onun büynəlxalq qlobal problemlərin həllində rolunun artmasını labüd edir. Buna baxmayaraq, dünyada və regionda baş verən hadisələr ölkəmizə təsirsiz ötüşmür. Hazırda Azərbaycanın dünya siyasətində yeri və oynadığı missiya barədə suallarımızı millət vəkili, Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimova cavablandırıb. 

-Elnarə xanım, Sizcə Qərb və ABŞ-nin  Azərbaycana qarşı təzyiqlərinin kökündə hansı amillər durur?
-Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu, söz sahibi olması, etimad göstərilən dövlətə çevrilməsi reallığı. Bütün zamanlarda özünü supergüc, hegemon statusunda hiss edən və etdirməyə çalışan Qərbə, ABŞ dövlətinə bu sərf eləmir. Onlar hələ də bizim 44 günlük Vətən müharibəsində qazandığımız zəfərlə və 2023-cü ilin sentyabrında keçirilmiş anti-terror tədbirləri nəticəsində Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini təmin etməsi faktı ilə barışa bilmirlər. Ona görə ard-arda müxtəlif qətnamələrlə təzyiq göstərməyə çalışırlar. 
-COP29 ərəfəsində ölkəmizlə bağlı qəbul edilən qərar və qətnamələr hansı reallığa əsaslanır? 
- Onların ikili standartlara əsaslanma prinsiplərinin göstəricisidir. Fikir verin, onlar həm Bakı ilə əməkdaşlıqdan bəhs edirlər, həm də ölkəmiz əleyhinə qara piar aparırlar, məğlub və işğalçı ölkənin militarizasiyasına dəstək verirlər, Ermənistanda hərbi baza yaradırlar, verdiyi qətnamələrdə ermənilərin təəssübünü çəkirlər. Elə baxaq, Avropa Parlamentinin oktyabrın 24-də qəbul etdiyi "Azərbaycanda vəziyyət, insan hüquqlarının və beynəlxalq hüququn pozulması və Ermənistanla münasibətlər" adlı qətnamənin mahiyyətinə. Həmin qətnamədə insan haqlarının davasını aparırlar, ölkəmizin guya Ermənistana qarşı təcavüzkar siyasət apardığından bəhs edirlər. Özünüz də bilirsiniz ki, bu kimi mövqelər ölkəmizə qarşı qərəzin nəticəsidir. Azərbaycanın haqlı qələbəsinə təhdid əlamətidir, ermənipərəst düşüncənin məhsuludur. Onlar erməni terrorçularını günahsız qismində təqdim edirlər. Amma nə üçünsə, ermənilərin Qarabağda, Gəncədə törətdiyi cinayətlərə səssiz qalıblar. Bu miqyasda insan ölümlərini görməzdən gələnləri guya  həbsdə olanların müqəddəratı narahat edir. Əvvəlcə ermənilərin bizə qarşı törətdiyi maddi-mənəvi qətliamlara hüquqi qiymət verməyi bacarsınlar, insan haqlarını sonra müzakirə edərlər.
Bununla bağlı Milli Məclis öz mövqeyini qəti şəkildə meydana qoydu. Qəbul edilən qətnaməni Azərbaycanofob, türkofob və islamofob qüvvələrin həqiqi mahiyyətinin başa düşülməsi, onların öz çirkin niyyətlərinin reallaşması naminə hamılıqla qəbul edilən dəyərlərin və prinsiplərin, haqq-ədalət anlayışının üzərindən asanlıqla xətt çəkmək, onları öz maraqlarına uyğun şərh etmək səriştəsinin bariz nümunəsi kimi dəyərləndirdi. Ümumiyyətlə, bu cür qətnamə və qərarlar  Avropa Parlamentinin anti-Azərbaycan xislətini aydın şəkildə sərgiləməyə yol açır. Azacıq düşünmə qabiliyyəti olan anlayar ki, bu cür yanaşmalar həqiqətin deyil, yalanın, qərəz və rəyakarlığın məhsuludur.  
-Gürcüstanda keçirilən parlament seçkilərinin Azərbaycana hansı təsiri ola bilər?
-Gürcüstan qonşu dövlətdir. Yarım milyondan çox azərbaycanlı yaşayır orda. Həm oradakı azərbaycanlıların dinc və rahat yaşayışı, həm dövlətimizin maraqları baxımından kimin hakimiyyətdə olmasının bizim üçün xüsusi əhəmiyyəti var. Bu gün Qərb dövlətlərinin postsovet məkanında destruktiv, dağıdıcı fəaliyyəti göz önündədir. Gürcü xalqına ilk növbədə, bu meyllərə uymayaraq müstəqil xarici siyasət yürüdən, göstərilən müəyyən təzyiqlərə baxmayaraq, şimal qonşusu ilə normal münasibətlər qurmağa çalışan "Gürcü Arzusu" iqtidarının qalibiyyəti daha uğurlu seçimdir. Bunu dünən, Gürcüstanın baş naziri İrakli Kobaxidziyə ünvanladığı məktubda cənab Prezident İlham Əliyev də geniş vurğulayıb.
Azərbaycan Gürcastanla strateji müttəfiqlik edir, tərəflər həm energetika, həm siyasi, həm də iqtisadi platformalarda sıx əməkdaşlıq edirlər. Azərbaycan neft və qazının əsas hissəsi Gürcüstan ərazisindən keçən Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Bakı-Tbilisi Ərzurum kəmərləri ilə xaricə ixrac olunur. Bundan başqa, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, TANAP layihəsi və digər beynəlxalq layihələr, Azərbaycanın dövlət şirkəti SOCAR daxil olmaqla, Gürcüstan iqtisadiyyatına edilən milyardlarla dollar yatırım ikitərəfli münasibətlərin strateji xarakter almasında rol oynayıb. Buna bir də insan amili kontekstindən, Gürcüstanda sayı yarım milyonu aşan azərbaycanlı faktorundan da yanaşamaq lazımdır. Gürcüstan hakimiyyətinin onlara həssas münasibət sərgiləməsi iki qonşu dövlətin arasında olan dostluğu qüvvətləndirən amillər sırasındadır. Gürcüstanda baş verəcək istənilən daxili gərginlik, iğtişaş halları və ictimai-siyasi anarxiyanın zərbəsi həm orda yaşayan azərbaycanlılara dəyir, həm də bu qarışıqlıq region üçün yeni risk təhlükəsi yaratmış olur. Bu mənada, Gürcüstan dövlətinin sabitliyi Azərbaycan üçün öz sabitliyi qədər əhəmiyyətli məsələdir.  

-Paşinyanın "yarımçıq sülh" təklifini necə dəyərləndirirsiniz?
-Birmənalı şəkildə mümkünsüz sayıram. Əvvəla Azərbaycan sülh sazişini Paşinyanla yox, Ermənistan dövləti ilə bağlayır. Qarabağ münaqişəsinin kökündə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları dayanıb. Kim təminat verir ki, bu iddialar yenidən irəli sürülməyəcək? Davamlı sülhə nail olmaq üçün məsələni birdəfəlik həll etmək lazımdır. Bunun üçün isə Ermənistan öz konstitusiyasında dəyişiklik etməlidir. Əks təqdirdə, Ermənistan konstitusiyası indiki formada qalarsa, sülh sazişi yarımçıq və qısamüddətli olacaq. Növbəti illərdə Azərbaycanla sülhə qarşı çıxan hər hansı yeni Ermənistan rəhbərliyi sazişin hüquqi cəhətdən daha üstün olan konstitusiyaya uyğun olmadığını əsas gətirərək onu denonsasiya edəcək. Buna görə, yeni münaqişələrə zəmin verməmək üçün heç bir hüquqi boşluğa yer verilməməlidir. 
Yarımçıq sülh təklifi onlara sərf edən məsələdir. Ona görə bu yöndə çox manevrlər etdilər. Amma faydasız olduğunu məncə dərk ediblər artıq. Yarımçıq sülhə razı olsaydıq, çoxdan bu təklifi dəyərləndirərdik. Bizim isə elə bir fikrimiz yoxdur. Bu davada haqlı tərəf bizik. Rəsmi Bakı bəyan edib ki, sülh sazişinin imzalanması üçün Ermənistanın konstitusiyasında və digər hüquqi aktlarda Azərbaycana qarşı ərazi iddiaları çıxarılmalıdır. Oktyabrın 24-də Rusiya Federasiyasının Kazan şəhərində keçirilən XVI BRICS Sammiti əsnasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında olan görüşdə ikitərəfli sülh gündəliyinin irəli aparılmasının, o cümlədən sülh sazişinin, sərhədlərin delimitasiyası və demarkasiyasını, qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirə edilməsini sülh müqaviləsinə doğru mühüm addım kimi dəyərləndirmək lazımdır.
İndiyə kimi Azərbaycan və Ermənistan arasında davam edən sülh danışıqlarını pozmaq üçün kənardan çox təzyiqlər oldu. Hətta bunun qarşısını ölkəmiz əleyhində müxtəlif əsassız qətnamələr qəbul edə və çirkin ittihamlar səsləndirərək almağa çalışdılar. Məqsəd sülh prosesinin astanasında olan Azərbaycanı yolundan döndərmək idi. Lakin Azərbaycan bu müddətdə öz mövqeyindən geri dönmədi. Çünki biz haqq savaşı aparırıq və proseslərdə söz sahibi tərəfik. Azərbaycan öz maraqlarını qoruyur, Ermənistan dövləti isə istər-istəməz sülh müqaviləsini imzalamağa məcbur qalacaq.
Artıq hər iki ölkənin xarici işlər nazirlərinə Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş üzərində işlərin mümkün tez zamanda yekunlaşdırılması və imzalanması üçün ikitərəfli danışıqları davam etdirmək barədə təlimat verilib. Azərbaycan və Ermənistan arasında heç bir vasitəçiyə ehtiyac olmadığı fikri bir daha özünü doğrultdu. Tərəflər arasında aparılan ikitərəfli danışıqların daha uğurlu və məhsuldar olduğu bunun bariz nümunəsidir. Bir neçə gün əvvəl Kazan şəhərində keçirilən XVI BRICS Sammiti çərçivəsində də ikitərəfli dialoq yolu ilə çox ciddi addımların atılmasının şahidi olduq.
Ümid edirik ki, cənab Prezident İlham Əliyev ilə Nikol Paşinyan arasında Kazanda aparılan müzakirələrdən sonra sülh müqaviləsi ilə bağlı proseslər müsbət məcraya doğru yönələcək. Sülh müqaviləsi Azərbaycan dövlətinin xeyrinə və bizim tələb etdiyimiz kimi həll olunacaq. Əks təqdirdə, fərqli addımlar atmaqla, qarşı tərəf onsuz da sülh müqaviləsinin imzalanmasının qarşısını ala bilməyəcək, sadəcə boş yerə vaxt uzadacaqlar. 
-COP-29 Azərbaycana nə verəcək?
-COP 29 yalnız Azərbaycana deyil, bütün dünyaya çox şey verəcək. Yetər ki, qarşılıqlı faydalılığa açıq olsunlar və dünyanın sabahı barədə sağlam düşünsünlər. COP29 dünyanın ekoloji baxımdan, iqlim təhlükəsizliyi fonunda təhlükəsizliyini düşünən platformadır. Dünyanın yaşıl enerji ilə təminatında  bu tədbirin keçirilməsinin müstəsna əhəmiyyəti olacaq. Baxın, Azərbaycan neft və qaz hasilatından əldə etdiyi gəlirləri yaşıl enerjiyə yatırır, qlobal istixana qazı emissiyalarında payının cəmi 0,1 faiz təşkil etdiyi Azərbaycan nümunəvi ölkə kimi daha kiçik emissiya payına sahib dövlətlərin iqlim dəyişmələri ilə mübarizəyə əhəmiyyətli töhfələr verə biləcəyini nümayiş etdirir, dövlət başçılarını bəşəriyyət naminə konstruktiv şəkildə və xoş məramla əməkdaşlıq etməyə çağırır. Mahiyyətini anlamaq belə insana gözəl hisslər yaşadır. Bizim dövlət qan, göz yaşı, ölümlər naminə deyil, yaşıl dünya naminə həmrəyliyə çağırır dünya liderlərini. Kim bu çağırışdan kənarda qalırsa elə kimliyini və hansı qütbə xidmət göstərdiyini meydana qoyur. Bu mötəbər tədbir Azərbaycanın uğur hekayətidir və humanist obrazının dünyanın gözü önündə yenidən sərgilənməsi baxımından müstəsna hadisədir.  
-Milli Məclisdə Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu yaradılıb. Sizcə bu, soydaşlarımızın Qərbi Azərbaycandakı doğma yurd-yuvalarına qayıtmaları üçün hansı prespektivlər açır?
-Qərbi Azərbaycana Qayıdış bizim siyasi və strateji hədəfimizdir. Ermənilərin Qərbi Azərbaycan torpaqlarına neçə sahiblənməyə çalışmaları, dağıdıcılıq faktoru, insanların öz ərazilərindən sürgün olunması kimi acı reallıqla üz-üzə qalması yaxın tariximizin fəci proseslərindən biridir.  Artıq Zəngəzura qayıdışla bağlı xalqın içindəki ümid işartıları görünməkdə, inamlı gələcəyə yön almasına rəvac verilməkdədir. Bu inamı qazandıran 44 günlük Zəfər savaşı, bir günlük antiterror əməliyyatı zamanı nail olduğumuz üstünlüklər oldu. 
Hələ 2022-ci il, dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Qərbi Azərbaycan İcması ilə görüşdəki çıxışında vurğunu məhz bu amillərin üzərinə salaraq bildirmişdir ki, "Bu gün azad edilmiş torpaqlarda yaşayırıq, qururuq, yaradırıq, dağıntıları aradan qaldırırıq və dünyaya göstərməyə çalışırıq ki, gəlin, baxın, gözlərinizi açın, bu vəhşilikləri törədən sizin sevimli erməni xalqıdır. Bu cinayətləri hansısa yad planetdən gələnlər yox, sizin sevimli və himayəniz altında olan erməni xalqı törədib, məscidləri dağıdıb, tarixi abidələri dağıdıb, qəbirləri dağıdıb, olmazın vəhşiliklər edib. Eynisini onlar Qərbi Azərbaycanda da ediblər. Sadəcə olaraq, dünya ictimaiyyəti bunu görmür, ya da ki, görmək istəmir. Necə ki, Qarabağda erməni vəhşilikləri faktiki olaraq heç kim tərəfindən təsdiqlənmirdi. Halbuki iki dəfə ATƏT-in faktaraşdırıcı missiyası o vaxt işğal altında olan torpaqlara göndərilmişdi. Ancaq onların məruzəsinə baxdıqda, yenə də ikili standartlar görürük. Bir tərəfdən, o vəhşilikləri, dağıntıları, qanunsuz məskunlaşmanı etiraf etməyə məcbur oldular, digər tərəfdən yenə də balanslı yanaşaraq işğalçı ilə işğala məruz qalanı necə deyərlər, bir müstəviyə qoydular. Ona görə Qərbi Azərbaycanda ermənilər tərəfindən törədilmiş dağıntılar mütləq dünya ictimaiyyətinə çatdırılmalıdır. Əminəm ki, Qərbi Azərbaycan İcması Azərbaycan dövlətinin dəstəyi ilə bunu edəcək".
Milli Məclisdə Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun yaradılması bu mənada, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qərbi Azərbyacana qayıdışla bağlı gördüyü konseptual işləri ideoloji təməl olaraq prioritetə çevirmək məqsədi daşıyır. Artıq iki ildir ki, Qərbi Azərbaycan İcması fəaliyyət göstərir. İcmanın fəaliyyətinin dinamikliyi göz önündədir. Beynəlxalq aləmdə proseslərə operativ reaksiyası ilə seçilir, BMT çərçivəsində çoxlu sənədləri yayılıb. Təşəbbüs qrupunun yaradılması məsələni parlament müstəvisinə gətirmək deməkdir. Daha sərt və kəsərli mövqedən söz demək, Qərbi azərbaycanlıların arzu və istəklərini daha yüksək tribunadan səsləndirmək niyyətinin ifadəsidir. Bu artıq Qərbi Azərbaycana qayıdışla bağlı yeni institutlaşma formalaşdırmaq, Qərbi Azərbaycana qayıdışla bağlı xalqın arzu və istəklərini ictimai platformadan qanunvericilik platformasına daşımaq məqsədi daşıyır. Qərbi Azərbaycana qayıdışın təmin olunması  ilə bağlı daha sistemli fəaliyyət göstərmək və azərbaycanlıların haqq səsini dünya ictimaiyyətinə qərbi çatdırmaq,  onların pozulmuş hüquqlarını  bərpa etmək, doğma yurd yerlərinə qayıdışlarını təmin etmək üçün Ermənistan hökuməti və parlament üzvləri ilə görüşlər aparmaq burada əsas prioritetdir.
Alim Hüseynli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
67
olaylar.az

1Mənbələr